Dünən "Beynəlxalq Mətbuat Mərkəzi"ndə "Ümumdünya Mətbuat Azadlığı Günü"nə həsr olunmuş seminar çərçivəsində "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Mətbuat Şurası (MŞ) tərəfindən təşkil olunub. Yığıncaqda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, MTRŞ sədri Nurşirəvan Məhərrəmli, MŞ sədri Əflatun Amaşov, KİVDF sədri Vüqar Səfərli, mətbuat və media rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Əflatun Amaşov Azərbaycanda azad mətbuatın mövcud olduğunu bildirib. Onun sözlərinə görə, əsgər ölümü ilə bağlı məlumatların vaxtında yayılması sübut edir ki, Azərbaycanda mətbuatın azadlığı ilə bağlı heç bir problem yoxdur: "Buna baxmayaraq, Azərbaycan qanunvericiliyi söz və mətbuat azadlığı məsələsində Avropa ölkələrinin qanunvericiliyi ilə uyğunlaşdırılmalıdır. Bu il diffamasiya haqqında qanun qəbul olunacaq. Bu da Azərbaycan mətbuatındakı azadlığı Avropa mətbuatına daha da yaxınlaşmasına imkan verəcək". Bundan başqa Ə.Amaşov bildirib ki, medianın iqtisadi vəziyyəti mətbuat şurasını narahat edir: "Azərbaycan dövləti gücləndikcə sistemli olaraq bununla bağlı qanunlar qəbul ediləcək. Bununla da bu problemlər tədricən həll olunacaq". Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, hər il olduğu kimi, bu il də BMT-nin qərarı ilə qeyd olunan 3 may Ümumdünya Mətbuat Azadlığı günü Azərbaycandan yan keçməyib. Azərbaycan da öz media təmsilçiləri ilə bu günü qeyd edir: "Bu tədbiri qeyd edərkən artıq beynəlxalq dəyərə çevrilmiş söz, mətbuat və məlumat azadlığı şəraitini təhlil edirik, mövcud vəziyyətimizi dəyərləndiririk, problemlərimizi müəyyən edirik və bu xətt üzrə gələcək inkişafımızı müəyyən edirik. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə gələcək inkişafımızın bünövrəsini qoymuşuq". Bu məsələlərdən birinin demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu, siyasi, plüralist zəmində media, məlumat, informasiya azadlığı təminatı olduğunu bildirən Əli Həsənov hər üç fəaliyyətin bir-birilə bağlı olduğunu xatırladıb. O, bildirib ki, demokratik dövlət mütləq şəkildə bu dövlətin həyatında ictimai-siyasi institutların mövcudluğunu ehtiva edir: "Vətəndaş təşəbbüslərini həyata keçirən qeyri-hökumət təşkilatları mövcud olmalıdır. Onlar müxtəlif sahələr üzrə dövlətin görüb-görə bilməyəcəyi işlərə vətəndaş təşəbbüslərini əlavə etməlidirlər. O cümlədən media cəmiyyətdə gedən bütün prosesləri azad müzakirəyə çıxarmalı, hakimiyyət institutlarının və onların opponenti olan müxalifət institutlarının fəaliyyətini şəffaf şəkildə dəyərləndirmək imkanlarına malik olmalı və seçicilərin hakimiyyət mandatına uyğun formalaşmasında yardımçı olmalıdırlar. Bütünlükdə medianın vəzifələri bunlardır. Demokratik dövlətdə insanlar öz iradələri ilə hakimiyyəti formalaşdırır, QHT-lər siyasi partiyalar bu formalaşma prosesində vasitəçi rolundan iştirak edirlər. Cəmiyyət həyatının bütün sahələrini dəyərləndirən, dövlətin gördüyü işləri insanlara çatdıran, insanların bu siyasətlə bağlı düşüncələrini ortaya qoyan media institutları var. Onların hər birinin fəaliyyəti özündə vətəndaş quruculuğunu ehtiva edir".
