PDF Oxu

Əsas

  • 33

Regionların inkişafı dövlətin diqqət mərkəzindədir

Regionların inkişafı dövlətin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Hacıqabul rayonunda səfərdə olmuşdur. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Sonra Azərbaycan Prezidenti parkın ərazisində yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu. Məlumat verildi ki, Mərkəz 2008-ci ilin mayından fəaliyyət göstərir.

Ötən ilin fevralından burada aparılan yenidənqurma işlərindən sonra bina genişləndirilmiş, ümumi sahəsi 260 kvadratmetrdən 1172 kvadratmetrə çatdırılmışdır. Mərkəzdə əlavə olaraq ekspozisiya zalı, foto, xalq yaradıcılığı və rəsm studiyaları, elektron kitabxana, xarici dil mərkəzi, konfrans və kino zalları yaradılmışdır. Bu, rayon gənclərinin ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, eləcə də bilik və bacarıqlarının artırılması, xarici dillərə yiyələnməsi, elektron kitabxanalardan geniş istifadə etməsi üçün geniş imkan açır.

Mərkəzdə ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində və ölkəmizin müstəqilliyi dövründə Hacıqabula səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən maraqlı fotolar toplanmışdır. Xalq yaradıcılıq studiyasında gənclər qədim və müasir xalçaçılıq, toxuculuq, naxışvurma sənətinin sirlərinə yiyələnəcəklər. Mərkəzdə fəaliyyət göstərəcək rəsm studiyası rayon gənclərinin rəssamlıq sənəti ilə məşğul olmalarına imkan yaratmaqla yanaşı, həm də onların istedadlarını nümayiş etdirmələri üçün geniş imkanlar açır. Heydər Əliyev Mərkəzinin xarici dil bölməsində gənclər ingilis, fransız, rus, alman dillərini öyrənə biləcəklər. Bunun üçün onlar bölmədə quraşdırılan müasir texniki vasitələrdən istifadə edəcəklər. Burada yaradılan avtomatlaşdırılmış kitabxanada informasiya sistemindən istifadə edilir. Kitabxanada xüsusi sistemin köməyi ilə elektron kataloq yaradılmışdır. Bu sistemdə hazırda on baza fəaliyyət göstərir. Burada, həmçinin "Ümummilli lider", " Yeni kitablar", "Retro kitablar", "Dövri mətbuat", "Diyarşünaslıq", "Elektron resurslar CD - DVD" adlı biblioqrafik məlumat bazaları yaradılmış, Azərbaycan Respublikasının qanunlarının, Prezidentin Fərman və sərəncamlarının tam mətnləri elektron kitabxananın tərkib hissəsi olan bazada yerləşdirilmişdir. Oxucular istər lokal, istərsə qlobal şəbəkədə qanunların, fərmanların və sərəncamların tam mətnini əldə edə bilərlər. Kitabxananın bütün elektron resursları sistemin veb modulu vasitəsilə dünya informasiya məkanına çıxarılır. Kitabların elektron kataloqu və dövri mətbuatın elektron kartotekaları hazırlanır və oxucuların istifadəsinə verilir. Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev parkını gəzdi. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Prezident İlham Əliyevə məlumat verdi ki, parkda 2011-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanmışdır. Ümumi sahəsi 1,5 hektar olan parkda rayon sakinlərinin istirahətinin təmin edilməsi üçün geniş imkanlar yaradılmışdır. Burada uşaq əyləncə və istirahət mərkəzi, 320 yerlik yay teatrı və kafe inşa edilmişdir. Parkda müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Hacıqabul şəhərinin su təchizatının planını və Şirvan-Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxdı. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, Hacıqabul şəhərinin günlük orta su sərfi 248 min litrdir. Ümumi su anbarının ehtiyatı 10 min kubmetrdir. Şirvan-Muğan su kəmərinin uzunluğu 170 kilometrdir. Bu kəmərdən istifadə edən əhalinin sayı isə 470 min nəfərdir. Layihəyə əsasən, kəmər 121 kəndi, o cümlədən Sabirabadın 13 kəndini əhatə edəcəkdir. Sabirabad-Saatlı qrup su kəmərinin uzunluğu isə 40 kilometrdir. Layihəyə əsasən 37 kəndin 160 mindən çox sakini təmiz içməli sudan istifadə edəcəkdir. Məlumat verildi ki, "Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" əhali artımının 2035-ci ilə qədər inkişaf perspektivi nəzərə alınmaqla 30,4 min nəfər üçün hesablanmışdır və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

