Respublikamızın bütün şəhər və rayonlarında YAP Qadınlar Şurasının konfransına nümayəndələrin seçilməsi ilə bağlı konfranslar keçirilir. YAP Qax rayon təşkilatı qadınlar şurasının keçirdiyi hesabat-seçki yığıncağında rayon təşkilatı qadınlar şurasının sədri Şəkər Abdullayeva yığıncağın gündəliyi barədə məlumat verdi və yığıncağın işinə uğurlar arzulayıb. Ş.Abdullayev YAP Qax rayon təşkilatı qadınlar şurasının ötən dövr ərzində gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edərək, Azərbaycanda qadınlarının tarixin hər bir dönəmində ağır, məsuliyyətli vəzifələrin yerinə yetirilməsindən çəkinmədiklərini, bütün işlərdə kişilədən geri qalmadıqlarını vurğulayıb: "Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın inkişafında da kişilərin və qadınların rolunun əhəmiyyətinin dərəcəsi kəskin fərqlənmir, hətta mən deyərdim ki, eynidir. Təbii ki, bu prosesdə qadınların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası hakim siyasi partiyanın mübariz bir dəstəsidir. Heydər Əliyevin partiyasında Azərbaycan qadınlığının yüksək siyasi şüurlu və mübariz hissəsi toplanmışdır. YAP Qadınlar Şurası dövlətimizin və xalqımızın həyatında baş verən bütün taleyüklü proseslərdə yaxından iştirak edir. Bu baxımdan YAP Qax rayon təşkilatının tərkibindəki 3651 nəfər partiya üzvünün 1910 nəfəri (52%) qadınlardır".
Konfransın işində YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov çıxış edərək qeyd etdi ki, rayon təşkilatı ötən müddətdə bir sıra işlər görmüş, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, YAP sıralarında qadınların sayı artmışdır. Həmçinin, qadınlarımız ölkədə keçirilən bütün seçkilərdə öndə getmişlər. Qarşıdakı növbəti prezident seçkilərində də bütün qüvvələrini səfərbər edəcək, YAP qələbəsinə nail olacağıq.
N.Əhmədov Ulu Öndər Heydər Əliyevin 2000-ci ilin 6 mart tarixində imzaladığı Fərmanının qadınlara qayğının bariz nümunəsi olduğunu dedi: "Bu gün bu uğurlu siyasətin davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qadınlara böyük qayğı və diqqət göstərir. Çünki tarix boyu qadınlarımız igidlik və qəhrəmanlıq, sədaqət və qeyrət rəmzi olublar. Azərbaycan qadının ailədə, eləcə də, cəmiyyətdəki fəaliyyəti çox böyükdür".
YAP Qax rayon təşkilatının sədri N.Əhmədov rayon təşkilatı qadınlar şurasının işini qənaətbəxş hesab edərək, onlara bu yolda uğurlar dilədi. Məruzə ətrafında partiya üzvlərindən Dilarə Əzizova, Güllü Əhmədova, 5 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Xatirə Süleymanova və başqaları çıxış edərək, qadınların ölkədə gedən geniş quruculuq işlərində daha böyük fəallıq göstərdiklərini bildirdilər. Həmçinin, çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mənəvi dəyərlərimizin aşılanmasında həyata keçirdiyi uğurlu işlərdən bəhs etdilər.
Konfransda əsasən vurğulandı ki, 2013-cü il prezident seçkiləri ilidir. Bütün Azərbaycan qadınları kimi Qax qadınları da yenə də Azərbaycanın şanlı gələcəyi naminə cənab Prezident İlham Əliyevin arxasınca gedəcəklər. Sonda təşkilati məsələlrə baxıldı. Abdullayeva Şəkər Məhəmməd qızı yenidən YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri, həmçinin, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının respublika konfransına nümayəndə seçildi.
R.HÜSEYNOVA