Tədbirdəki çıxışı zamanı PA rəsmisi Azərbaycanın media qarşısında qoyduğu vəzifələrdən də danışıb: "Azərbaycan hakimiyyətinin istəyi azad sözü və media mühitini formalaşdırmaq, jurnalistləri getdikcə peşəkarlaşdırmaq və onlar vasitəsi ilə cəmiyyət-hakimiyyət münasibətlərinin şəffaf mühitini yaratmaqdan ibarətdir. Bəzi beynəlxalq təşkilatların iddiasının əksinə, Azərbaycanda sözün həqiqi mənasında azad media mühiti və media siyasətinin tendensiyaları mövcudur. Azərbaycan hakimiyyəti bu vəzifələri 4 istiqamət üzrə müəyyənləşdirib. Bunlardan birincisi, medianın siyasiləşmə tendensiyasından qurtulmasıdır. Bildiyiniz kimi, Azərbaycanda media siyasi düşərgələr arasında qruplaşıb. Bunlar iqtidaryönlü, müxalifyönlü, müstəqil və reket mediasıdır. Reket jurnalistikası sözün həqiqi mənasında son zamanların əsas problemlərindən birinə çevrilib. Bilirik ki, neqativ düşüncəli və məqsədli insanlar ayrıca media orqanları təsis ediblər. Bu qurumlarda birləşmiş jurnalistlərin məqsədi insanları təhdid edərək maddi, sosial və siyasi məqsədlərinə nail olmaqdır. Bu da Azərbaycan reallığıdır. İqtidaryönümlü mətbuat isə çalışır ki, iqtidarın siyasətinin yalnız müsbət tərəflərini göstərsin və cəmiyyətdə təbliğ etsin. Müxalifyönümlü mətbuat isə çalışır ki, yalnız iqtidarın siyasətini qaralasın və heç bir müsbət tendensiya göstərməsin. Onlar cəmiyyət həyatında iqtidarın yeritdiyi siyasəti ifşa etmək niyyəti güdürlər. Müstəqil media nümayəndələrinə gəlincə isə artıq Azərbaycanda bunlar formalaşmaqdadır. Azərbaycan hakimiyyətinin bu sahə üzrə əsas məqsədi medianı normal inkişaf müstəvisinə salmaqdır. Medianın dəyər meyarı ictimai rəy olmalıdır. İkinci məsələ jurnalist peşəkarlığı və məsuliyyətin artırılmasıdır. Məsuliyyətsiz jurnalistika ilə biz heç zaman diffamasiya mühiti yarada bilmərik. Diffamasiya mühiti hər bir jurnalistə indikindən artıq məsuliyyət, peşəkarlıq və ictimai əxlaq normalarına əməl etmə vərdişi tələb edir. Əgər bir insan Mətbuat Şurasının qəbul etdiyi əxlaq normalarına əməl etmirsə, Azərbaycan cəmiyyətinin ona jurnalist deməyə haqqı yoxdur. Bu insanlar cəmiyyətdə və beynəlxalq aləmdə jurnalist kimi təqdim olunmayacaq. Onlara qarşı görülən tədbirlər müvafiq qanun çərçivəsində olacaq. Jurnalistlərin peşəkarlığının artırılması üçün kurslar açılmalıdır. Dövlət olaraq biz bu sahəyə istənilən qədər vəsait yönəltməyə hazırıq. Üçüncü mühüm problem jurnalistikanı nüfuzdan salan və media mühitini davamlı olaraq təhdid edən reket jurnalistikadan bir dəfəlik qurtulmaqdır. Bu proseslərə daxil olan neqativ insanların sayı Azərbaycandakı peşəkar jurnalistlərin sayına bərabərdir. Bu insanlardan kütləvi şəkildə qurtulmaq lazımdır. Dördüncü məsələ isə medianın maddi texniki bazası ilə bağlıdır. Məlumdur ki, medianın maddi texniki bazası heç birimizi qane etmir. Media Azərbaycan cəmiyyətinin inkişafında öz yerini tutmalıdır və cəmiyyət də bilməlidir ki, əgər inkişaf etmək istəyirsə, media ilə tərəfdaşlıq mühiti yaratmalıdır. Əgər biznes