Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında hakim partiyanın sədr müavini-İcra katibi Əli Əhmədovun rayon təşkilatının ərazi ilk təşkilat sədrləri ilə görüşü keçirilib. SİA-nın xəbərinə görə, görüşdə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev iştirak edib. Tədbirdə çıxış edən Əli Əhmədov bildirib ki, bizim mütəmadi olaraq bu kimi görüşlərin keçirilməsində başlıca məqsədimiz 2013-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlığı müəyyən etməkdir: "Sevindirici haldır ki, bütün seçki kampaniyalarında YAP fəallıq nümayiş etdirib. 20 ilə yaxındır ki, hakim partiya ölkəmizdə keçirilən prezident seçkilərinin qalibi kimi öz adını yazıb."
Prezident seçkilərinə toxunan icra katibi deyib ki, hər bir Azərbaycan vətəndaşı prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və daim onun arxasında dayanır: "10 ilə yaxın müddətdə Azərbaycan iqtisadiyyatı 3 dəfə güclənib, insanların rifah halı yaxşılaşıb. Məhz İlham Əliyevin də əsas məramı ölkədə iqtisadiyyatın inkişaf etdirilməsi ilə insanların rifah halının yaxşılaşdırılmasını təmin etməkdir. Hər bir insan daha yaxşı yaşamaq istəyir. Biz hakim partiya olaraq ölkə başçısı İlham Əliyevin növbəti dəfə prezident seçilməsini tam dəstəkləyirik".
Daha sonra tədbir KİV-in iştirakı olmadan davam etdirilib.
sia.az