Mayın 1-də YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Xəzər rayon təşkilatının fəalları ilə görüşüb.
Partiyanın yerli strukturlarında belə görüşlərin mütəmadi olaraq keçirildiyini deyən Əli Əhmədov bildirib ki, əsas məqsəd prezident seçkiləri ilində yerli təşkilatların işini daha da gücləndirməkdən ibarətdir.
Əli Əhmədov vurğulayıb ki, YAP yarandığı vaxtdan etibarən ölkəmizdə keçirilən bütün seçkilərdə qələbələr qazanıb. Onun sözlərinə görə, partiyanın artan gücü növbəti seçkilərdə də qələbəni şərtləndirən əsas amillərdən biridir.
YAP Sədrinin müavini bildirib ki, son 10 il ərzində Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib.
"Təbii ki, bu amillər Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin nüfuzunu daha da artırır. Hazırki siyasətin uğurlarını insanlar öz rifahlarının yüksəlməsində də göürür və siyasətin davamlı olmasını arzulayır"- deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən ilk təşkilatlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. YAP Sədrinin müavini qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar YAP Xəzər rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib. Görüşdə YAP İcra katibinin müavini Siyavuş Novruzov və Milli Məclisin deputatı Rauf Əliyev iştirak edib.
yap.org.az