"Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın Azərbaycana vurduğu ziyan beynəlxalq qiymətləndirmə təşkilatlarının köməyi ilə yenidən qiymətləndirilib". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Onun sözlərinə görə, son 20 ildə Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyan artıq 300 milyard dollardan çoxdur: "Əvvəllər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəyən ziyan 60-70 milyard dollar idi. Ancaq Milli Məclisin üzvü Xanhüseyn Kazımlı beynəlxalq qiymətləndirmə təşkilatlarını cəlb etməklə bu vurulan ziyanı yenidən hesablamaq təklifi irəli sürüb. Ölkə rəhbəri cənab İlham Əliyev bizə tapşırığı verib ki, məsələni araşdıraq. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirdik və bu proses davam etməkdədir. Beynəlxalq qiymətləndirmə təşkilatları ilə birlikdə aparılan ilkin araşdırmalara əsasən son 20 ildə Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyan artıq 300 milyard dollardan çoxdur və bu miqdar getdikcə daha da artır. Ermənistan tərəfi qoy bunu eşitsin, nə vaxtsa onlar bunu ödəməyə məcbur olacaqlar. Ancaq bu gün Ermənistanın dövlət büdcəsi 3 milyard dollardır. Ermənistan bunu necə ödəyəcək, bunun öhdəsindən necə gələcək, bu, çox böyük sual altındadır. Ona görə də Ermənistan tərəfi bütün bunları nəzərə alaraq bir konstruktiv mövqeyə gəlməlidir. Əgər Ermənistan konstruktiv mövqeyə gələrsə, ölkələr arasında sülh müqaviləsi imzalanarsa, barışıq, geriyə qayıdış prosesi başlayarsa, Azərbaycan tərəfi o təzminatlarda müəyyən güzəştlərə gedə bilər. Əks halda, Azərbaycan hökuməti bütün bu iddiaları təqdim edəcək".
sia.az