PDF Oxu

Əsas

  • 45

Yeni Azərbaycan Partiyası və uğurlu Azərbaycan gerçəkliyi

Yeni Azərbaycan Partiyası və uğurlu Azərbaycan gerçəkliyi

Əli Əhmədov: "Ölkəmizin ümumi inkişaf mənzərəsi seçki ilində vətəndaşların əhval-ruhiyyəsini, gələcəyə inamını müəyyənləşdirir"

Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun YAP Səbail rayon təşkilatı ərazi ilk təşkilat sədrləri ilə görüşü keçirildi. YAP İcra katibi Əli Əhmədov partiyanın bir neçə müddətdir yerli strtukturlarının fəalları ilə görüşlər keçirildiyini qeyd edərək bildirdi ki, 20-ə yaxın rayon və şəhər təşkilatlarında belə görüşlər keçirilib: "Bu gün isə, YAP Səbail rayon təşkilatının ərazi ilk təşkilat sədrləri ilə görüşürük. Söhbətimiz də, 2013-cü ilin ictimai-siyasi prosesləri fonunda Yeni Azərbaycan Partiyasının, bütövlükdə yerli strukturlarının, ayrılıqda hər birinin fəallığının yüksəldilməsi, ictimai proseslərdə yaxından iştirakının təmin edilməsi ilə əlaqədardır.

Hesab edirəm ki, partiyanın hər bir fəal üzvü, o cümlədən də, YAP Səbail rayon təşkilatının üzvləri partiyanın qarşısında duran əsas və önəmli vəzifələri dərk edir, böyük məsuliyyətlə həmin vəzifələrin yerinə yetirilməsinə çalışırlar. Bunun nəticəsidir ki, YAP ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli mövqe tutur, 20 ilə yaxındır ki, hakim partiya kimi mövqeyini qoruyub saxlayır, ölkəmizin əldə olunan nailiyyətlərinə, Prezidentimizin rəhbərliyi altında insanlarımızın yüksək fəallığı şəraitində qazanılan uğurlara özünün əhəmiyyətli töhfəsini verir. 2013-cü il ölkəmizin həyatında, xüsusilə, siyasi həyatında əhəmiyyətli ildir. Növbəti prezident seçkiləri keçiriləcək. YAP seçki ilində bütün üzvlərin, yerli təşkilatların, partiyanın şaxələnmiş strukturlarının yaxından və fəal iştirakının təmin edilməsi kimi çox məsuliyyətli bir vəzifəni qarşısına qoyub".

Millət vəkili Əli Əhmədov YAP-ın 20 ilə yaxındır ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini bildirdi: "Bu iştirakın çox vacib göstəricilərindən biri ölkəmizdə ötən dövr ərzində keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə qazanmasında ifadə olunur. Böyük seçki təcrübəsi toplanılıb. Hesab edirəm ki, bu təcrübə 2013-cü ildə də qarşımızda duran vəzifələrin yerinə yetirilməsindən, iddialarımızın ciddi əsaslara söykənməsindən xəbər verir. Buna görə də keçirdiyimiz görüşlərdə məqsəd bundan ibarətdir ki, YAP 2013-cü ilin ictimia-siyasi proseslərində özünün qabaqcıl, aparıcı rolunu saxlasın və qarşımızda duran çox mühüm, əhəmiyyətli vəzifələrin icrasına YAP olaraq öz möhtəşəm töhfəsini versin."

Ölkəmizdə iqtisadi yüksəlişə toxunan YAP Sədrinin müavini Əli Əhmədov bu inkişafın ölkə Prezidenti İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində əldə olunduğunu vurğuladı: "Ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin qənaəti bundan ibarətdir ki, bu siyasət nəticəsində Azərbaycan son on ildə böyük inkişaf mərhələsi keçib. Əlbəttə, bu inkişafın kökündə dayanan əsas Ulu Öndər Heydər Əliyev ideyaları ilə əlaqədardır. Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır, Heydər Əliyev ideyaları əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. On ilə yaxındır ki, Heydər Əliyev siyasəti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Bu illər ərzində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf, tərəqqi, nailiyyətlər və irəliləyiş əldə olunub. Güman edirəm ki, bu inkişafın ayrı-ayrı sahələr üzrə statistikası hər kəsə məlumdur. Bu reallıqların içərisində olan hər kəs Azərbaycanın keçdiyi inkişaf yolu barədə aydın təsəvvürə malikdir. Həyat dəyişir, hər sahədə inkişaf, tərəqqi geniş vüsət alıb. Bu dəyişikliklər insanların düşüncələrində, hadisələrə yanaşma tərzində də özünü qabarıq şəkildə büruzə verir. Hər kəs bu gününü dünəni ilə müqayisə edir və özündə bu qənaəti yaradır ki, bugünümüz dünənimizdən daha uğurlu, daha möhtəşəmdir. Bu fonda gələcəkdə bizi daha da böyük uğurlar gözləyir. İqtisadi tərəqqi insanların rifahının yüksəlməsi ilə müşaiyət olunur. Əmək haqları, pensiyalar artırılır, ünvanlı sosial yardım proqramı icra olunur. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında bəyan edir ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İnsan amili dövlətin siyasətində əsas yer tutur. Son on ildə görülən işlərə, həyata keçirilən islahatlara diqqət yetirsək, onların əsasında Azərbaycan vətəndaşı amilinin dayandığını görərik. Təbii ki, bu diqqət və qayğı insanlarda xoş əhval-ruhiyyə, gələcəyə daha böyük inam hissi yaradır."

