Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) təntənəli tədbir keçirilmişdir.AzərTAc xəbər verir ki, iştirakçılar əvvəlcə Cəmiyyətin foyesində Ulu Öndərə həsr olunmuş fotosərgiyə və Böyük Öndərin Azərbaycanın siyasi rəhbərliyində olduğu dövrdə polad magistralın inkişafı ilə bağlı gördüyü işləri əks etdirən filmə baxmışlar.
Sonra tədbiri açan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov ümummilli lider Heydər Əliyevin ölkənin dəmir yolunun inkişafındakı əvəzolunmaz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri respublikamızın dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Təkcə bir faktı deyək ki, Ulu Öndərin rəhbərliyi dövründə dəmir yolunda 14 min 300 texniki yeniləşmə metodu tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. 1980-ci ildə Heydər Əliyevin şəxsi təklifi nəticəsində Şirvan çeşidləmə stansiyasının tikintisi və uzunluğu 160 kilometr olan Yevlax-Balakən dəmir yolu xəttinin çəkilişi tamamlanmışdır. Məhz bunun nəticəsində həmin dövrlərdə dəmir yolunda yük daşımaların həcmi 80-90 milyon tona çatmışdır.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir. Bu gün Azərbaycanın polad magistralı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Hazırda Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" sürətlə icra olunur.
İndi ölkənin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilir. Nəqliyyat Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində həmişə olduğu kimi, dəmiryolçular yenə də fəallıq nümayiş etdirirlər. Tədbirlər planına uyğun olaraq Ulu Öndərin Cəmiyyətin xətt boyu yerləşən idarə, təşkilat və müəssisələrində yubiley tədbirləri keçirilmiş, aprelin 22-də Xaçmaz, 24-də Şirvan, 26-da isə Gəncə dəmir yolu qovşaqlarına təşviqat qatarı göndərilmişdir. Bundan başqa, "Azərbaycan dəmiryolçusu" qəzetinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş xüsusi nömrəsi çapdan çıxmış, Mətbuat Katibliyi tərəfindən "Heydər Əliyev dövründə dəmir yolunun inkişafı" adlı sənədli film hazırlanmışdır.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası "Azərbaycan Dəmir Yolları" QSC-dəki ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov, "Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru Vasif Süleyman və başqaları Heydər Əliyev ideyalarının müasir müstəqil Azərbaycanın inkişafındakı danılmaz rolundan danışmış, dəmiryolçuların qarşıdan gələn prezident seçkilərində də Böyük Liderin siyasi xəttini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirmişlər.
AzərTAc