Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarovun Yaxın Şərqə səfəri və burada müzakirə olunası məsələlərə həsr edilmiş brifinq keçirilib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə məlumat verən XİN-in mətbuat katibi Elman Abdullayev deyib ki, naziri Elmar Məmmədyarovun Yaxın Şərqə səfəri zamanı ikitərəfli münasibətlər müzakirə ediləcək.
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərqdə baş verən hadisələri izləyir və həmişə bu regiona böyük diqqətlə yanaşır. Səfər çərçivəsində nazirin Təl-Əviv və Ramallahda rəsmi şəxslərlə bir sıra görüşləri planlaşdırılıb. Fələstin xalqına dəstəyin göstərilməsi məsələsi həmişə rəsmi Bakının diqqət mərkəzində olub. Bizim bu məsələ üzrə mövqeyimiz dəyişməzdir. Biz, Fələstini bütün beynəlxalq təşkilatlarda dəstəkləyirik. Bununla belə biz regionda gərginliyin azaldılmasında maraqlıyıq. Səfər zamanı İran məsələsinin müzakirə olunub-olunmayacağını söyləmək hələ tezdir. Azərbaycan Fələstin xalqını həmişə dəstəkləyib, onlara humanitar yardımlar göndərib. Biz Yaxın Şərq münaqişəsinin hər iki tərəfin maraqlarının nəzərə alınması ilə həllinə tərəfdarıq", - deyə E.Abdullayev deyib.
Elman Abdullayev XİN başçısının Yaxın Şərqə səfəri zamanı hansısa sazişin imzalanmayacağını bildirib: "Bu ölkələrdə Azərbaycan səfirliyinin açılması barədə qərar yoxdur".
Bəzi kütləvi informasiya vasitələrindən Azərbaycan ərazisindən keçməklə Suriyaya silah və pul daşındığı barədə məlumatlara da aydınlıq gətirən XİN sözçüsü deyib ki, Azərbaycana indiyə kimi heç vaxt ölkə ərazisindən Suriyaya silah, yaxud pul daşınmasına icazə vermək üçün müraciət olunmayıb: "Nə Rusiya, nə Suriya Azərbaycana bu cür sorğu ilə müraciət etməyiblər".
E.Abdullayev sonda İslam Əməkdaşıq Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlunun ölkəmizə səfəri ilə bağlı da məlumat verib: "İslam Əməkdaşıq Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlu aprelin 23-24-də Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində İƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq".
Qeyd edək ki, Elmar Məmmədyarov aprelin 21-də rəsmi səfərlə Yaxın Şərq regionuna yollanacaq.
yap.org.az