PDF Oxu

Əsas

  • 15

YAP Ağsu rayon təşkilatının VIII konfransı keçirilib

YAP Ağsu rayon təşkilatının VIII konfransı keçirilib

Mayın 11-də YAP Ağsu rayon təşkilatının VIII konfransı keçirilib. Tədbir iştirakçıları öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə qızılgül dəstələri qoyublar.

Ağsu rayon mədəniyyət sarayında davam edən konfransda YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov hesabat məruzəsi ilə çıxış edərək konfransın Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubleyi ərəfəsində keçirildiyini söyləyib: "Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verilməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilmişdir".

Ə.Hüseynov 1993-cü ildən fəaliyyət göstərən YAP Ağsu rayon təşkilatı ötən 20 ildə böyük inkişaf yolu keçdiyini, sıralarının daim genişləndiyini, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirdiyini vurğulayıb: "Hazırda YAP Ağsu rayon təşkilatı öz ətrafında 90 ərazi ilk partiya təşkilatını birləşdirir. 4709 nəfər üzvü olan təşkilatın 1275 nəfərini, yəni 28 faizini gənclər, 1771 nəfərini, yəni 38 faizini isə qadınlar təşkil edir. Ötən konfrasdan hazırkı dövrə qədər təşkilatın sıralarına 385 nəfər üzv qəbul edilib ki, onların da 235 nəfərini gənclər, 83 nəfərini isə qadınlar təşkil edir. YAP Ağsu rayon təşkilatında birləşən üzvlər ölkənin, o cümlədən təmsil etdikləri rayonun ictimai-siyasi, iqtisadi, mədəni həyatında və digər sahələrdə fəal iştirak edirlər".

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs etdi: "YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilib. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda beynəlxalq aləmdə yeri və rolunu artırmışdır". E.İbrahimov Ağsu rayonunda aparılan abadlıq işlərindən razılıq hissi ilə danışdı. O bildirdi ki, respublikamızın bütün regionlarında olduğu kimi, Ağsu rayonunda da tikinti, abadlıq və quruculuq işləri çox uğurla aparılır.

Millət vəkili Ərəstun Cavadov da çıxışında Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, böyük inkişaf yolu keçdiyini, cəmiyyətin ən aparıcı qüvvəsinə çevrildiyini söylədi: "Partiyanın böyük nüfuza malik olması onun yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. YAP nəinki ölkənin, eləcə də bölgənin aparıcı siyasi qüvvəsinə çevrilərək sıralarının günbəgün artması Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. Bu gün Azərbaycanın səsinin dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilməsi düzgün qurulan siyasətin nəticəsidir. Bu siyasət möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Natiq ağsuluların millət vəkili kimi rayonun daha da gözəlləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini də vurğuladı və ötən ilin hesabatını qənaətbəxş hesab etdi.

YAP Ağsu rayon təşkilatının idarə heyətinin üzvü, Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarından geniş bəhs etdi: "Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanın hər bölgəsi, qəsəbəsi inkişaf və tərəqqi dövrünü yaşayır".

Sonda YAP Ağsu rayon təşkilatından Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçildi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər