Azərbaycan hakimiyyətinin istəyi azad sözü və media mühitini formalaşdırmaq, jurnalistləri getdikcə peşəkarlaşdırmaq və onlar vasitəsi ilə cəmiyyət-hakimiyyət münasibətlərinin şəffaf mühitini yaratmaqdan ibarətdir. SİA-nın verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, bəzi beynəlxalq təşkilatların iddiasının əksinə, Azərbaycanda sözün həqiqi mənasında azad media mühiti və media siyasətinin tendensiyaları mövcudur.
PA rəsmisi Azərbaycanın media qarşısında qoyduğu vəzifələrdən də danışıb: "Azərbaycan hakimiyyəti bu vəzifələri 4 istiqamət üzrə müəyyənləşdirib. Bunlardan birincisi, medianın siyasiləşmə tendensiyasından qurtulmasıdır. Bildiyiniz kimi, Azərbaycanda media siyasi düşərgələr arasında qruplaşıb. Bunlar iqtidaryönlü, müxalifyönlü, müstəqil və reket mediasıdır. Reket jurnalistikası sözün həqiqi mənasında son zamanların əsas problemlərindən birinə çevrilib. Bilirik ki, neqativ düşüncəli və məqsədli insanlar ayrıca media orqanları təsis ediblər. Bu qurumlarda birləşmiş jurnalistlərin məqsədi insanları təhdid edərək maddi, sosial və siyasi məqsədlərinə nail olmaqdır. Bu da Azərbaycan reallığıdır. İqtidaryönümlü mətbuat isə çalışır ki, iqtidarın siyasətinin yalnız müsbət tərəflərini göstərsin və cəmiyyətdə təbliğ etsin. Müxalifyönümlü mətbuat isə çalışır ki, yalnız iqtidarın siyasətini qaralasın və heç bir müsbət tendensiya göstərməsin. Onlar cəmiyyət həyatında iqtidarın yeritdiyi siyasəti ifşa etmək niyyəti güdürlər. Müstəqil media nümayəndələrinə gəlincə isə artıq Azərbaycanda bunlar formalaşmaqdadır. Azərbaycan hakimiyyətinin bu sahə üzrə əsas məqsədi medianı normal inkişaf müstəvisinə salmaqdır. Medianın dəyər meyarı ictimai rəy olmalıdır. İkinci məsələ jurnalist peşəkarlığı və məsuliyyətin artırılmasıdır. Məsuliyyətsiz jurnalistika ilə biz heç zaman diffamasiya mühiti yarada bilmərik. Diffamasiya mühiti hər bir jurnalistə indikindən artıq məsuliyyət, peşəkarlıq və ictimai əxlaq normalarına əməl etmə vərdişi tələb edir. Əgər bir insan Mətbuat Şurasının qəbul etdiyi əxlaq normalarına əməl etmirsə, Azərbaycan cəmiyyətinin ona jurnalist deməyə haqqı yoxdur. Bu insanlar cəmiyyətdə və beynəlxalq aləmdə jurnalist kimi təqdim olunmayacaq. Onlara qarşı görülən tədbirlər müvafiq qanun çərçivəsində olacaq. Jurnalistlərin peşəkarlığının artırılması üçün kurslar açılmalıdır. Dövlət olaraq biz bu sahəyə istənilən qədər vəsait yönəltməyə hazırıq. Üçüncü mühüm problem jurnalistikanı nüfuzdan salan və media mühitini davamlı olaraq təhdid edən reket jurnalistikadan bir dəfəlik qurtulmaqdır. Bu proseslərə daxil olan neqativ insanların sayı Azərbaycandakı peşəkar jurnalistlərin sayına bərabərdir. Bu insanlardan kütləvi şəkildə qurtulmaq lazımdır. Dördüncü məsələ isə medianın maddi texniki bazası ilə bağlıdır. Məlumdur ki, medianın maddi texniki bazası heç birimizi qane etmir. Media Azərbaycan cəmiyyətinin inkişafında öz yerini tutmalıdır və cəmiyyət də bilməlidir ki, əgər inkişaf etmək istəyirsə, media ilə tərəfdaşlıq mühiti yaratmalıdır. Əgər biznes mediadan kənar inkişaf edirsə və media da öz aləmində yaşayırsa bu, normal hal deyil. Bütün dünyada cəmiyyətin, dövlətin və iqtisadiyyatın inkişafı medianın maddi-texniki bazasının güclənməsi yolu ilə gedir. Medianın inkişafında sistemli təkliflər alınmayıb".
Azərbaycan dövlətinin media ilə bağlı siyasətinin əsas mahiyyətindən danışan PA rəsmisi bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində inqilabi addım atıb.
sia.az