PDF Oxu

Əsas

  • 40

AZƏRBAYCAN XALQININ ƏBƏDİ LİDERİ

AZƏRBAYCAN XALQININ ƏBƏDİ LİDERİ

YAP Şamaxı rayon Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd etdi

Dünən YAP Şamaxı rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Toplantını YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs etdi: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqmətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır. Ulu Öndər Heydər Əliyevin arzusu, amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Buna da özünün müdrik siyasəti nəticəsində nail oldu. Bu gün respublikamızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının, Onun ölməz ideyalarının izi olmasın. Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev ölkəmizdə hüquqi islahatların, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu işlərin böyük bir qismi humanizm prinsipləri ilə, insan hüquq və azadlıqlarının qorunması ilə sıx bağlıdır. Heydər Əliyev hələ 1993-cü ilin 15 iyununda Milli Məclisin tarixi iclasında ölkə parlamentinin başçısı seçilərkən demişdir: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifə hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömürümün bundan sonrakı hissəsini harda olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da, onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir".

Tədbirdə YAP Şamaxı rayon gənclər birliyinin sədri Elnar Kərimov çıxış edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycanın dövlət müstəqilliyinın dönməzliyi tam təmin olunmuş, beynəlxalq aləmdə respublikamızın müsbət imici formalaşmışdır: "Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacaracaqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. 2012-ci ildə partiyamızın qazandığı böyük uğurlardan ruhlanan YAP Gənclər Birliyinin Şamaxı rayon təşkilatı 2013-cü ildə də bu uğurların davam etməsi üçün bütün səylərini səfərbər edərək, Ulu Öndərimiz Heydər Əliyevin bizlərə bəxş etdiyi müstəqil Azərbaycanı, Yeni Azərbaycan Partiyasını və Liderimiz İlham Əliyev cənablarını göz-bəbəyimiz kimi qoruyaraq, Onun ətrafında daha sıx birləşəcəyik".

Tədbirdə 10 saylı məktəbin müəllimi Vasif Şıxıyev, 6 saylı məktəbin direktor müavini Ruhiyyə Ələsgərova, iqtisad kollecinin tələbəsi Xəyalə Bədəlova və başqaları çıxış edərək bildirdilər ki, Ulu Öndərin yaratdığı və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün, nəinki ölkədə, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm və layiqli bir yer qazanıb. Təbii ki, bu uğurlar getdikcə daha geniş və davamlı bir xarakter daşıyacaq.

ÜLVİ

Digər xəbərlər