PDF Oxu

Əsas

  • 39

Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Qusar və Qubada partiya fəalları ilə görüşüb

Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Qusar və Qubada partiya fəalları ilə görüşüb

Əli Əhmədov:"Qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasını böyük uğur və qələbə gözləyir"

Aprelin 13-də Qusar və Qubada Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilib. Qusarda fəallarla keçirilən görüşdə Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, İcra katibinin müavini Siyavuş Novruzov və millət vəkili Azər Badamov iştirak ediblər.

Görüşdə çıxış edən Əli Əhmədov YAP-ın son 20 ildə Azərbaycanın hərtərəfli inkişafında aparıcı qüvvə olduğunu diqqətə çatdıraraq, dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə partiyanın və onun hər bir üzvünün özünəməxsus töhfələri olduğunu bildirib. Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan YAP-ın Sədr müavini qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir: "Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq daim fəaliyyət göstərib və bu fəaliyyəti nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb. Ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunlar Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi xalqımızın, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir".

Əli Əhmədov bu il keçiriləcək prezident seçkilərində YAP üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü, onların hər birinin yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirib: "Biz Yeni Azərbaycan Partiyası olaraq birmənalı şəkildə hesab edirik ki, qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasını böyük uğur və qələbə gözləyir. Bunun da ən əsas səbəbi qarşıdan gələn prezident seçkilərində partiyanın Sədri və Azərbaycanın Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədardır. Bizim bütün müşahidələrimiz, təhlillərimiz, Azərbaycan cəmiyyətinin mövcud əhval-ruhiyyəsinin dəyərləndirilməsi ondan xəbər verir ki, Azərbaycan xalqının böyük əksəriyyəti qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyir".

Əli Əhmədov çıxışında YAP Qusar rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək, təşkilatın partiyanın strukturunda səmərəli fəaliyyət göstərərək ümumi işə öz töhfələrini verdiyini diqqətə çatdırıb.

Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov ölkəmizin ən ağır vaxtlarında dövlətçiliyimizi xilas etmək və müstəqilliyimizi qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyasının ötən 20 ildə uğurlu fəaliyyətini qeyd edərək, partiyanın xalqın etimadını doğrultduğunu vurğulayıb. O bildirib ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi-sosial siyasət nəticəsində Azərbaycanın hər bir regionunda olduğu kimi, Qusar rayonunun həyatında da əsaslı dəyişikliklər, köklü inkişaf müşahidə olunmaqdadır. Buna görə də, o, qusarlılara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlığını ifadə edib.

YAP-ın Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov çıxışında rayon üzrə təşkilatın üzvlərinin sayının 5000 nəfərə çatdığını bildirib: "Onlardan 2000-dən çoxunu gənclər təşkil edir. Ərazi ilk təşkilatının sayı isə 96-ya qədər artıb. YAP Mərkəzi Aparatı tərəfindən bir sıra əhəmiyyətli tədbirlər keçirilib. YAP Qusar rayon təşkilatı fəaliyyətini gücləndirmək məqsədilə təşkilatın maliyyə durumunu yaxşılaşdırmağı qarşısına əsas vəzifələrdən biri kimi qoyub. Ulu Öndərin doğum günü ərəfəsində müxtəlif tədbirlərin təşkilat tərəfindən hazırlanıb həyata keçirilməsi artıq ənənə halını alıb".

Natiq vurğulayıb ki, Azərbaycan dövlətinin ən ağır və mürəkkəb zamanında dövlətçiliyimizi xilas etmək və dövlət müstəqilliyini qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 20 ildən artıq dövr ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və dövlətimizin ictimai-siyasi həyatında ən mühüm faktorlardan birinə çevrilib. D.İbrahimxəlilov çıxışının sonunda partiyanın rayon fəallarının prezident seçkilərində yekdilliklə dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyəcəklərini vurğulayıb. Günün ikinci yarısında Yeni Azərbaycan Paritiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov və Milli Məclisin deputatları partiyanın Quba rayon təşkilatının fəalları ilə görüşüblər.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdən əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini böyük ehtiramla anıblar. Keçirilən görüşdə də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlardan söz açılıb. Görüşdə çıxış edən Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini daha da möhkəmləndirib. Bu dövrdə həyatımızın bütün sahələrində dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb. Əli Əhmədov respublikada gedən inkişafın özünü regionlarda, o cümlədən, Qubada da göstərdiyini bildirib. Rayonda bütün sahələrdə uğurlar əldə edildiyini qeyd edən İcra katibi bunun regionların sosial-iqtisadi inkişafına dövlətimizin xüsusi diqqət ayırması sayəsində mümkün olduğu vurğulayıb.

İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əhəmiyyətli dərəcədə dəyişdiyini, böyük iqtisadi sıçrayışların əldə edildiyini bildirən Əli Əhmədov Azərbaycanın qüdrətli bir dövlətə çevrilərək dünya birliyində mövqelərinin möhkəmləndirdiyini vurğulayıb. O, ölkə həyatında sabitliyin, əmin-amanlığın, dincliyin, rahatlığın, insanların təhlükəsizliyinin təmin edildiyini və bütün bu nailiyyətlərin Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Bu dəyişikliklər gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurların və nailiyyətlərin qazanılacağına ümidləri daha da gücləndirir. Reallıqlar Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsinə əsas verir.

Əli Əhmədov qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının bütövlükdə seçki taktikasının ciddi, əsaslı inam üzərində qurulduğunu bildirib: "Partiyanın üzvləri əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilərdə də xüsusi fəallıq nümayiş etdirməlidirlər. Gənclərlə iş daim diqqət mərkəzində olmalı, qadınların ictimai-siyasi işlərə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməlidir".

Görüşdə o da diqqətə çatdırılıb ki, qubalılar dövlətimizin başçısının siyasətini bəyənirlər və bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər