YAP Lerik rayon təşkilatı qadınlar şurasının hesabat-seçki konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatı qadınlar şurasının sədri Arzu Vəliməmmədova hesabat məruzəsi ilə çıxış edib. Rayon təşkilatının qadınlar şurasının sıralarında 559 nəfər partiya üzvünün birləşdiyini deyən A.Vəliməmmədova onu da vurğulayıb ki, qadınlarla işin təşkili, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində bir sıra məqsədyönlü işlər görülübdür: "Belə ki, dəyirmi masalar, diskussiyalar və digər kütləvi tədbirlər keçiririk. Keçirilən tədbirlərdə, yığıncaqlarda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qadınlara verdiyi yüksək qiymət və onların cəmiyyətin inkişafında danılmaz rolu xüsusi vurğulanılır".
Tədbirdə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva, Lerik şəhər 3 saylı tam orta məktəbinin müəllimi Lütfiyyə Vəliyeva, Lerik rayon mərkəzi xəstəxanasının tibb işçisi Turac Nəzərova və başqaları çıxış edərək əsrlər boyu qadınlarımızın zəhmətkeş olduğunu, ölkənin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirdiyini bildirdilər.
YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov tədbirdə çıxış edərək, bildirdi ki, öz ətrafında Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmişdir: "Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçməsi ilə əlaqədardır. Biz Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, bu gün ölkəmizin inkişafı istiqamətində görülən işlərə öz dəstəyimizi verməliyik".
Sonra gündəlikdə duran təşkilati məsələyə baxıldı. YAP Lerik rayon təşkilatının qadınlar şurasının yeni tərkibi, Arzu Vəliməmmədova isə yenidən YAP Lerik rayon təşkilatı qadınlar şurasının sədri seçildi. Həmçinin, YAP respublika Qadınlar Şurasının konfransına nümayəndələr irəli sürüldü və həmin konfransda iştirak etmək üçün irəli sürülən nümayəndələr səs çoxluğu ilə təsdiqləndi.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edilib.
R.HÜSEYNOVA