SAM-ın nümayəndə heyəti Kolumbiya Universiteti (Harriman İnstitutu) və ABŞ-ın Stratfor beyin mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, SAM-ın direktor müavini Gülşən Paşayeva, millət vəkili Asim Mollazadə, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçiləri Kamal Makili-Əliyev və Heydər Mirzədən ibarət olan nümayəndə heyəti Kolumbiya Universiteti, Harriman İnstitutunda dəyirmi masada iştirak ediblər.SAM-dan SİA-ya verilən məlumata görə, görüşdə iştirak edən XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycanın öz potensialını Cənubi Qafqaz regionunun inkişafına yönəltdiyini vurğulanıb, lakin Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun bütövlükdə inkişafına maneə olduğunu bildirib. Bununla yanaşı E.Abdullayev münaqişənin bu günədək həll olunmamış qalmasının əsasında dünya ictimaiyyətinin münaqişənin həllinə biganə qalmasının və Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasına baxmayaraq, bu ölkənin təcavüzkar siyasəti ilə bağlı heç bir ədalətli reaksiya verilmədiyini vurğulayıb. E.Abdullayev Azərbaycanın tarixi təşəbbüsləri sayəsində regionun geostrateji əhəmiyyətinin artması fonunda münaqişənin həlli ilə bağlı status kvonun davam dəyişdirilməsi üçün ciddi işlərin görülməsi zəruriliyini vurğulayıb. Tədbirdə əsasən ABŞ - Azərbaycan münasibətləri, regionda baş verən hadisələr müzakirə olunub.
Nümayəndə heyətinin digər üzvləri Stratfor beyin mərkəzində (Stratfor Strategic Forecasting Inc.) "Azərbaycan regionun enerji körpüsüdür" (Azerbaijan as economic energy transportation nexus in the region) mövzusunda seminar keçirib. Seminarda SAM-ın şöbə müdiri Vüsal Qasımlı "Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzidir" (Azerbaijan is transport and logistics hub in the Center of Eurasia), aparıcı elmi işçi Gülmira Rzayeva "Xəzər hövzəsindən Avropanın dounstrim bazarına çıxış" (Connecting Caspian to the European downstream market), aparıcı elmi işçi Zaur Şiriyev "Azərbaycana geopolitik baxış" (Geopolitical view on Azerbaijan) və elmi işçi Şahmar Hacıyev "Amerikanın Azərbaycanla strateji əməkdaşlığa olan ehtiyacı" (America's Need for a Stronger Partnership with Azerbaijan) mövzusunda məruzələrlə çıxışlar ediblər.
Sonda Stratfor və SAM arasında elmi əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Qeyd edək ki, 29 aprel - 8 may tarixlərində 15 nəfərdən ibarət Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti ABŞ-da rəsmi səfərdə olacaq.
Səfər zamanı ABŞ-ın nüfuzlu beyin mərkəzləri və universitetlərində 20 konfrans, görüş və mühazirə nəzərdə tutulub.
sia.az