PDF Oxu

Əsas

  • 32

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etmişdir

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açıq elan edən spiker Oqtay Əsədov Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın parlamentə Heydər Əliyevin 90 illiyi ilə bağlı Amnistiya Aktının qəbul edilməsi ilə əlaqədar müraciət etdiyini dedi.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etmişdir. Müraciətdə deyilir ki, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çox çətin və taleyüklü sınaqlarından çıxaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmiş Azərbaycan Respublikasında qanunçuluğa və hüququn aliliyinə əsaslanan hüquq siyasəti həyata keçirilir. Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası hələ uzun illər müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə, iqtisadi qüdrətinin və xalqımızın rifahını artırılmasına xidmət edəcəkdir. Ulu Öndərimizin siyasətinin insanpərvərlik ənənələrini daim təşviq edən Heydər Əliyev Fondu amnistiya aktlarının ardıcıl təşəbbüskarı olmuşdur. Fondun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2007-ci il mayın 8-də qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilmişdir. Qeyd olunan amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsini stimullaşdırmış, əhali arasında böyük minnətdarlıq hissi ilə qarşılanmışdır. Yeni amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Həmçinin, cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində cəza çəkən, islah işləri, ictimai işlərlə cəzalandırılmış bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları təklif edilir. Aparılan təhlillərə əsasən amnistiya aktının təxminən 9000 şəxsə şamil ediləcəyi gözlənilir. O cümlədən, 2 mindən artıq məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi nəzərdə tutulur. Amnistiya aktı haqqında müraciətə Milli Məclisin mayın 7-də keçiriləcək iclasında baxılacaqdır.

Milli Məclis üzvlərinin Avropa Parlamentinə etirazı

Milli Məclisin iclasında gündəlikdən öncə cari məsələlər müzakirə olundu. Spiker gündəliyin müzakirəsinə keçməmişdən əvvəl bəzi cari məsələlərə toxundu. O. Əsədov BMT və Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsi, erməni işğalçılarının torpaqlarımızdan çıxması ilə bağlı qətnamələrinin olduğunu xatırlatdı: "Ancaq Avropa Parlamentinin bəzi deputatlarının davranışı suallar doğurur. Cənubi Kiprin Avropa Parlamentindəki deputatı qondarma Dağlıq Qarabağ Respublikasının parlamentində çıxışında deyib ki, sizin xidmətçilərinizik. O, ərazi bütövlüyü məsələsinə baxmayaraq, xalqların müqəddəratını təyinetmə hüququnun hər bir şeydən üstün saydığını söyləyib. Fransız deputatı Valeri Buaye dostluq qrupu yaradıb və Dağlıq Qarabağ səfər edib. O bildirib ki, məqsədləri Dağlıq Qarabağda yaşayan xalqın müstəqilliyini təmin etməkdir. Mən hesab edirəm ki, bu məsələyə bütün vətənpərvər qüvvələr, deputatlar, jurnalistlər, bir sözlə, hamı öz münasibətini bildirməlidir".

Spiker bu səfərlə bağlı Avropa Parlamentinin sədrinə müraciət edəcəyini də dedi: "Mən artıq Martin Şultsa bununla bağlı məktub yazıram". O.Əsədov Kaliforniya ştatının 6 deputatının Azərbaycanda səfərdə olduğunu, bütün tədbirlərdə Azərbaycanın haqqını tələb edəcəklərini bəyan etdiklərini də bildirdi: "Bir neçə gün sonra həmin komitə sədri mənə yazdı ki, elektron poçtuma çoxlu sayda hücumlar olur, mən daha sizi müdafiə edə bilməyəcəyəm".

Vitse-spiker Valeh Ələsgərov bildirdi ki, Avropa Parlamentinin Cənubi Kiprdən olan deputatlarının Dağlıq Qarabağa səfəri qəbuledilməzdir. V.Ələsgərov Cənubi Kipri ilk növbədə adadakı türklərin hüquqlarını tanımağa çağırdı. Vitse-spiker Türkiyənin Avropa Birliyinə qəbul edilməməsi barədə danışaraq bunun islamofobiyanın nəticəsi olduğunu söylədi.

Deputat Fazil Mustafa isə Avropa Parlamentinin Fransa və Cənubi Kiprdən olan deputatların Dağlıq Qarabağa səfərlərinin Avropa Parlamentinin mövqeyini ifadə etmədiyini bəyan etdiyini qeyd etdi: "Ancaq sabah həmin deputatlar saxlanarsa, Avropa Parlamenti dərhal bəyanat verəcək. Digər tərəfdən, Ermənistan 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsində sədrlik edəcək. Biz niyə bu qurumda fəaliyyəti davam etdirməliyik?"

