PDF Oxu

Əsas

  • 16

Hər zaman zirvələrdə

Hər zaman zirvələrdə

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

Dünən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirildi. Ulu Öndər Heydər Əliyevin məzarının ziyarətindən sonra başlayan konfransda Ümummilli Liderin hər bir sahəyə olduğu kimi, bu sahəyə də, göstərdiyi diqqət və qayğısından bəhs olunub. Konfransda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov, Milli Məclisin sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov, Milli Məclisin iqtisadi və qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev və digərləri iştirak ediblər.

Əbülfət İmanov komitə rəhbərliyi adından çıxış edərək, bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrdə olduğu kimi, bu sahəyə də xüsusi diqqət və qayğı ilə yanaşıb: "Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizin sürətli inkişafı naminə əlindən gələni əsirgəməmişdi. Ulu Öndər Heydər Əliyevin istər ictimai-siyasi, istərsə də mədəni, təhsil, sosial və digər sahələrdə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ölkəmizdə dinamik inkişafın şahidi oluruq. Bizim komitəmiz də məhz bu diqqət və qayğını bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində öz işini yüksək səviyyədə görür".

Daha sonra tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı qeyd etdi ki, istər ölkə daxilində və istərsə də dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyini yüksək səviyyədə qeyd edirlər: "Ümummilli Liderimiz Azərbaycan xalqının qəlbində yaşayıb, yaşayır və yaşayacaq. Azərbaycanın dövlət müstəqilliyinin qazanılması və və qorunması Dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz ölkəmizi bütün dünya dövlətləri arasında ən yüksək səviyyədə tanıdıb və biz bu gün də şahidi oluruq ki, beynəlxalq aləmdə Azərbaycan özünəməxsus yer tutub. Bütün bunların hamısı Ulu Öndərimizin adı ilə bağlıdır. Bu gün isə Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərə sədaqətini, öz əməlləri və gördüyü işlərlə təsdiq edir".

Millət vəkili, Vahid Əhmədov isə, çıxış edərək, konfransı yüksək qiymətləndirdi və bildirdi ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin gördüyü işlər təqdirəlayiqdir: "Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra keçid iqtisadiyyatının problemləri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həll olunmuşdur. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi qanunvericiliyin inkişafı, o cümlədən, keyfiyyət infrastrukturunun yaradılması, sahibkarlara dövlət dəstəyi, beynəlxalq standartlaşdırma siyasətinin həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir. Bu gün diqqət və qayğı yüksək səviyyədə ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir".

CAHİD SÜLEYMANOV

Digər xəbərlər