İclasda Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Amnistiya elan edilməsi haqqında" qanun layihəsi qəbul edildi
Dünən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə iki məsələ - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələlər daxildir.
Oqtay Əsədov: "Bugünkü qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin xalqa xidmətinin nişanəsidir"
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi barədə məruzə ilə çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, milli liderlər dünyalarını dəyişəndən sonra da onların şəxsiyyətinin sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır. Spiker qeyd etdi ki, Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır: "1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdı. Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoydu. Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldı. Kənd təsərrüfatı istehsalı dəfələrlə artırıldı, minlərlə yeni sənaye müəssisəsi inşa edildi. Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi".
O.Əsədov vurğuladı ki, 1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu: "Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri kimi fəaliyyəti ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Milli Məclis xalqı narahat edən problemlərin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi". Sədr diqqətə çatdırdı ki, Ulu Öndər parlamentə daim böyük diqqət və qayğı göstərmişdir. Ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönələn 1500-ə qədər qanun, qərar və digər aktlar Ümummilli Liderimizin imzası ilə parlamentə təqdim edilmiş və Milli Məclis tərəfindən qəbul olunmuşdur. O.Əsədov bildirdi ki, Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir: "İndiyədək Milli Məclis Ulu Öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir neçə kitab hazırlayıb nəşr etmişdir. Bu günlərdə "Parlament tariximizin Heydər Əliyev dövrü" adlı yeni kitab işıq üzü görmüşdür. Bu kitab Ümummilli Liderimizin 90 illik yubileyinə Milli Məclisin kiçik bir töhfəsidir. Nəfis tərtibatlı kitabın hazırlanması zamanı Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərini, o cümlədən, parlament quruculuğu sahəsində fəaliyyətini əks etdirmək arzusu əsas götürülmüşdür.
Fəttah Heydərov: "Heydər Əliyevin bütün həyatı Azərbaycana, Azərbaycan xalqına həsr olunub. O, XX əsrin ən dahi insanlarından biridir"
Millət vəkili Fəttah Heydərov çıxış edərək bildirdi ki, Heydər Əliyevin bütün həyatı Azərbaycana, Azərbaycan xalqına həsr olunub. O, XX əsrin ən dahi insanlarından biridir. O, vurğuladı ki, bütün həyatı boyu Heydər Əliyev yalnız və yalnız Azərbaycan insanının yaxşı yaşaması üçün çalışıb: "Heydər Əliyev yolu xalqımız üçün ən işıqlı yoldur. Hələ sovetlər dönəmində Heydər Əliyev bugünkü müstəqilliyimizin əsaslarını qoyub. Ermənilər o dönəmdə Azərbaycan torpaqları ilə bağlı arzularını həyata keçirə bilmədilər. Heydər Əliyev nə qədər ki, Azərbaycana rəhbərlik edib, Azərbaycan inkişaf edib. Gəlin, Heydər Əliyevi Azərbaycanla Heydər Əliyevsiz Azərbaycanı müqayisə edək. Heydər Əliyev Azərbaycanda olmayanda ölkə torpaqlarının 20 faizini itirib, Xocalı faciəsini yaşamışıq. Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf edib, dünya dövlətləri arasında layiqli yer tutub". Fəttah Heydərov onu da bildirdi ki, bu mübarizə Heydər Əliyevin səhhətinə təsirsiz ötüşməyib: "Bu gün Heydər Əliyev yolunu varisi, əziz övladı İlham Əliyev davam etdirir. Ulu Öndər ölməzdir, yenə də bizimlədir".
Arif Rəhimzadə: "Heydər Əliyev ən məsuliyyətli və çətin qərarları təkbaşına qəbul edirdi"
Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın böhranlı vəziyyətində həmişə xilaskar missiyasını yerinə yetirdiyini söyləyərək vurğuladı ki, Heydər Əliyev həmişə bu və ya digər qərarı qəbul etməzdən öncə hər kəsi dinləyib, təklifləri öyrənib: "Heydər Əliyevin rəyi həmişə həlledici olurdu. Mülahizələrini tutarlı dəlillərlə əsaslandırması nəticəsində sonda hər kəs Heydər Əliyevin qərarı ilə razılaşırdı. Ən məsuliyyətli və çətin qərarları təkbaşına qəbul edirdi. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümlülüyü yox idi. Təşəbbüskarlığı və mütərəqqi ideyaları dəstəkləyirdi. Əldə olunan uğurlara görə sevinirdi".
Heydər Əliyevin güclü rəhbər kimi hər kəs tərəfindən qəbul edildiyini bildirən A.Rəhimzadə qeyd etdi ki, məhz bu səbəbdən 1993-cü ildə bir zaman Onun əleyhinə səs verən deputatlar da Onun qayıdışa səs veriblər: "Heydər Əliyevin bir çağırışı kifayət idi ki, heç bir təşkilatlanma olmadan insanlar meydana çıxıb, onu müdafiə etsinlər. 1994-cü ilin payızında dövlət çevrilişinə cəhd zamanı on minlərlə insan Prezident Administrasiyasının qarşısına axışaraq, Onu müdafiə etdi. 1993-cü ildə Heydər Əliyevin qayıdışı millətin şərəf və ləyaqətini xilas etdi. Dövlətçiliyin əsasları qoyuldu, uğurlu sosial-iqtisadi siyasət həyata keçirildi".
Əli Əhmədov: "Heydər Əliyev sadəcə tarix deyil, daha çox müasirlikdir. Onun məfkurəsi arasında azərbaycançılıq xüsusi yer tutur"
Yeni Azərbaycan Partiyasının Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov tarixi şəxsiyyətlərin millətin gücünü, əzəmətini göstərdiyini vurğulayıb: "Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər sırasında Heydər Əliyevin xüsusi yeri var. Hər il Heydər Əliyevin 90 illiyi xalq sevgisi və böyük təntənə ilə qeyd olunur. Heydər Əliyevin ideyaları bu gün də Azərbaycan xalqına xidmət edir".
Əli Əhmədov onu da bildirdi ki, hər bir xalqın malik olduğu ən böyük sərvəti malik olduğu tarixi şəxsiyyətlərdir: "Tarixi şəxsiyyətlər xalqın gücünü göstərir. Azərbaycan xalqının tarixdə yetişdirdiyi ən böyük şəxsiyyətlər sırasında Onun xüsusi yeri var. Azərbaycan xalqı, dövləti Heydər Əliyevin bu xidmətlərini həmişə yüksək qiymətləndirib. Azərbaycanın müasir tarixinin böyük hissəsi Onun adı ilə bağlıdır. Heydər Əliyev sadəcə tarix deyil, daha çox müasirlikdir. Onun məfkurəsi arasında azərbaycançılıq xüsusi yer tutur".
YAP Sədrinin müavini Əli Əhmədov onu da vurğuladı ki, Heydər Əliyev böyük siyasətçi, müdrik, uzaqgörən dövlət xadimi, eyni zamanda, məsuliyyətli və tələbkar rəhbər olmağı ilə yanaşı, insanlara yüksək qayğıkeşliyi ilə seçilən şəxsiyyət idi: "Heydər Əliyevin ideyaları bu gün Azərbaycanın reallığı və gerçkliyidir. Heydər Əliyev həmişə deyərdi: "Nə qədər Azərbaycan var, Mən də varam". Həqiqətən, Heydər Əliyev Azərbaycanın bugünkü inkişafındadır. Heydər Əliyev Azərbaycan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarının təmin edilməsində əhəmiyyətli amil olaraq insanlarımız tərəfindən etiraf olunmaqdadır".
İclasda millət vəkilləri Zeynəb Xanlarova, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli və Milli Məclis Sədrinin müavini Bahar Muradova Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdılar. Bildirildi ki, müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizin iqtisadi tərəqqisi və digər sahələrdə həyata keçirilən nəhəng işlərin bünövrəsi, məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Diqqətə çatdırıldı ki, bu xidmətləri sayəsində Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə yenilməz qala ucaltmışdır.
