Mayın 23-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası olmuşdur.
İclasda "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilmişdir.
AzərTAc xəbər verir ki, komitənin sədri Eldar İbrahimov Azərbaycanın ev heyvanlarının saxlanması haqqında Avropa Konvensiyasına qoşulduğunu və buna görə də mövcud qanunvericilikdə dəyişikliyin edilməsi zərurətinin yarandığını diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, qanun layihəsində ev heyvanlarının saxlanması, qidalanması, daşınması, onların yarışlara cəlb edilməsi kimi məsələlərin tənzimlənməsi nəzərdə tutulmuşdur.
Dəyişikliklərə əsasən, ev heyvanları ilə qəddar davranışa görə cərimələrin həcmi yüksəldilmişdir. Əgər əvvəllər ev heyvanlarından sui-istifadəyə və onlarla rəhmsizcəsinə davranışa görə 40 manat cərimə nəzərdə tutulmuşdursa, yeni qanuna görə bu məbləğ 500 manata qaldırılmışdır.
Qanuna dəyişikliklərin edilməsinin əsas məqsədi ev heyvanlarını qorumaqdan ibarətdir.
Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edilmişdir.
AzərTAc