Bahar Muradova: "Hansı tondan, ifadədən istifadə edirlərsə, biz də o tonda və o ifadə ilə cavab verməliyik"

Vitse-spiker Bahar Muradova da Avropa Parlamenti üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini tənqid etdi: "Belə çıxır ki, beynəlxalq hüquq erməni maraqlarının müdafiəçiləri üçün heç bir məna kəsb etmir? Həmin şəxslərə üz tuturam, sizin səfərinizdə məqsəd nədir? Siz, Avropa Birliyinə daxil olan ölkələrdə sosial hüquqları pozulan insanların səslərini eşitməli, miqrantların maraqlarını qorumalı olduğunuz halda niyə bir qrup erməninin maraqlarının müdafiəçisinə çevrilmisiniz? Bəlkə doğurdan da sizlər ermənilər tərəfindən alınmısınız, sizə ödənişlər verilib? Bu barədə də müzakirələr açılmalıdır. Biz diplomatik çərçivələrdən çıxmamışıq, ancaq çərçivələri gözlədikcə üzərimizə gəlirlər. Hansı tondan, ifadədən istifadə edirlərsə, biz də o tonda və o ifadə ilə cavab verməliyik. Yüz minlərlə azərbaycanlı öz evlərinə dönə bilmirlər. Standartları gözləmək başımızda çatlayır. Mən əminəm ki, bu, davam edəcək. Qarşıdan prezident seçkiləri gəlir. Onlara söyləyirəm ki, Azərbaycana qarşı fəaliyyətdə əlinizi, dilinizi saxlayın. Bu, onların bioqrafiyası üçün qara ləkədir. Bütün vətəndaşlar, siyasi partiyalar, gənclər buna münasibət bildirməlidirlər".

Millət vəkili Qənirə Paşayeva da Avropa Parlamentinin 6 deputatının Dağlıq Qarabağa qanunsuz səfərinə etirazını bildirib. Q.Paşayeva deyib ki, Dağlıq Qarabağa qanunsuz səfər edən parlamentarilər nəinki öz əməllərindən peşman olurlar, hətta səfərlərindən sonra Avropa Şurası Parlament Assambleyasının tribunasından Azərbaycan Xarici İşlər Nazirliyinə qarşı ittiham dolu bəyanatlar səsləndirirlər: "Bir müddət öncə Fransadan olan bir parlamentari onun arzuedilməz şəxs elan olunması ilə bağlı Elmar Məmmədyarova narazılığını bildirmişdi. Biz bu məsələlərlə bağlı mövqeyimizi ortaya qoymaqdan çəkinməməliyik. İşğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməliyik".

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin uğurlu qərarların qəbuluna nail olduqlarını dedi: "Həm də qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciətləri də var. Biz işimizi gücləndirməliyik. Təbii ki, Avropa Parlamenti bu səfəri deputatların öz mövqeyi adlandıracaq. Biz həmin deputatların mənsub olduğu partiyalarla işi artırmalıyıq".

Sonra gündəlikdə olan məsələr müzakirə olunudu.

Azərbaycanda səsvermə keçirilən günlər qeyri-iş günü olacaq

Gündəlikdə olan Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarıldı. Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, sənədə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur: "Səsvermə Əmək Məcəlləsinə görə iş günü hesab edilməyən bayram gününə düşərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Dəyişiklik vətəndaşların istirahət hüququnun tənzimlənməsinə xidmət edir. Seçki Məcəlləsinə əlavə edilən yeni 211.5 maddəsində deyilir ki, "Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır". Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.

Müzakirələr zamanı YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətdən olan deputat İqbal Ağazədənin böhtanlı fikirlərinə münasibət bildirdi.