mediadan kənar inkişaf edirsə və media da öz aləmində yaşayırsa bu, normal hal deyil. Bütün dünyada cəmiyyətin, dövlətin və iqtisadiyyatın inkişafı medianın maddi-texniki bazasının güclənməsi yolu ilə gedir. Medianın inkişafında sistemli təkliflər alınmayıb". Azərbaycan dövlətinin media ilə bağlı siyasətinin əsas mahiyyətindən danışan PA rəsmisi bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində inqilabi addım atıb: "Azərbaycanda jurnalistlər üçün tikilən evlərin paylanması tam şəffaf keçiriləcək. Jurnalistlərə evlər 3 seçim əsasında veriləcək. Jurnalistlər üçün tikilən evlər Azərbaycanda xidməti, haqqı, ehtiyacı olan jurnalistlərə veriləcək. İndi ölkədə mövcud olan bütün KİV-lərin ehtiyaclarını dövlət qarşılaya bilməz. Qarşılasa belə, onlar azad KİV ola bilməzlər". Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay da media azadlığından, media qarşısında duran vəzifələrdən danışıb. O qeyd edib ki, müstəqil medianın qarşısında çox böyük vəzifələr durur. Koray Tarqay vurğulayıb ki, media öz fəaliyyətini şəffaf şəkildə qurmalı, təhqirlərə yol verməməlidir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra ciddi uğurlara nail olub və bu yolda ATƏT hər zaman Azərbaycana dəstək göstərib". KİVDF-in icraçı direktoru Vüqar Səfərli də öz çıxışında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə mətbuatın keçdiyi inkişaf yolundan danışıb. O, qeyd edib ki, dövlət mətbuatın inkişafına xüsusi diqqət yetirir: "Bunun üçün layihələr həyata keçirilir. Bunun bariz nümunələrindən biri də jurnalistlər üçün evlərin tikilməsidir. Artıq jurnalistlər üçün tikilən binada təmir işləri aparılır və 22 İyul Milli Mətbuat günündə evlər jurnalistlərin ixtiyarına təqdim olunacaq. Bina iki girişdən, 16 mərtəbədən və 156 mənzildən ibarətdir". Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə vurğulayıb ki, televiziyalar elə etməlidirlər ki, vətəndaşlar onlardan tərbiyəvi vərdişlər əldə etsin: "Bəzən özəl telekanallarda reytinq dalınca qaçmaq xəstəliyi milli-mənəvi dəyərlər məsələsini arxa plana keçirir. Ancaq bizi narahat edən məsələlərdən biri də efirdə verilişlərin keyfiyyəti ilə bağlıdır. Təbii ki, milli-mənəvi dəyərlər bütün verilişlərin əsas xətti olmalıdır. Bir tərəfdən biz onları qınamırıq, çünki özəl telekanallar yalnız reklam əsasında fəaliyyət göstərirlər və öz fəaliyyətlərini bundan asılı hesab edirlər. Ona görə də, hansı yolla olursa-olsun, pul qazanmağa çalışırlar. Digər bir tərəfdən isə, insanlar üçün əsas təsir etmə mexanizminə malik olan televiziyalar elə etməlidirlər ki, vətəndaşlarımız onlardan pis vərdişlər yox, tərbiyəvi vərdişlər əldə etsin. Ona görə də, biz bu sahədə işlərimizi gücləndirməyə çalışırıq. Amma biz bunu öz səlahiyyətlərimiz çərçivəsində edə, yalnız tövsiyələr verə bilərik". MTRŞ-ın sədri qeyd edib ki, hazırda Azərbaycan teleməkanında efir mədəniyyəti yaxşı vəziyyətdə deyil: "Təbii ki, biz demokratik ölkədə yaşayırıq. Bunların hamısını bir çərçivəyə salmaq fikrində deyilik. Bu məsələdə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür".