Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçirəcəyi konfransa nümayəndələrin təyin edilməsi ilə bağlı partiyanın şəhər və rayonlarında şura iclasları keçirilir. YAP Şəmkir rayon təşkilatının qadınlar şurasının da növbəti IV konfransında bu və digər məsələlər müzakirə olunub. Konfrans iştirakçıları ilk əvvəl Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın yaradıcısı Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev konfransı giriş sözü ilə açaraq, ölkəmizin ictimai-siyasi həyatında qadınların rolundan, YAP Qadınlar Şurasının fəaliyyətindən, onların gördüyü səmərəli işlərdən bəhs etdi. F.Vəliyev bildirdi ki, rayonda YAP sıralarına qəbul edilmiş 9562 nəfərdən 5082 nəfəri qadınlardır. Rayon təşkilatının sədri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən, rayonda gedən sürətli quruculuq-abadlıq işləri ilə bağlı məlumat verdi. F.Vəliyev çıxışının sonunda öz ətrafında Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini söylədi: "Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçməsi ilə əlaqədardır. Biz Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, bu gün ölkəmizin inkişafı istiqamətində görülən işlərə öz dəstəyimizi verməliyik".
YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının sədri Nəzixə Zeynalova hesabat məruzəsi ilə çıxış edərək, təməli Ulu Öndər tərəfindən qoyulmuş qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Qeyd etdi ki, bu deyilənlərin məntiqi nəticəsi olaraq rayonumuzda da qadınların təhsil, səhiyyə, mədəniyyət və idarəetmə orqanlarında rəhbər işlərə cəlb olunubdur. N.Zeynalova YAP-ın fəaliyyətində qadınların rolunun yüksək olduğunu bildirdi: "YAP möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil olub. Xalqımızın Heydər Əliyev şəxsiyyəti və Onun yaratdığı partiyanın ətrafında sıx birləşməsi dövrün məntiqi reallığıdır. Fərəhli haldır ki, bu gün xalqın ən mətin, monolit birliyə malik olan siyasi qüvvəsi olan YAP-ın üzvləri 650 mindən çoxdur ki, onların da 55 faizini qadınlar təşkil edir".
Sonra məruzə ətrafında çıxış edən Şəmkir rayon doğum evinin baş həkimi Fəxrəndə Sadıqova, rayon mərkəzi xəstəxanasının həkimi Roza Orucova, rayon Füzuli adına şəhər orta məktəbin direktoru Rahilə Qurbanova, rayonun Ə.Cavad adına orta məktəbin müəllimi, respublikanın əməkdar müəllimi adını qazanan Sona Əliyeva, rayon təhsil şöbəsinin metodisti Akifə Əsgərova, rayonun Qasmallar kənd tam orta məktəbin direktoru Qumru Yusifova və başqaları ölkə Prezidenti, YAP Sədri cənab İlham Əliyevin respublikanın bütün sahələrinə olduğu kimi səhiyyə sahəsinə də göstərdiyi diqqət və qayğıdan danışdılar. Çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi yüksək dəyərdən məmnun olduqlarını söylədilər və həmişə olduğu kimi, bu il də növbəti prezident seçkilərində qadınların, partiyanın vahid namizədi cənab İlham Əliyevin qələbəsi üçün çalışacaqlarını bildirdi.
Sonra gündəlikdə duran təşkilati məsələyə baxıldı. Nəzixə Zeynalova yenidən yekdilliklə YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının sədri və 25 nəfərdən ibarət yeni idarə heyəti seçildi. Həmçinin, respublikamızda keçiriləcək YAP Ümumrespublika Qadınlar Şurasının konfransına 2 nəfərdən ibarət nümayəndə seçildi.
Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edildi.
RƏFİQƏ HÜSEYNOVA