Əli Əhmədov Azərbaycanın müasirləşməsi, modernləşməsi Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən xəttə uyğun olaraq uğurla həyata keçirildiyini də bildirdi: "Azərbaycanın müasirləşməsi, modernləşməsi Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən xəttə uyğun olaraq uğurla həyata keçirilir. Paytaxt və bölgələrin simasının dəyişməsi, digər sahələrdə əldə olunan davamlı uğurlar, Azərbaycanın dünya birliyində yeri və rolunun möhkəmlənməsi, regional müstəvidə lider dövlətə çevrilməsi, regionun bütün iqtisadi, kommunikasiya layihələrinin həyata keçirilməsində təşəbbüskar rolunun birmənalı şəkildə dəstəklənməsi, beynəlxalq təşkilatlarla ölkəmizin səmərəli əməkdaşlığı, bütün bunların hamısı kompleks şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətlərdir. Beləliklə, uğurlu siyasətin nəticəsində belə möhtəşəm uğurlara imza atan Azərbaycana beynəlxalq baxış da yüksək səviyyədədir. Bu gün ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi də bu uğurlarımıza əsaslanır. İnkişafın Azərbaycan modelinin mövcudluğu dəstəklənir, öyrənilməsinin və tətbiqinin vacibliyi vurğulanır. Bir fakt hər zaman önə çəkilir ki, Azərbaycan düşünülmüş və məqsədyönlü siyasət nəticəsində dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxdı. Ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Böhran hər bir ölkənin hansı iqtisadi imkanlara malik olduğunu bir daha nümayiş etdirdi".

YAP Sədrinin müavini Əli Əhmədov söylədi ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın siyasi, iqtisadi və mənəvi həyatının mənzərəsi bu reallıqlarla bağlıdır: "Təbiidir ki, bunlar, eyni zamanda, Azərbaycanın inkişafının davamlı olmasından xəbər verir. Bu ümumi mənzərə seçki ilində Azərbaycan vətəndaşlarının əhval-ruhiyyəsini müəyyənləşdirir. Bu xoş ovqatı hər kəs duyur və bundan qürur hissi keçirir."

Əli Əhmədov onu da vurğuladı ki, aparılan dəyərləndirmələrin ortaya qoyduğu reallıq ondan xəbər verir ki, yaşadığımız onilliyin başlıca məqsədi iqtisadi inkişafın davamlılığının təmin edilməsi əsasında yeni standartlara uyğun rifaha və həyat keyfiyyətlərinə nail olması sayıla bilər: "Bu məqsəd, hər şeydən əvvəl Azərbaycan dövlətinin konstitusion öhdəliklərindən, ideoloji baxışlarından və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bu həqiqətin dərk edilməsindən və dəyərlənməsindən qaynaqlanır. Bu konsepsiyanın hazırlanması ilə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncamda əksini tapan fikirləri xatırlayaq: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır."

Əli Əhmədov, həmçinin, son on ilə yaxın dövrdə Azərbaycan vətəndaşlarının qarşıdakı beş ildə də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında yüksək nailiyyətldərə nail olunacağının söylədi: "Son on ilə yaxın dövrün uğurları Azərbaycan vətəndaşlarının böyük əksəriyyətində bu inamı yaradıb ki, qarşıdakı beş ildə də ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında biri-birindən əhəmiyyətli uğurlara imza atacaq, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olacaq. Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş dövlətlər sırasında görməkdir. Bu məqsədə, yüksəlişə həyata keçirilən siyasətə xalqın dərindən inamı və dəstəyi səfərbər edir. Şübhə yoxdur ki, indiyədək qarşısına qoyduğu bütün əzəmətli vəzifələrin öhdəsindən layiqincə gələn Azərbaycan növbəti hədəflərə doğru irəliləyişində zəruri nailiyyətləri qazana biləcək. 2020-ci ilin Azərbaycanında yaşamaq daha rahat, daha mənalı olacaq. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək, qüdrətlənəcək."

Azərbaycanın bugünkü reallıqlarının, siyasi həyatımızın gerçəkliklərinin ölkə əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edən Əli Əhmədov bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsini və qələbəsini şərtləndirən əsas amil məhz bugünkü reallıqlarımızdır: "Belə olan halda bizim qarşımızda duran vəzifələrin nədən ibarət olması barədə də düşünürük. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri olaraq, bizim üzərimizə çox məsuliyyətli və şərəfli vəzifə düşür. YAP cənab İlham Əliyevin rəhbərlik etdiyi partiya olaraq bu seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsinə və İlham Əliyevin qələbəsinin əldə olunmasına layiqli töhfə verməyə çalışmalıdır. Bu, bizim partiya üzvü olaraq üzərimizə düşən məsuliyyətli və şərəfli vəzifədir."

Sonda YAP Səbail rayon təşkilatının fəalları ilə geniş fikir mübadiləsi aparıldı, tövsiyələr verildi. Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iştirak etdi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər