Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, YAP Mərkəzi Aparatının məhsul işçisi Rafael Gülməmmədov, "Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsini ziyarət ediblər. Rayonun mədəniyyət evində davam etdirilən konfransda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ilk öncə rayon partiya təşkilatı haqqında ümumi məlumat verib. O, qeyd edib ki, hazırda YAP Şəmkir rayon təşkilatı özündə 125 ilk partiya təşkilatını birləşdirməklə 9562 nəfərdən ibarətdir. Bunlardan 5085 nəfəri qadınlar, 3217 nəfəri isə gənclərdir.
Sonra Fəxrəddin Vəliyev konfransın əlamətdar bir dövrdə, Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinin Azərbaycan xalqı tərəfindən böyük təntənə ilə qeyd edildiyi vaxtda keçirildiyini diqqətə çatdırıb.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev həmçinin, bu il ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. O, bildirib ki, 2013-cü ildə keçiriləcək prezident seçkiləri rayonda tam demokratik, şəffaf, Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada keçiriləcək: "Artıq Şəmkir seçiciləri öz seçimlərini ediblər. Onlar yenidən Yeni Azərbaycan Partiyasının vahid namizədi, Ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi, İlham Əliyev cənablarına səs verəcəklər. İlham Əliyevə səs verməklə biz müstəqilliyə, dövlətçiliyə, demokratiyaya, sürətli iqtisadiyyata, çevik və uğurla həyata keçirilən daxili və xarici siyasətə səs vermiş oluruq".
YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev konfransda çıxış edərək partiyanın yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş işlərdən danışıb. O, bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə, tarixi zərurətdən yaranıb. Partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Daha sonra konfransda çıxış edən YAP Mərkəzi Aparatının məhsul işçisi Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyasının ölkəmizdə ən qüdrətli siyasi təşkilat olduğunu qeyd edib. O, əvvəlki illərdə keçirilən bütün seçkilərdə partiyanın həmişə uğur qazandığını, bu uğurun əsasında Ulu öndər Heydər Əliyevin siyasi kursunun dayandığını, qarşıdan gələn prezident seçkilərində də xalqın yenidən Prezident cənab İlham Əliyevə səs verəcəyinə əminliyini bildirib.
"Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev isə öz növbəsində çıxış edərək bildirib ki, YAP Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsidir: "İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi təşkilatlardan öndə gedir. Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək partiya yoxdur".
Bəhruz Quliyev həmçinin qeyd edib ki, Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi illərdə Azərbaycan Respublikası qüdrətli dövlətə çevrilib və bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir: "Hazırda Azərbaycan Respublikası regionda lider dövlətə çevrilib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bununla yanaşı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş işlərin icrası da davam etdirilir".
Sonda çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Şəmkir rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. N.Veysov bildirib ki, Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin bütün regionlarında, o cümlədən Şəmkirdə də hazırda böyük tikinti, quruculuq və abadlıq işləri davam etdirilir.
Qeyd edək ki, konfransın sonunda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilib.
Yekunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.
sia.az