Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 7 məsələ - "Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında sazişə düzəlişlərin təsdiq edilməsi" haqqında qanun layihəsi, "Avtomobil yolları haqqında", "İcbari sığorta haqqında" qanunlara, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi və "Miqrasiya Məsəlləsi"nin layihələri daxil edilmişdir.
Gündəlikdəki qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini diqqətə çatdırdılar. Millət vəkillərindən Zahid Oruc, Fazil Mustafa, Fərəc Quliyev, Musa Quliyev, Qüdrət Həsənquiyev, Elman Məmmədov, İqbal Ağazadə, İsa Həbibbəyli, Rəbiyyət Aslanova və başqaları çıxış edərək Bakıda soyqırımı abidəsinin və muzeyinin yaradılması, Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin rəsmi protokola salınması kimi təkliflərlə çıxış etdilər. Çıxışlarda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin İranda həbsinə etiraz edildi. Azərbaycanlı alimin həbsi ilə bağlı çıxışlara münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov dedi ki, Azərbaycanla İran arasında parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir və bu qrupun üzvləri İrandakı həmkarlarına müraciət etməlidirlər. Oqtay Əsədov öz növbəsində İran parlamentinin sədrinə müraciət edəcəyini diqqətə çatdırdı. Spiker onu da bildirdi ki, Xocalı soyqırımı abidəsi ilə bağlı böyük layihə var, heykəl dəyişdiriləcək və muzey yaradılacaq. Gələcəkdə bu abidənin ziyarət edilməsi də protokola salınacaq.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş"ə düzəlişlərin təsdiq edilməsi barədə" qanun layihəsinə baxıldı. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə layihə ilə bağlı məlumat verdi. Komitə sədri sənəddəki düzəlişlərin əksəriyyətinin redaktə xarakterli olduğunu vurğuladı. Qanun layihəsi səsə qoyularaq təsdiq edildi.
Sonra Ziyad Səmədzadə "Avtomobil yolları haqqında" qanunda dəyişikliklər edilməsi barədə" sənədi müzakirəyə təqdim etdi. Qanun Azərbaycanda avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Dəyişikliklərlə bağlı ətralı məlumat verən komitə sədrinin sözlərinə görə, bütün bunlar nəqliyyat sahəsinin müasir tələblər səviyyəsində qurulması prinsiplərinə xidmət edəcək. Mövcud qanun 1999-cu ildə qəbul edilib. Aradan keçən 14 il ərzində ölkənin yol- nəqliyyat sistemində əsaslı dəyişikliklər baş verib ki, bu da qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradır. Qeyd olundu ki, yeni layihədə yüklü və yüksüz iritonajlı nəqliyyat vasitələri üçün alternativ yolların çəkilişi, ödənişli yolların salınması, dövlət mülkiyyətində olan yollarda qorunma zolaqları, avtomobil yollarının ehtiyat zonaları ilə bağlı bir sıra mühüm məsələlər öz əksini tapıb. Sənəddə həm də avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin olunması məqsədilə yüksək standartlara və normativlərə uyğun ödənişli avtomobil yollarının yaradılması nəzərdə tutulur.
Layihənin müzakirəsi zamanı deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Elton Məmmədov, Fərəc Quliyev, Astan Şahverdiyev, Gülçöhrə Məmmədova, Fəzail Ağamalı layihə ilə bağlı fikirlərini bildirdilər. Qanun layihəsi səs çoxluğu ilə qəbul edildi. Daha sonra iclasda "İcbari sığortalar haqqında" Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edildi. Layihə ilə bağlı məlumat verən Ziyad Səmədzadə qeyd etdi ki, sənəd respublikamızda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycanda qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Millət vəkilləri Vahid Əhmədov, Sədaqət Vəliyeva, Zahid Oruc, Azər Badamov çıxış edərək sənədə edilən dəyişiklikləri məqbul hesab etdiklərini diqqətə çatdırdılar. Qanun layihəsi səsə qoyularaq qəbul edildi. Sonra deputatlar ilk oxunuşda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunu müzakirə etdilər. Sənədlə bağlı məlumat verən İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə qanunun əhəmiyyətini vurğuladı. Bildirildi ki, qanun ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, və burada iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Sənəd səs çoxluğu ilə qəbul edildi.
İclasda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi müzakirəyə çıxarıldı. Bildirildi ki, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. Qeyd olundu ki, dövlətimizin iqtisadi inkişafı, ölkədəki ictimai-siyasi sabitlik xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artmasına və miqrant axınının güclənməsinə səbəb olur. Yeni hazırlanmış məcəllə bu sahədə mövcud olan bütün münasibətləri tənzimləyəcəkdir. Məcəllə layihəsi ilk oxunuşda qəbul edildi. Bununla da Milli Məclis öz işini başa çatdırdı.
RƏFİQƏ KAMALQIZI