Bu gün Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP Yasamal rayon təşkilatının fəalları ilə görüş keçirib.
Bu ilin oktyabr ayında ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədovun sözlərinə görə, partiyamızın Sədri İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsi yalnız YAP-ın deyil, Azərbaycan xalqının mütləq əksəriyyətinin təşəbbüsü və istəyidir.
"Ölkə vətəndaşları Prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir. Düşünürəm ki, belə bir dəstək 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq, inkişaf siyasəti ilə əlaqədardır. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı xeyli yüksəlib, böyük bir inkişaf mərhələsi keçib. Məhz bu amillərə görə Azərbaycan xalqı Prezident İlham Əliyevi yenə də dövlət başçısı görmək istəyir" - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, YAP seçkilərə geniş və sanballı tərkiblə gedir. Onun sözlərinə görə, YAP təkcə üzvlərinin sayı ilə deyil, üzvləri arasında ziyalıların, böyük nüfuza malik olan şəxslərin olması ilə də seçilir. YAP Sədrinin müavini qarşıdan gələn seçkilərlə əlaqədar də Yasamal rayonundakı partiya fəallarını fəal olmağa, seçki kampaniyasının yüksək səviyyədə keçməsi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi tövsiyə edib.
Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iştirak edib.
yap.org.az