Hacıqabul şəhərinin sakinləri içməli su ilə - təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup kəməri vasitəsilə təmin olunacaqdır. Hacıqabul şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə yaradılmışdır. Hazırda şəbəkə istismara yararsızdır. Şəhərin su şəbəkəsinin uzunluğu 25,5 kilometr təşkil etmiş, kanalizasiya şəbəkəsi isə ümumiyyətlə olmamışdır. Rəsmi statistikaya əsasən hazırda Hacıqabul şəhərinin əhalisinin sayı 24,8 min nəfərdir və onların 50 faizə yaxını mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunmamışdır. Əhali orta hesabla sutkada qrafiklə 8 saat su alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Yeni "Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" çərçivəsində şəhərin su təchizatının özüaxımlı rejimdə aparılması üçün 2,4 kilometr uzunluğunda magistral kəmər çəkilmişdir, relyef baxımından yüksək nöqtədə tutumu 5 min kubmetr olan anbar inşa edilir. Şəhərdə uzunluğu 115 kilometr olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 105 kilometr olan kanalizasiya şəbəkəsi yaradılacaqdır. İndiyədək 30 kilometr su xətti, 20 kilometr kanalizasiya xətti çəkilmişdir. 8,7 kilometr uzunluğunda layihələndirilmiş kanalizasiya kollektorunun 6,7 kilometrində işlər tamamlanmışdır. Ümumiyyətlə, 2014-cü ildə layihənin icrası başa çatdıqdan sonra bütün şəhər əhalisi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Layihəyə uyğun olaraq, Hacıqabul şəhərinin şərq hissəsində, relyef baxımından çökək ərazidə kanalizasiya-nasos stansiyasının tikintisi planlaşdırılır. Çirkab suları toplanaraq Şirvan-Kürdəmir avtomobil yolunun kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir və təmizləndikdən sonra yaxınlıqdan keçən Baş Şirvan kollektoruna axıdılacaqdır.

Prezident İlham Əliyev suyun şəhərə rəmzi olaraq verilməsini təmin edən qurğunu işə salan düyməni basdı.

Sonra dövlətimizin başçısı Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakini Hafiz Bəşirov bu xeyirxah təşəbbüsün reallaşmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına hacıqabullular adından minnətdarlığını çatdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Daxili Qoşunların Hacıqabuldakı "N" saylı hərbi hissəsinə yenidənqurmadan sonra baxış keçirmişdir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi. Məlumat verildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nizami ordu quruculuğu siyasəti Azərbaycanı regionda ən güclü orduya malik dövlətə çevirmişdir. Son on il Daxili Qoşunların fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Cəmiyyətin və dövlətin mənafeyinin, habelə ictimai asayişin mühafizəsində daim sayıq dayanan Daxili Qoşunların əsgər və zabitləri ötən illər ərzində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Daxili Qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər bu qurum üçün də yeni inkişaf dövrü kimi xarakterizə olunur. Qarşıya qoyulan xidməti vəzifələrini şərəflə yerinə yetirməyə qadir olan Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın milli mənafelərinin keşiyində ayıq-sayıq dayanmışdır və ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən biridir. Daxili Qoşunlar artıq yüksək peşəkarlığa malik, mənəvi-psixoloji hazırlığı mükəmməl olan bir quruma çevrilmişdir. Dövlətimizin başçısı hərbi hissənin yenidən qurulması layihəsi və maketi ilə tanış oldu. Bildirildi ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Hərbi hissədə yaradılan şərait də bunun əyani nümunəsidir. 19 hektar ərazidə salınan hərbi şəhərcikdə yenidənqurma işləri mərhələli şəkildə davam etdiriləcəkdir. Birinci mərhələdə inşasına ötən ilin martında başlanan beşmərtəbəli qərargah, əsgər yataqxanası və yeməkxana, nəzarət-buraxılış məntəqəsi tikilmişdir. Ərazi hasarlanaraq, geniş sıra meydanı yaradılmış, daxili kommunikasiya xətləri çəkilmişdir. Şəhərciyin ərazisində yaşıllaşdırma işləri aparılmışdır. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuşdur. Birinci mərhələdə tikilən bina və qurğuların ümumi sahəsi 7 min 674 kvadratmetrdir. Növbəti mərhələdə isə şəhərcik ərazisində 400 nəfərlik beşmərtəbəli əsgər yataqxanası, 60 mənzilli altımərtəbəli yaşayış binası, silah-sursat anbarı, 100 avtomaşınlıq avtopark tikiləcəkdir. Həmçinin burada qarovul məntəqəsi, hamam və çamaşırxana, qazanxana, transformator yarımstansiyası, nasosxana və gözətçi qüllələrinin tikintisi nəzərdə tutulmuşdur.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, şəhərciyin ərazisindəki binaların inşasında milli memarlıq elementlərindən istifadə edilmişdir. Sonra Prezident İlham Əliyev hərbi hissənin qərargahında yaradılan şəraitlə tanış oldu. Qərargahın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına göstərdikləri diqqət və qayğını, Daxili Qoşunların fəaliyyətini əks etdirən fotostendlər və dövlət atributlarının əks olunduğu lövhələr qurulmuşdur. Müxtəlif inzibati otaqların yerləşdiyi birinci mərtəbədə, eyni zamanda, döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar da əksini tapmışdır. Yeni inşa olunan qərargah da bütün zəruri kommunikasiya sistemləri, mebel və inventarla təmin olunmuşdur.

