YAP Qobustan rayon təşkilatının VI konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının VI konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Rayonun Gənclər Mərkəzində davam etdirilən konfransda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Sonra YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev hesabat məruzəsilə çıxış edərək rayon təşkilatı haqqında ümumi məlumat verib: "Hazırda YAP Qobustan rayon təşkilatı özündə 53 ilk partiya təşkilatını birləşdirməklə 2084 nəfərdən ibarətdir. Bunlardan 579 nəfəri qadınlar, 773 nəfəri isə gənclərdir.Konfransın əlamətdar bir dövrdə, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinin Azərbaycan xalqı tərəfindən böyük təntənə ilə qeyd edildiyi vaxtda keçirilir. Rayon təşkilatının sədri, həmçinin, cari ilin son aylarında ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri və qarşıda duran vəzifələrdən danışıb: "2013-cü ildə keçiriləcək prezident seçkiləri rayonda tam demokratik, şəffaf, Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada keçiriləcək. Artıq Qobustan seçiciləri öz seçimlərini ediblər. Onlar yenidən Yeni Azərbaycan Partiyasının vahid namizədi, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, İlham Əliyev cənablarına səs verəcəklər. İlham Əliyevə səs verməklə biz müstəqilliyə, dövlətçiliyə, demokratiyaya, sürətli iqtisadiyyata, çevik və uğurla həyata keçirilən daxili və xarici siyasətə səs vermiş oluruq".Millət vəkili Ərəstun Cavadov konfransda çıxış edərək, partiyanın yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş işlərdən danışıb.YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə isə çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin aparıcı, avanqard siyasi qüvvəsi olduğunu söyləyib: "İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi təşkilatlardan öndə gedir. Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək partiya yoxdur"..Rəhimzadə, həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan qüdrətli dövlətə çevrilib və bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir: "Hazırda Azərbaycan Respublikası regionda lider dövlətə çevrilib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Təbii ki, bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdiriləcək. Konfransda Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən, Qobustan rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Adil Məmmədov ölkə Prezidenti İlham Əliyevin may ayının 1-də Qobustana etdiyi səfərdən danışaraq bildirdi ki, dövlət başçısının rayonumuza səfəri aparılan işlərə yüksək dinamizm bəxş etməklə rayon sakinlərinin yaddaşına əbədi həkk olunmuşdur: "Cənab Prezidentin səfəri rayonda genişmiqyaslı quruculuq- abadlıq işlərinə yeni nəfəs gətirmiş, görülmüş işlərə yüksək qiymət verməsi bizdə böyük ruh yüksəkliyi yaratmışdır. Səfər zamanı Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən əzəmətli İdman Kompleksi, Gənclər Mərkəzi, Qobustan-Xilmilli avtomobil yolu qobustanlılar üçün çox böyük bir hədiyyədir. Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir ki, son illər rayonumuzda geniş sosial və infrastruktur layihələrin həyata keçirilməsinə nail olunmuş, rayonda çoxsaylı məktəb binası və inzibati binalar tikilib istifadəyə verilmişdir." Konfransın sonunda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilib və YAP sıralarına qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim edilib.Konfransda Yeni Azərbaycan Partiyasının məsul əməkdaşı Həsən Daşdəmirov iştirak edib.
RƏFİQƏ HÜSEYNOVA