Mehriban Əliyeva: "Böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaq"
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva amnistiya aktı ilə bağlı çıxış etdi. Mehriban Əliyeva bildirdi ki, bir neçə gündən sonra biz dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyini qeyd edəcəyik: "Böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaq. Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və əyilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, Onun ailə üzvü olaraq demək istərdim ki, O, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə O, çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında O, ədalətsizlik, satqınlıq və xəyanətlə üzləşmişdi. Elə bu salonda Onun vaxtı ilə irəli çəkdiyi insanlar Ona qarşı əsassız hücumlar etmişdilər. Lakin O, 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti seçilərkən həmin insanların böyük əksəriyyətini bağışladı. Və bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi".
Mehriban xanım Əliyeva qeyd etdi ki, bu gün müzakirə etdiyimiz amnistiya aktı əslində bağışlamaq aktıdır. Belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır. "Mən inanıram ki, bağışlamaqla, xoş niyyətlə və mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları, humanizm prinsipləri olub".
Mehriban xanım Əliyeva bildirdi ki, diqqətinizə təqdim olunan qərarda təqribən 9000 min şəxsin amnistiya aktının təsiri altına düşməsi nəzərdə tutulub: "Onlardan 2000-dən artıq məhkumun azad olunması gözlənilir. Mən ümidvaram ki, azadlığa çıxan insanlar öz səhvlərini dərk edəcəklər, bir də gələcəkdə belə səhvlərə yol verməyəcəklər, ailələrinə qovuşacaqlar, cəmiyyətimizdə öz yerlərini tutacaqlar". Mehriban xanım Əliyeva bildirdi ki, Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı belə bir qanunun qəbul edilməsi böyük rəmzi xarakter daşıyır: "İnanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür". Çıxışının sonunda Mehriban xanım Əliyeva deputatları bu qərarı dəstəkləməyə çağırdı.
Sonra iclasda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş və Milli Məclisin Mətbuat xidmətinin Televiziya Mərkəzində hazırlanmış sənədli film nümayiş etdirildi.
Əli Hüseynli: "Azərbaycan cəza çəkən məhkumların say göstəricisinə görə Avropa ölkələri ilə bir sıradadır"
Milli Məclisin Hüquq Siyasəti və dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, amnistiya aktının Heydər Əliyev Fondu tərəfindən təqdim olunması cəmiyyət tərəfindən alqışlanır: "Çünki bu gün insanların düşüncəsində Heydər Əliyev irsinin ən yaxşı davamçısı məhz Heydər Əliyev Fondudur. Amnistiya aktının Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması da təsadüfi deyil. Çünki məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya kimi təsisatları onların öz mahiyyətinə uyğun bərpa etdi". Onun sözlərinə görə, Azərbaycanda ölüm cəzasının sonuncu dəfə icrası 1992-93-cü illərdə həyata keçirilib: "Təəssüf ki, həmin vaxt heç bir amnistiya qərarı olmadan 700-ə yaxın ağır cinayət törətmiş şəxsin azadlığa buraxılması ilə yadda qalıb. Heydər Əliyev isə bu siyasəti elə balanslaşmış şəkildə həyata keçirdi ki, həm cinayətkarlığa qarşı mübarizə aparıldı, həm də cinayət törətmiş şəxslər azad olundu, nəticədə, cəmiyyətdə sabitlik yarandı".
Ə.Hüseynli vurğuladı ki, Azərbaycanda sonuncu amnistiya qərarı da 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul olunub: "Artıq uzun illərdir ki, Azərbaycan əhalisinin hər 100 min nəfərinə nisbətən cəza çəkən məhkumların say göstəricisinə görə keçmiş sovet respublikalarını qabaqlayıb, Şərqi Avropa və Avropa ölkələri ilə bir sıradadır. Bu amnistiya qərarından sonra 9 min nəfərə yaxın şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir. Bu, məhkumların ümumi sayının təxminən 1/3-dir. Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Amnistiya aktının həmçinin, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara tətbiq edilməsi və bu kateqoriya şəxslərin cəzadan azad olunmaları təklif edilir. Layihəyə əsasən, Amnistiya Aktı təqribən 9 min şəxsə şamil oluna bilər. Bu akt əsasında 2 mindən artıq məhkumun azadlığa buraxılması gözlənilir".
Sonra amnistiya aktı səsə qoyularaq, 114 səslə qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
RƏFİQƏ KAMALQIZI