Azərbaycan Prezidenti hərbi şəhərciyin ərazisini gəzdi, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxdı, zabit ailələrinin yaşayış şəraiti ilə maraqlandı. Dövlətimizin başçısı hərbçilərin uşaqları ilə xatirə şəkli çəkdirdi. Hərbi şəhərciyin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev aprelin 15-də Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak etmişdir. Məlumat verildi ki, bu zavod Cənubi və Şimali Qafqaz, həmçinin Mərkəzi Asiya ölkələri arasında yalnız Azərbaycandadır. Sahəsi 27 hektar olan müəssisənin inşasına 2009-cu ilin sonlarında başlanılmışdır. Zavodda bu sahədə dünyanın ən aparıcı şirkəti olan İtaliyanın "Sacmi" müəssisəsinin avadanlığı quraşdırılmışdır. Bu avadanlıq vasitəsilə beynəlxalq standartlar səviyyəsində məhsul əldə etmək mümkündür. Müəssisənin fəaliyyətə başlaması daxili bazarın həmin materiallara tələbatının ödənilməsində həlledici rol oynayacaqdır. Bununla yanaşı, gələcəkdə məhsulların xaricə ixracı da planlaşdırılır.

Yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun artırılmasında da mühüm əhəmiyyət kəsb edir. Zavodda çalışanlara 100 və 150 yerlik iki yeməkxana xidmət göstərəcəkdir. Müəssisənin ərazisində inşa olunmuş dördmərtəbəli 80 yerlik müasir qonaq evində qonaqların və zavodda çalışanların istirahəti üçün hər cür şərait yaradılmışdır. Müəssisənin inzibati bölməsində də işçilər üçün hərtərəfli şərait vardır. Bölmənin konfrans və toplantı zalları müasir səviyyədə qurulmuşdur. Burada müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaqdır. İkimərtəbəli sərgi salonunda zavodda istehsal olunan məhsullar nümayiş etdirilir. Bundan başqa, müəssisənin ərazisində hazır məhsullar və avadanlığın ehtiyat hissələri anbarları inşa olunmuş, nasosxana, qazanxana və transformator quraşdırılmışdır. Zavodun həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, idman meydançası yaradılmışdır.

Məlumat verildi ki, zavod 19,7 min kvadratmetr qapalı sahədən ibarətdir. Burada quraşdırılan müasir avadanlıqla rəqabətədavamlı məhsul istehsal ediləcəkdir. Prezident İlham Əliyev müəssisəni işə saldı. Bildirildi ki, ümumilikdə müəssisənin yaradılmasına 40,2 milyon manat investisiya qoyulmuşdur. Avadanlığın alınması və tikintinin həyata keçirilməsi məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan beş milyon manat güzəştli kredit ayrılmışdır. İstehsal avadanlığı italiyalı mütəxəssislər tərəfindən quraşdırılmışdır. Müəssisənin illik xammal tələbatı 80 min ton təşkil edir. Bu tələbatın əsas hissəsi yerli xammal hesabına ödəniləcək, bəzi qatqı maddələr isə Türkiyə və Ukraynadan gətiriləcəkdir.

Zavodun xammal bazasının yaradılması məqsədi ilə aparılmış geoloji tədqiqatlar nəticəsində Abşeron və Gəncə-Qazax iqtisadi rayonları ərazisində kifayət qədər xammal yataqlarının mövcudluğu və həmin yataqlardan alınacaq xammal-materialların yüksək keyfiyyət göstəricilərinə malik olduğu müəyyən edilmişdir. Zavodda il ərzində 1 milyon 815 min kvadratmetr döşəmə plitə, 1 milyon 798 min kvadratmetr üzlük plitə və 165 min paqonnometr dekorativ plitə hazırlanacaqdır. Müəssisədə yaxın gələcəkdə tələbata uyğun olaraq bütün ölçülərdə plitə buraxılacaqdır. Diqqətə çatdırıldı ki, müəssisənin işi tam avtomatlaşdırılmışdır. Zavodda 500-dən çox adam daimi iş yeri ilə təmin olunmuşdur. Müəssisədə üçnövbəli iş rejimi tətbiq edilməklə hər növbədə 94 nəfər işləyəcəkdir. Zavodun fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar gələcəkdə iş yerlərinin sayı daha da artırılacaqdır.

Müəssisə ilə tanış olan Prezident İlham Əliyevə Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi - yeni keramaqranit zavodu barədə məlumat verildi. Bildirildi ki, müəssisənin inşasından məqsəd istehsal olunan məhsulların çeşidinin və həcminin artırılmasıdır. Prezident İlham Əliyev yeni zavodun təməlini qoydu. Məlumat verildi ki, zavodun cənub hissəsində 15 hektar sahədə müxtəlif duş kabinələri, vannalar və digər sanitariya qovşağı avadanlığı istehsal edən müəssisənin tikintisi nəzərdə tutulmuşdur. Bu layihələrin həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaqdır.

Dövlətimizin başçısı daha sonra müəssisədə yaradılmış sərgi salonu ilə tanış oldu. Burada zavodda hazırda istehsal olunan və olunacaq məmulatların nümunələri sərgilənir. Bildirildi ki, bu məhsullar keyfiyyətinə görə dünya bazarında rəqabətə davamlılığı ilə seçiləcəkdir. Prezident İlham Əliyev müəssisənin inzibati bölməsində də oldu. Burada işçilər üçün hərtərəfli şərait yaradılmışdır. Bölmənin konfrans və toplantı zalları müasir səviyyədə qurulmuşdur. İnzibati bölmədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfələri əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.

Görülmüş işləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti tapşırıqlarını verdi. Hacıqabul rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev aprelin 15-də Rəncbər-Qubalı Baloğlan-"Pir-Hüseyn" Xanəgahı avtomobil yolunun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev yeni yolun, eləcə də hazırda genişləndirilən və perspektivdə genişləndirilməsi nəzərdə tutulan respublika əhəmiyyətli yolların, həmçinin Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yeni magistralın istismara verilməsi yerli əhali ilə yanaşı, "Pir-Hüseyn" Xanəgahı Tarix-Memarlıq Qoruğuna gələn qonaqların rahatlığını tam təmin edəcəkdir. Əvvəllər sakinlər bu ərazidə torpaq və çınqıl yoldan istifadə etmişlər. Yolun inşasına "Azəryolservis" ASC tərəfindən bir ay əvvəl başlanılmış və işlərin keyfiyyətlə, eyni zamanda, qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Nəticədə rayonun mühüm yaşayış məntəqələrini birləşdirən rahat bir yol ərsəyə gəlmişdir. Qeyd edildi ki, ümumi uzunluğu 18 kilometr, eni 6 metr olan yol dördüncü dərəcəlidir. Yeni yolun salınması zamanı bütün zəruri yol nişanları qoyulmuş, dayanacaqlar inşa edilmişdir. Yolun Bakı-Tbilisi əsas magistralından Rəncbər kəndinədək olan hissəsi 6,5 kilometr, Rəncbər kəndindən Qubalı Baloğlan kəndinə olan hissəsi 5,5 kilometr, Qubalı Baloğlan kəndindən "Pir-Hüseyn" Xanəgahı Tarix-Memarlıq Qoruğuna olan hissəsi isə 6 kilometrdir. Yeni yol Rəncbər-Qubalı Baloğlan kəndlərinin 6500-dən çox sakininə xidmət edəcəkdir. Prezident İlham Əliyevə respublika əhəmiyyətli digər yollarda aparılan işlər, həmçinin genişləndirilən və perspektivdə genişləndirilməsi nəzərdə tutulan yollar barədə də məlumat verildi. Sonra rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov dövlətimizin başçısına Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə məlumat verdi. Bildirildi ki, dördüncü dərəcəli bu yolun ümumi uzunluğu 37 kilometrdir. Burada əsaslı təmir işlərinə ötən ilin avqustunda başlanılmışdır. Yolun 10 kilometri artıq istismara hazırdır. Azərbaycan Prezidentinin 2012-ci il dekabrın 5-də imzaladığı Sərəncamla yolun inşasına 5 milyon manat vəsait ayrılmışdır. Yolboyu müxtəlif diametrli 28 suötürücüsü qoyulmuşdur. Bu ilin avqustunda istifadəyə veriləcək və 7 yaşayış məntəqəsini birləşdirəcək yoldan 6 min sakin istifadə edəcəkdir. Sonra Prezident İlham Əliyev Rəncbər və Qubalı Baloğlan kəndlərinin sakinləri ilə görüşdü. Kənd sakini Qənimə İsrafilova göstərdiyi diqqət və qayğıya görə kəndlərin əhalisi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər