Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun (AMİQ) üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Məclisdən SİA-ya verilən məlumata görə, sədr qonaqları salamlayaraq ölkəmizin Avropa strukturları, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
O bildirib ki, Avropa məkanına inteqrasiya Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir: "Prezident İlham Əliyevin Brüsselə və Avropa ölkələrinə səfərləri, yüksək səviyyəli Avropa nümayəndə heyətlərinin Azərbaycana gəlişi bunun əyani sübutudur. Müstəqil Azərbaycan demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedir. Bu bizim öz istəyimiz və şüurlu seçimimizdir. Ölkəmiz Avropa strukturları ilə sıx əməkdaşlıq edir. İqtisadi sahədə də əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli qarşılıqlı əməkdaşlıq edir. Avropa Parlamenti ilə də əlaqələrimiz möhkəmlənməkdədir. Qurumun Şərq tərəfdaşlığı layihəsi çərçivəsində yaradılmış Avronest Parlament Assambleyası bu işə öz töhfəsini verməkdədir".
Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun sədri Martin Kallanan isə çıxışında ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını bildirib. O, müstəqil Azərbaycanın demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə getməsinin - xalqımızın bu seçiminin avropalı həmkarları tərəfindən də yüksək dəyərləndirildiyini qeyd edib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər iştirak ediblər.
sia.az