Siyavuş Novruzov:

"Azərbaycanda seçki

komissiyaları idealdır. Bizim

kimdənsə öyrənməyə

ehtiyacımız yoxdur, onlar bizdən öyrənib, daha demokratik

seçki keçirsinlər"

Siyavuş Novruzov dünyanın heç bir ölkəsində seçki müddətinin 3-4 ay olmadığını bildirdi: "Siyasətçinin fikirləri mətbuatda, internetdə yayıla bilər. Problem nədir axı? Ola bilər ki, hansısa partiya kiminsə prezidentliyə namizədliyini irəli sürüb. Ancaq onun hüquqi statusu Seçki Məcəlləsində əksini tapıb. Həmin şəxs prezidentliyə namizəd kimi qeydiyyata alınmadan namizəd kimi görüşlər keçirməyə başlanır. Burada Əli Əhmədovun keçirdiyi görüşlərlə bağlı danışıldı. Əli Əhmədov qabaqcadan icra qurumlarını xəbərdar edərək qərargahında görüş keçirir, çayxanada, yaxud hardasa moizə oxumur. Yaxud biri Bakıdan 100 nəfəri maşınla aparır, məqsəd də 100 nəfərlə görüş keçirməkdir. Sonra da yol hərəkəti qaydalarını pozur, deyir ki, görüşə imkan verilmir". S.Novruzov imza vərəqələri ilə bağlı problem olduğunu söyləyib: "İmza vərəqinə imza atanın ora imza atdığı tarixi yazmasının nə əhəmiyyəti var? Seçki komissiyalarına gəlincə, Azərbaycanda seçki komissiyaları idealdır. Fransada seçkini Daxili İşlər Nazirliyi, Polşada hakimlər keçirir. Bizim kimdənsə öyrənməyə ehtiyacımız yoxdur, onlar bizdən öyrənib, daha demokratik seçki keçirsinlər".

Deputat Zahid Oruc Almaniyada və Fransada baş nazirin 8-9 dəfə seçilə bildiyini xatırlatdı: "Üçüncü dövrdə prezident seçilən insan daha böyük məsuliyyəti üzərinə götürür. Həm də bu, xalqın iradəsi altında olur. Parlament üsul-idarəsində də baş nazir hökuməti formalaşdırır. Fərq nədir?! Parlament üsul-idarəsinin fəsadlarını bu gün Gürcüstan prezidenti Mixeil Saakaşvili və partiyası yaşayır, xalqı da yaşayacaq".

Əli Əhmədov: "Ölkəmizdə xalqın iradəsinin düzgün əks

etdirilməsinə imkan yaradan Seçki Məcəlləsi formalaşıb"

YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycanda seçki kampaniyasının müddətinin kifayət qədər optimal olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycanda Seçki Məcəlləsi dəfələrlə təkmilləşdirilib: "Azərbaycanda Seçki Məcəlləsi dəfələrlə təkmilləşdirilib. Bunun əsasında da ölkəmizdə xalqın iradəsinin düzgün əks etdirilməsinə imkan yaradan Seçki Məcəlləsi formalaşıb. Eyni zamanda, bəzilərinin düşündüklərinin əksinə olaraq seçki qanunvericiliyi bu və digər partiyanın seçkilərdə qələbəsini təmin edən amil deyil. Kimsə Seçki Məcəlləsinə bu cür yanaşırsa, tamamilə səhv mövqedə dayanır".

Seçki kampaniyasının müddətinin azlığı ilə bağlı bəzi müxalifət deputatlarının fikirlərinə münasibət bildirən Əli Əhmədov qeyd etdi ki, dünya təcrübəsinə əsasən hazırkı müddət kifayət qədər optimaldır. Onun sözlərinə görə, hələ bir neçə il öncə 4 aylıq seçki kampaniyası müddətinin qısaldılması məsələsi müzakirə olunarkən aparılan araşdırmalar nəticəsində elə bir ölkə tapılmadı ki, orada 4 ay müddətində seçki keçirilsin: "Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda təxminən 5 milyon yarım seçici var. Elə ölkələr var ki, orada seçicilərin sayı 50 milyon nəfər və daha çoxdur. Əgər müxalifətin məntiqi ilə yanaşılsa, onda Azərbaycandan seçicilərin sayına və ərazisinə görə on dəfə çox olan ölkələrdə seçkilər ilboyu davam etsin".

YAP-ın Sədr müavini, millət vəkili Əli Əhmədov Azərbaycanda keçirilən seçkilərin qrafikini xatırladaraq bildirdi ki, seçki kampaniyası üçün iki aylıq müddət çox optimal müddətdir: "Namizədlər platformalarını çox rahat təqdim edə bilirlər". Layihə səsə qoyularaq qəbul olundu. Həmçinin, iclasda Cinayət Məcəlləsinə və "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklik edildi. Layihə barədə məlumat verən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinə dəyişikliyə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Mövcud maddədə isə ictimai işlər üçün 230 saat nəzərdə tutulmuşdu. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişikliyə əsasən, cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə ediləcəklər. Eyni zamanda, "Gömrük tarifi haqqında" və digər qanunlar da müzakirə olunaraq qəbul olundu.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər