PDF Oxu

Əsas

  • 11

“Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib

“Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib

Bu gün "Beynəlxalq Mətbuat Mərkəzi"ndə "Ümumdünya Mətbuat Azadlığı Günü"nə həsr olunmuş seminar çərçivəsində "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda konfrans keçirilir. SİA-nın verdiyi xəbərə görə, tədbir Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Mətbuat Şurası (MŞ) tərəfindən təşkil olunub.

Yığıncaqda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, MTRŞ sədri Nurşirəvan Məhərrəmli, MŞ sədri Əflatun Amaşov, KİVDF sədri Vüqar Səfərli, mətbuat və media rəhbərləri iştirak edir.

Tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Əflatun Amaşov Azərbaycanda azad mətbuatın mövcud olduğunu bildirib. Onun sözlərinə görə, əsgər ölümü ilə bağlı məlumatların vaxtında yayılması sübut edir ki, Azərbaycanda mətbuatın azadlığı ilə bağlı heç bir problem yoxdur: "Buna baxmayaraq Azərbaycan qanunvericiliyi söz və mətbuat azadlığı məsələsində Avropa ölkələrinin qanuvericiliyi ilə uyğunlaşdırılmalıdır. Bu il diffamasiya haqqında qanun qəbul olunacaq. Bu da Azərbaycan mətbuatındakı azadlığı Avropa mətbuatına daha da yaxınlaşmasına imkan verəcək". Bundan başqa Ə.Amaşov bildirib ki, medianın iqtisadi vəziyyəti mətbuat şurasını narahat edir: "Azərbaycan dövləti gücləndikcə sistemli olaraq bununla bağlı qanunlar qəbul ediləcək. Bununlada bu problemlər tədricən həll olunacaq".

Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, hər il olduğu kimi bu il də BMT-nin qərarı ilə qeyd olunan 3 may Ümumdünya Mətbuat Azadlığı günü Azərbaycandan da yan keçməyib. Azərbaycan da öz media təmsilçiləri ilə bu günü qeyd edir: "Bu tədbiri qeyd edərkən artıq beynəlxalq dəyərə çevrilmiş söz, mətbuat və məlumat azadlığı şəraitini təhlil edirik, mövcud vəziyyətimizi dəyərləndiririk, problemlərimizi müəyyən edirik və bu xətt üzərə gələcək inkişafımızı müəyyən edirik. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə gələcək inkişafımızın bünövrəsini qoymuşuq".

Bu məsələlərdən birinin demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu, siyasi, plüralist zəmində media, məlumat, informasiya azadlığı təminatı olduğunu bildirən Ə.Həsənov hər üç fəaliyyətin bir-birilə bağlı olduğunu xatrıladıb. O, bildirib ki, demokratik dövlət mütləq şəkildə bu dövlətin həyatında ictimai-siyasi institutların mövcudluğunu ehtiva edir: " Vətəndaş təşəbbüslərini həyata keçirən qeyri-hökumət təşkilatları mövcud olmalıdır. Onlar müxtəlif sahələr üzrə dövlətin görüb-görə bilməyəcəyi işlərə vətəndaş təşəbbüslərini əlavə etməlidirlər. O cümlədən cəmiyyət həyatında gedən bütün proseslərin azad müzakirəyə çıxaran media olmalıdır. Hakimiyyət institutlarının və onların opponenti olan müxalifət institutlarının fəaliyyətini şəffaf şəkildə dəyərləndirmək imkanlarına malik olmalıdırlar və seçiciləri hakimiyyət mandatına uyğun formalaşmasında yardımçı olmalıdır. Bütünlükdə medianın vəzifələri budur. Demokratik dövlətdə insanlar öz iradələri ilə hakimiyyəti formalaşdırır, QHT-lər siyasi partilayalar bu formalaşma prosesində vasitəçi rolundan iştirak edirlər. Cəmiyyət həyatının bütün sahələrini dəyərləndirən, dövlətin gördüyü işləri insanlara çatdıran, insanların bu siyasətlə bağlı siyasətini ortaya qoyan media institutlarl var. Bu institutlarının hamısının fəaliyyəti vətəndaş quruculuğunu ehtiva edir".

