Tovuz rayon icra hakimiyyəti ilə YAP Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd olundu
Dünən Tovuz rayon icra hakimiyyəti ilə YAP Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində həvəskar rəssamların rayon sərgisinə baxış keçirildi. Sərgidə həvəskar rəssamların əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdirildi, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqqında geniş məlumat verildi.
Sonra rayon ərazisində ağacəkmə aksiyası təşkil olundu. RİH-in məsul işçiləri, YAP Tovuz rayon təşkilatının idarə heyətinin üzvləri, partiya fəalları, ərazi ilk partiya təşkilatları sədrlərinin iştirak etdiyi aksiyada çıxış edən rayon təşkilatının sədri Məzahir Bayramov bu yaz günlərində qədirbilən xalqımızın Ulu Öndərin 90 illik yubileyini böyük məhəbbətlə qeyd etdiyini bildirdi: "İlk bahar mehinin təsirindən təbiətin oyanması ilə Heydər Əliyev dühasının, ideyalarının təsiri ilə xalqın, cəmiyyətin üzərinə əsən dirilik, intibah nəsimi arasında mənalı, ibrətli bir uyarlıq görünməkdədir. Hər ikisi diriliyin, yeniliyin doğuluşuna təkan, güc, nəfəs verir. Keçirilən bu aksiyadakı coşğunluq da məhz bu amillərlə bağlıdır".
M.Bayramov onu da bildirdi ki, Ümummilli Liderimizin doğum günü ərəfəsində bir araya gələrək, bu böyük şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, Dahi Öndər Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Biz fəxr edirik ki, Heydər Əliyev kimi dahi, müdrik, əbədiyaşar, Ümummilli Liderimiz var. Ulu Öndər Heydər Əliyev tarixin yaratdığı şəxsiyyət idi və Özü də tarix yaradırdı. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək, ən yüksək zirvələri fəth edir, mühüm uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində, daha da artmaqdadır".
M.Bayramov, həmçinin, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası sıralarında 650 mindən çox ölkə vətəndaşının birləşdiyini də diqqətə çatdıraraq, partiyanın sıralarında yüksək intellektə, böyük vətənpərvərlik duyğularına, malik insanlar birləşir: "Bu insanların yüksək fədakarlığı YAP-a yaxından bağlılığı, partiyanın ideyalarına, Onun Yaradıcısına olan sədaqəti, partiyanın Sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətin bariz nümunəsidir".
Rayon təşkilatının sədri onu da vurğuladı ki, ömrünü xalqının yolunda şam kimi əridən Ulu Öndərimiz Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək.
Sonra ağacəkmə aksiyasına start verildi.
Aytən Səmədova