PDF Oxu

Əsas

  • 13

Əli Həsənov: “Əminəm ki, gənclər bu seçimində yanılmayıb"

Əli Həsənov: “Əminəm ki, gənclər bu seçimində yanılmayıb"

"Azərbaycan dövlətinin gənclər siyasəti bilavasitə gənclərin iştirakı ilə formalaşır"

Azərbaycan dövlətinin gənclər siyasəti bilavasitə gənclərin iştirakı ilə formalaşır, onların iştirakı ilə həyata keçirilir və bu siyasətin həm formalaşması, həm həyata keçirilməsi mərhələsi, həm də gələcək planlar gənclərdən gəlir. SİA-nın verdiyi xəbərə görə, bunu Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclasında Prezident Administrasiyasnın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışı zamanı deyib.

Ə.Həsənovun sözlərinə görə, dövlət bu təklifləri sistemləşdirir və həyata keçirir: "O yerdə ki, fəaliyyət kortəbii deyil, planlı şəkildə, aşağıdan gələn təkliflərlə, bu sahəyə aid olan şəxslərin ideyaları əsasında formalaşırsa, belə siyasət həmişə davamlı, daha praktik və praqmatik olur. Gənclərin çıxışını dinlədikcə bir daha inanırsan ki, sabaha daha arxayın addımlamaq və gələcəyə ümidlə baxmaq olar. Əgər vətəndaş nikbindirsə deməli sabaha ümid və inam var. İnsanların fəaliyyəti şüurludursa, konkret hədəflərə ünvanlanıbsa, o siyasəti yürüdənlər iradəlidirsə, deməli müvəffəqiyyətdən danışmaq olar. Gənclərin Prezident İlham Əliyevi dəstəkləməsini alqışlayıram, hesab edirəm ki, bu, sizin süurlu seçiminizdir, İlham Əliyevin prezident seçkilərində namizədliyinin dəstəklənməsi əminəm ki, sizdən gələn ideyadır. Bunu sizə nə Gənclər və İdman Nazirliyi, nə də Prezident Administrasiyası məcbur etməyib və ya müdaxilə etməyib. Əminəm ki, bu seçiminizdə yanılmamısınız, şüurlu seçim etmisiniz. Düşünürəm ki, İlham Əliyevin indiyə kimi idarəçiliyində olduğu kimi siz gənclər onun fəaliyyətində bilavasitə əsas iştirakçılardan biri olacaqsınız.

Əli Həsənov ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi töhfəsindən də söz açıb: "1969-cu ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gənclər ittifaq səviyyəsində tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərdi. Bu, Azərbaycanın kadr potensialının inkişaf etdirilməsinin başlanğıcı idi. Qısa müddətdə 15 min Azərbaycan gənci SSRİ-nin 150-dən artıq tədris müəssisəsində 275 ixtisas üzrə hazırlandı və bu gün ölkənin dövlət quruculuğunda iştirak edir. Heydər Əliyev 1969-1987-ci illərdə Azərbaycanın kadr potensialının inkişafı sahəsində inqilabi addımlar atdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən sonrakı xidməti də gələcək nəsillərin yetişməsinə yönəlmişdi".

Əli Həsənov bildirib ki, indiki ictimai-siyasi modelin beş tələbi var: "Bunlar dövlətçilik, qanunçuluq, cəmiyyətdə sosial ədalət, vətəndaş prinsipiallığı və həmrəyliyidir. Bu gün də bizim söykəndiyimiz əsas məqam bunlardır. 1992-ci ildə hərə bildiyi şüarı cəmiyyət idarəçiliyinin, daxili siyasətin prinsipi elan edirdi. Biri deyirdi ki, türkün türkdən başqa dostu yoxdur, digəri bildirirdi ki, Azərbaycan tezliklə İrana bayraq sancmalıdır və Cənubi Azərbaycan ilə birləşməliyik və möhtəşəm dövlət yaratmalıyıq. Hətta bəziləri deyirdi ki, bizim əsas milli ideyamız Çindəki uyğurları azad edib möhtəşəm dövlət yaratmaqdır. Hələ həmin vaxtlar özümüzün azad olub-olmayacığımız bəlli deyildi. Bu prinsiplər cəmiyyətimizi içəridən dağıdırdı. Heydər Əliyevin qoyduğu ideya isə bu gün də ölkənin inkişafına xidmət edir. Azərbaycançılıq dövlətimizə bağlıdır, bu ideya dövlətin imkanlarından bərabər bəhrələnmək imkanı da yaradır. Azərbaycançılıq vətəndaş həmrəyliyidir və milli mənsubiyyəti inkar etmir. Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir" ümummilli liderimiz bunu belə bəyan edib. Hər bir insanın zənginliyi bizim mədəniyyətin təməlində durur. Bu mədəniyyətə ləzgilərin, kürdlərin, talışların və Azərbaycanın digər yerli xalqlarının, onun mədəniyyətinə inteqrasiya etdiyi bütün o cəhtləri çıxsaq mədəniyyətimizdə nə qalar? Bizim mədəniyyətimiz Azərbaycanda yaşayan xalqların mədəniyyətinin məcmusudur".

sia.az

Digər xəbərlər