Həmçinin PA rəsmisi bildirib ki, Azərbaycanda vətəndaş quruculuğu davamlı olaraq yüksələn xətlə inkişaf edir

Tədbirdəki çıxışı zamanı PA rəsmisi Azərbaycanın media qarşısında qoyduğu vəzifələrdən də danışıb: "Azərbaycan hakimiyyətinin istəyi azad sözü və media mühitini formalaşdırmaq, jurnalistləri getdikcə peşəkarlaşdırmaq və onlar vasitəsi ilə cəmiyyət-hakimiyyət münasibətlərinin şəffaf mühitini yaratmaqdan ibarətdir. Bəzi beynəlxalq təşkilatların iddiasının əksinə, Azərbaycanda sözün həqiqi mənasında azad media mühiti və media siyasətinin tendensiyaları mövcudur. Azərbaycan hakimiyyəti bu vəzifələri 4 istiqamət üzrə müəyyənləşdirib. Bunlardan birincisi, medianın siyasiləşmə tendensiyasından qurtulmasıdır. Bildiyiniz kimi, Azərbaycanda media siyasi düşərgələr arasında qruplaşıb. Bunlar iqtidaryönlü, müxalifyönlü, müstəqil və reket mediasıdır. Reket jurnalistikası sözün həqiqi mənasında son zamanların əsas problemlərindən birinə çevrilib. Bilirik ki, neqativ düşüncəli və məqsədli insanlar ayrıca media orqanları təsis ediblər. Bu qurumlarda birləşmiş jurnalistlərin məqsədi insanları təhdid edərək maddi, sosial və siyasi məqsədlərinə nail olmaqdır. Bu da Azərbaycan reallığıdır. İqtidaryönümlü mətbuat isə çalışır ki, iqtidarın siyasətinin yalnız müsbət tərəflərini göstərsin və cəmiyyətdə təbliğ etsin. Müxalifyönümlü mətbuat isə çalışır ki, yalnız iqtidarın siyasətini qaralasın və heç bir müsbət tendensiya göstərməsin. Onlar cəmiyyət həyatında iqtidarın yeritdiyi siyasəti ifşa etmək niyyəti güdürlər. Müstəqil media nümayəndələrinə gəlincə isə artıq Azərbaycanda bunlar formalaşmaqdadır. Azərbaycan hakimiyyətinin bu sahə üzrə əsas məqsədi medianı normal inkişaf müstəvisinə salmaqdır. Medianın dəyər meyarı ictimai rəy olmalıdır. İkinci məsələ jurnalist peşəkarlığı və məsuliyyətin artırılmasıdır. Məsuliyyətsiz jurnalistika ilə biz heç zaman diffamasiya mühiti yarada bilmərik. Diffamasiya mühiti hər bir jurnalistə indikindən artıq məsuliyyət, peşəkarlıq və ictimai əxlaq normalarına əməl etmə vərdişi tələb edir. Əgər bir insan Mətbuat Şurasının qəbul etdiyi əxlaq normalarına əməl etmirsə, Azərbaycan cəmiyyətinin ona jurnalist deməyə haqqı yoxdur. Bu insanlar cəmiyyətdə və beynəlxalq aləmdə jurnalist kimi təqdim olunmayacaq. Onlara qarşı görülən tədbirlər müvafiq qanun çərçivəsində olacaq. Jurnalistlərin peşəkarlığının artırılması üçün kurslar açılmalıdır. Dövlət olaraq biz bu sahəyə istənilən qədər vəsait yönəltməyə hazırıq. Üçüncü mühüm problem jurnalistikanı nüfuzdan salan və media mühitini davamlı olaraq təhdid edən reket jurnalistikadan bir dəfəlik qurtulmaqdır. Bu proseslərə daxil olan neqativ insanların sayı Azərbaycandakı peşəkar jurnalistlərin sayına bərabərdir. Bu insanlardan kütləvi şəkildə qurtulmaq lazımdır. Dördüncü məsələ isə medianın maddi texniki bazası ilə bağlıdır. Məlumdur ki, medianın maddi texniki bazası heç birimizi qane etmir. Media Azərbaycan cəmiyyətinin inkişafında öz yerini tutmalıdır və cəmiyyət də bilməlidir ki, əgər inkişaf etmək istəyirsə, media ilə tərəfdaşlıq mühiti yaratmalıdır. Əgər biznes mediadan kənar inkişaf edirsə və media da öz aləmində yaşayırsa bu, normal hal deyil. Bütün dünyada cəmiyyətin, dövlətin və iqtisadiyyatın inkişafı medianın maddi-texniki bazasının güclənməsi yolu ilə gedir. Medianın inkişafında sistemli təkliflər alınmayıb".

