PDF Oxu

Əsas

  • 20

"El" hərəkatı Rusiyanın müəyyən dairələrinin layihəsidir

Siyavuş Novruzov: "El"-də olanlar vaxtilə Rusiyaya agentlik etmiş insanlardır

"El" hərəkatı Rusiyanın müəyyən dairələrinin layihəsidir

Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca, potensialı iddialarından dəfələrlə kiçik olan bir sıra qüvvələrin əsil mahiyyəti və fəaliyyət istiqamətləri açıq şəkildə ortaya çıxmağa başlayır. Müsavatın və AXCP-nin ermənipərəst qüvvələrin təsiri altında olan dairələrlə əməkdaşlıq etməsinin bəlli olduğu kimi, "El" təşkilatının da Rusiyanın müəyyən qruplarına işlədiyi üzə çıxır. Ötən nömrəmizdə "El" təşkilatının əsas prinsiplərinin, eləcə də, əsasnaməsinin Rusiyadakı bəzi anti-Azərbaycan qruplarının maraqlarına uyğun şəkildə yazıldığını və bu mənada Eldar Namazovun, Rüstəm İbrahimbəyovun danışıqlarında "soyuq şimal havası" hiss olunur. Elə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun da "El" hərəkatının Rusiyanın müəyyən dairələrinin layihəsi olduğunu bildirməsi də təsadüfi deyil: "El" hərəkatına gəlincə isə, bu, Rusiyanın müəyyən qüvvələrinin və dairələrinin bir proyektdir. "El"-də olanlar vaxtilə Rusiyaya agentlik etmiş insanlardır. İndi görürsən ki, hərəsi bir yandan çıxır, biri altmış yaşında, biri yetmiş yaşında. Elə dairələr var ki, onlar xüsusi xidmət orqanlarının agentlərini ortaya atırlar. Azərbaycanda ürəkbulandıran hərəkətlərlə məşğul olanlar iflasa uğramış insanlardır".

Heç də təsadüfi deyil ki, bu gün həm "Ziyalılar Forumu", həm də "El" tərkibində olanların anti-Azərbaycan hərəkətlərinə yol verməsi və bəyanatlar səsləndirməsi bir daha onların xarici kəşfiyyat orqanlarının direktivləri əsasında işlədiklərini isbatlayır. Yəni, ömrünün 50-60 ili ərzində Azərbaycan dövlətinin yaratdığı imkanlardan istifadə edərək, mövqe qazanan müəyyən anti-milli ünsürlər bu gün Azərbaycanın inkişafını və tərəqqisini həzm etməyi bacarmayan qüvvələrin əlində təzyiq alətinə çevriliblər.

Götürək elə Əkrəm Naibovu. O, "Daş yuxular" adlı ermənipərəst əsərilə ermənilərin maraqlarına xidmət edən iş tutub və bununla da Azərbaycan xalqının milli dəyərlərini təhqir edib. Onun əsəri Azərbaycan dövlətinin işğal olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində atdığı addımların effektivliyini azaltmaq məqsədini daşıyır. Çünki "Daş yuxular" birbaşa olaraq, Azərbaycan dövlətilə yanaşı, bütün dünya azərbaycanlılarının 1905-1907, 1918-1920, 1988-1992-ci illərdə törətdikləri qətliamları, Xocalı və mart soyqırımıları haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində apardığı sistemli işə zərbə vurmağa hesablanıb. Əkrəm Naibov bu cür məşhur yazıçı olmaq üçün məhz Azərbaycan dövlətinin qayğısını və xalqın istəyini qazanmışdı. Lakin onun ermənipərəst mövqe tutması bütün bu qayğı və diqqəti tamamilə darmadağın etdi.

Bu yerdə ermənipərəst qüvvələrin maraqlarını ifadə edən radikal müxalifət haqqında danışmaq olar. Özünü Azərbaycan cəmiyyətindən kənarda görən radikal müxalifət nümayəndələri məsələyə münasibət bildirməkdən boyun qaçırdılar. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərləri nədənsə, yalnız məsələnin siyasi tərəflərinə diqqət çəkməyi lazım bilirlər. Onlar ancaq Əkrəm Naibova qarşı guya hücumların olması haqqında fikirlər səsləndirirlər və məsuliyyəti boyunlarından atırlar. Əlbəttə ki, radikal müxalifətin bu cür mövqe tutmasına təəccüblənmək lazım deyil. Çünki elə İsa Qəmbər də, Əli Kərimli də Əkrəm Naibovun xidmət etdiyi qüvvələrə işləyirlər. Əgər belə olmasaydı, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərləri mütəmadi olaraq, demokratiya oyunlarını buraxıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə obyektinə çevirərdilər. Və ya hansısa Avropa nümayəndələrilə görüşəndə Xocalı soyqırımına əsas müzakirə predmeti kimi baxardılar. Lakin bütün bunlar olmayıb və bundan sonra da olmayacaq. Ona görə ki, elə torpaqlarımızın işğal edilməsinin, insanlarımızın müharibə nəticəsində həlak olması, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin əsas səbəbkarları Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərləridir. Əlbəttə ki, bu reallığın ortada olması onların məsələyə münasibət bildirməsinin qarşısını alır. Yəni, əgər radikal müxalifət Əkrəm Naibovun əsərini tənqid edərsə, o zaman erməni lobbisinin qəzəbinə tuş gələ bilər. Bununla da, onların "qidalandığı" maliyyə mənbəyi tükənər.

Radikal müxalifətlə yanaşı, başda Eldar Namazov olmaqla, Gültəkin Hacıyeva, Rüstəm İbrahimbəyov, Mehman Əliyev və digərləri Əkrəm Naibovun əsərini təqdir etdilər və bunu alqışladılar. Prinsipcə "Ziyalılar Forumu" da radikal müxalifət kimi erməni lobbisinin təsiri altında olan qərəzli, anti-azərbaycançı dairələrə işləyir. Lakin "Ziyalılar Forumu" daha konkret mövqe ortaya qoymalı idi və qoydu da. Yəni Rüstəm İbrahimbəyov və Əkrəm Naibov erməni lobbisi qarşısında xidmətlərini yerinə yetirdilər.

Bu gün də həm "Ziyalılar Forumu"nun, həm də "El"-in mövqeyində Rusiyadakı ermənipərəst qüvvələrin təsiri hiss olunmaqdadır. Əlbəttə ki, onların bundan sonrakı fəaliyyətində də eyni ştrix hiss olunacaq. Ona görə də, Azərbaycanın siyasi tarixində dağılmaqla müşahidə olunmuş müxtəlif müxalifət təşkilatları kimi "Ziyalılar Forumu" və "El" də dağılacaq. Çünki onlara dəstəyi xalq deyil, hansısa korporativ marağa sahib qruplar verirlər.

"Səs" Analitik Qrupu

Digər xəbərlər