Nüfuzlu "New Europe" portalında Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "New Europe Media"nın icraçı direktoru Basil Coronakislə görüşündən bəhs edən informasiya yerləşdirilmişdir.
AzərTAc xəbər verir ki, informasiyada görüşün müzakirə mövzusunun Azərbaycan-Avropa İttifaqı əlaqələri, Avropanın enerji təhlükəsizliyinin təminində ölkəmizin getdikcə artan rolu, iqtisadi və regional sabitlik məsələləri olduğu bildirilir. İnformasiyada diqqətə çatdırılır ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini davam etdirməkdə qətiyyətli olduğunun vurğulandığı görüşdə rəsmi Bakının gələcəkdə bu əməkdaşlığı daha da genişləndirmək və gücləndirmək niyyətindən danışılmışdır. Prezident Administrasiyasının rəsmisi ümidvar olduğunu bildirmişdir ki, Aİ, NATO və ATƏT kimi Avropa təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində səylərini daha da artıracaqlar və Ermənistan regionda sülhün bərqərar edilməsi istiqamətində beynəlxalq öhdəliklərini yerinə yetirəcəkdir. Bildirilir ki, görüşdə sülhün təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün Avropa üçün vacibliyi vurğulanmışdır. Regionda sülhün bərqərar edilməsinin həm də Avropanın enerji resursları ilə daha təhlükəsiz təmininə imkan yaradacağı diqqətə çatdırılmışdır.