Azərbaycan dövlətinin media ilə bağlı siyasətinin əsas mahiyyətindən danışan PA rəsmisi bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində inqilabi addım atıb: "Azərbaycanda jurnalistlər üçün tikilən evlərin paylanması tam şəffaf keçiriləcək. Jurnalistlərə evlər 3 seçim əsasında veriləcək. Jurnalistlər üçün tikilən evlər Azərbaycanda xidməti, haqqı, ehtiyacı olan jurnalistlərə veriləcək. İndi ölkədə mövcud olan bütün KİV-lərin ehtiyaclarını dövlət qarşılaya bilməz. Qarşılasa belə, onlar azad KİV ola bilməzlər".

Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Tarqay Koray da media azadlığından, media qarşısında duran vəzifələrdən danışıb. O qeyd edib ki, müstəqil medianın qarşısında çox böyük vəzifələr durur. Koray Tarqay vurğulayıb ki, media öz fəaliyyətini şəffaf şəkildə qurmalı, təhqirlərə yol verməməlidir. T. Koray bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ciddi uğurlara nail olub və bu yolda ATƏT hər zaman Azərbaycana dəstək göstərib.

KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də öz çıxışında Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkədə mətbuatının keçdiyi inkişaf yolundan danışıb. O, qeyd edib ki, dövlət mətbuatın inkişafına xüsusi diqqət yetirir. Bunun üçün layihələr həyata keçirib. O qeyd edib ki, bunun bariz nümunələrindən biri də jurnalistlər üçün ev mənzillərin tikilməsidir. Artıq jurnalistlər üçün tikilən binada təmir işləri aparılır və evlər jurnalistlərin ixtiyarına 22 İyul Milli Mətbuat günündə təqdim olunacaq. Onun sözlərinə görə, bina iki girişdən, 16 mərtəbədən və 156 mənzildən ibarətdir.

Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə vurğulayıb ki, televiziyalar elə etməlidirlər ki, vətəndaşlar onlardan tərbiyəvi vərdişlər əldə etsin: "Bəzən özəl telekanallarda reytinq dalınca qaçmaq xəstəliyi milli-mənəvi dəyərlər məsələsini arxa plana keçirir. Ancaq MTRŞ-nı narahat edən məsələlərdən biri də efirdə verilişlərin keyfiyyəti ilə bağlıdır. Təbii ki, milli-mənəvi dəyərlər bütün verilişlərin əsas xətti olmalıdır. Bir tərəfdən biz onları qınamırıq, çünki özəl telekanallar yalnız reklam əsasında fəaliyyət göstərirlər və öz fəaliyyətlərini bundan asılı hesab edirlər. Ona görə də, hansı yolla olursa-olsun, pul qazanmağa çalışırlar. Digər bir tərəfdən isə, insanlar üçün əsas təsir etmə mexanizminə malik olan televiziyalar elə etməlidirlər ki, vətəndaşlarımız onlardan pis vərdişlər yox, tərbiyəvi vərdişlər əldə etsin. Ona görə də, biz bu sahədə işlərimizi gücləndirməyə çalışırıq. Amma biz bunu öz səlahiyyətlərimiz çərçivəsində edə, yalnız tövsiyələr verə bilərik".

Çıxışı zamanl MTRŞ-nın sədri qeyd edib ki, hazırda Azərbaycan teleməkanında efir mədəniyyəti yaxşı vəziyyətdə deyil: " Təbii ki, biz demokratik ölkədə yaşayırıq. Bunların hamısını bir çərçivəyə salmaq fikrində deyilik. Bu məsələdə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür".

