Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Zahid Qaralovun müəllifi olduğu "Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə" ikicildlik kitabının təqdimat mərasimi keçirilir. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov, Milli Məclisin sədr müavinləri Bahar Muradova, Ziyafət Əsgərov və digər qonaqlar iştirak edir.
Tədbirdə çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov kitabın ölkəmiz üçün mühüm rol oynadığını bildirib: "Bu kitab dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir. Bu günə kimi Azərbaycanda bir çox kitablar nəşr olunub. Ümid edirəm ki, bundan sonra da dahi şəxsiyyət Heydər Əliyev irsinə həsr olunmuş dəyərli əsərlər yazılacaq. Mən Ulu öndər haqqında yazılan hər bir kitabı yüksək dəyərləndirirəm. Bu əsərlərin hər biri onun şəxsiyyətinə hörmətin bariz nümunəsidir. Ulu öndər haqqında kitab yazmaq böyük məsuliyyət tələb edir. Güman edirəm ki, dahi şəxsiyyət haqqında kitab yazan hər bir şəxs bu məsuliyyəti dərk etməlidir. Bu mənada Zahid Qaralov artıq Ümummilli lider haqqında kitab yazmaq haqqını qazanmış şəxsdir".
Daha sonra çıxış edən Zahid Qaralov qonaqlara müəllifi olduğu kitab haqqında ətraflı məlumat verib: "Bu təqdimat dahi şəxsiyyət Heydər Əliyev irsini öyrənmək istəyən gənclərimiz üçün xüsusi önəm daşıyır. Biz nəzərdə tutumuşuq ki, kitabı Azərbaycan dilində hazırlayaq və başqa dillərə tərcümə edək ki, mümkün qədər dost ölkələrin hamısında yayılsın. Artıq kitabın türk dilinə tərcüməsi başlanılıb. Əsərin məzmunu təxminən Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti, münasibətlər sisteminin, eləcə də onun quruculuq, yaradıcılıq fəaliyyətinin əsaslarını əhatə edir. Kitabın adından da göründüyü kimi burada ciddi nəzəri müddəalar meydana gəlib".
YAP İdarə Heyətinin üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov isə deyib ki, dahi şəxsiyyətin xalqına, dövlətinə, millətinə göstərdiyi xidmətlər, daşıdığı ailə prinsiplərinə aid yazılan kitablar heç bir zaman dəyişməyəcək: "Dövləti olmayan xalq müti bir xalqdır. Bu mənada milli dəyərlər, tarixi şəxsiyyətlər qorunmalıdır. Çünki onlar bu dövlətin qorunmasında, qurulmasında ömürlərini sərf ediblər".
Qeyd edək ki, ADPU-nun professoru Vilayət Əliyev, Çağ Öyrətim İşlətmələri" şirkətinin prezidenti Ənvər Özərən, Tahir Rzayev, Elmira Həsənqızı da tədbirdə çıxış ediblər.
Tədbir hazırda davam edir.
sia.az