DSMF-da Ümummilli liderin 90 illik yubileyi münasibətilə tədbir keçirilib

Bu gün Ümummilli lider, dahi şəxsiyyəti Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, hakim partiyanın Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, DSMF-nın sədri Səlim Müslümov, Nəqliyyat naziri Ziya Məmmədov və digər qonaqlar iştirak edib.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov bildirib ki, Ümummilli liderin dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycan xalqının özünə güvəninin, gələcəyə inamının artırılması yönündəki müstəsna xidmətləri ilə bağlı təbii ki, saatlarla danışmaq olar və bunu bir yazıya sığdırmaq faktiki mümkün deyil: "Amma sadəcə, H.Əliyev xarizmasını xatırlamaq yetərlidir. Bu, elə Azərbaycan deməkdir! Azərbaycanın böyüklüyü, bütövlüyü deməkdir və bunu düşünəndə adam özünü güclü hiss edir və fəxr edirsən ki, nə yaxşı, azərbaycanlısan. Azərbaycanın bütün uğurları Heydər Əliyevlə bağlıdır. Bu, şanlı, şərəf dolu bir tarixdir! İllər, əsrlər, qərinələr keçəcək, dahi Heydər Əliyevin Şah əsəri olan Azərbaycanda o, anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq. 1993-cü ilin iyununda ölkədə siyası böhranın son dərəcə kəskinləşməsi zamanı yeganə çıxış yolu Heydər Əliyevin Bakıya, siyasi rəhbərliyə dəvət edilməsi idisə, növbəti illərdə o, artıq Azərbaycanın özüydü- taleyiydi".

Ulu öndərin Azərbaycana, Naxçıvana qayıtması və sonrakı hadisələrin xronologiyasından danışan Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə

Deyib ki, müstəqillik əldə olunduqdan sonra məhz bu böyük şəxsiyyətin sayəsində dövlətin öz atributlarına qovuşması ilə bağlı atdığı addımlar, elə həmin illərdə Naxçıvanda gördüyü işlər Azərbaycan dövlətçiliyinin cücərtiləri idi. Məhz Heydər Əliyevin inamı, inadı, qətiyyəti Azərbaycanı böyük fəlakətlərdən qurtardı, - deyə çıxışını ümummilli liderin Azərbaycanın yeni dövrünün, dövlətçiliyinin bərpa olunması, güclənməsi ilə bağlı gördüyü işlərdən danışan idarə rəisi o illərin ağrılı hadisələrindən söz açdı. Lakin bütün bunlara, daxili və xarici təzyiqlərə, təxribatlara baxmayaraq Heydər Əliyev zəkası, dönməzliyi və fenomenal dövlət idarəetmə bacarığı sayəsində bu gün bizə çiçəklənən Azərbaycanı ərməğan etdi.

Ümummilli liderin Heydər Əliyevin Bakı metropoliteni qarşısında xidmətlərindən danışan Tağı Əhmədov onunla keçirdiyi ilk görüşün xatirəsindən söz açıb,o illər yeraltı yollarımızda olan vəziyyəti xarakterizə etdi. Vaxtilə Sovet rəhbərliyində çalışarkən məhz "Mıtişşi" vaqon istehsalı müəssisəsinin yaradılıb fəaliyyət göstərməsi, onun bir müəssisə kimi özünü təsdiq etməsi və bu gün dünyanın aparıcı metro vaqonu istehsalçısı kimi formalaşmasında Heydər Əliyevin rolundan danışan Tağı Əhmədov Bakı yeraltı nəqliyyatının vaqonlarla təchizatında məhz Heydər Əliyevin bu xidmətlərinin əvəzsiz və danılmaz rol oynadığını dilə gətirdi: "Stansiyalarının sayı 200-ə çatan Moskva metropolitenindən sonra məhz Bakı həmin müəssisədən ən çox vaqon alan metropolitenə çevrildi".

Daha sonra Nəqliyyat naziri Ziya Məmmədov, DSMF-nın sədri Səlim Müslümov, akademik Qərib Məmmədov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti üçün gördüyü misilsiz xidmətlərdən danışıblar. Ulu öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə, milli mənsubiyyəti ilə fəxr edib, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşadıb. Bu arzular Ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərib.

Tədbirin sonunda Heydər Əliyev "Müstəqil Azərbaycan dövlətinin banisidir" mövzunda gənclər arasında elan olunan müsabiqənin qalibləri mükafatlandırılıb və bir qrup insana YAP-nın üzvülük vəsiqələri təqdim olunub.

Qeyd edək ki, tədbirdən öncə qonaqlar Fəxri Xiyabanı ziyarət ediblər və Ümummilli lider Heydər Əliyevin məzarına əklik və güllər qoyublar. Həmçinin görkəmli oftalmoloq, akademik Zərifə Əliyevində xatirəsi də yad edilib.

sia.az

Digər xəbərlər