Əli Əhmədov: "600 min nəfərlik üzvlərinin hər biri qarşıdan gələn prezident seçkiləri kampaniyasının hazırlanmasında yaxından iştirak edəcək, Prezidentimiz İlham Əliyevin öz seçki kampaniyasını yüksək fəallıq şəraitində keçirməsinə böyük töhfələrini verəcəklər"
Dünən YAP Yasamal rayon təşkilatının IX konfransı keçirilib. 290 nümayəndənin iştirak etdiyi konfransı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, professor Fikrət İsmayılov qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatı son illər fəaliyyətini daha da genişləndirib, üzvlərinin sayı artıb. Belə ki, hazırda 148 ərazi ilk partiya təşkilatında birləşən üzvlərin sayı 26 min 40 nəfərir. Onlardan da 11500 qadlar, 12200 nəfəri isə gənclərdir.
Rayon təşkilatının sədri həmçinin, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiyanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatında oynadığı roldan danışıb. F.İsmayılov onu da bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər yerində olduğu kimi, Yasamal rayonunda da sosial-iqtisadi inkişaf uğurla davam etdirilir. F.İsmayılov növbəti prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də danışaraq qeyd edib ki, rayonda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər bir şərait yaradılmaqdadır: "Yasamal sakinləri prezident seçkisində partiyanın Sədri İlham Əliyevi dəstəkləyəcək və Onun ətrafında sıx birləşərək, xalqımızın mənafeyi naminə əlindən gələni əsirgəməyəcəklər".
Konfransda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, partiya 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır: "Məlum olduğu kimi, oktyabrda keçiriləcək prezident seçkiləri kampaniyasına hazırlıq proqramı çərçivəsində YAP-ın növbəti qurultayı keçiriləcək və qurultay nümayəndələri tərəfindən Prezident İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunacaq". Əli Əhmədov onu da vurğulayıb ki, bu gün 2013-cü ilin seçki kampaniyası ərəfəsində Azərbaycan cəmiyyətinin bütövlükdə siyasi abı-havası və ovqatı Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi ideyası əsasında formalaşıbdı: "Azərbaycan cəmiyyəti, Azərbaycan seçiciləri İlham Əliyevin namizədliyinin irəli sürülməsi qənaətinə, birincisi, son 10 il ərzində Prezidentimizin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin nəticələrini qiymətləndirmək əsasında gəliblər. Bu nəticələr kifayət qədər əzəmətlidir. Azərbaycan 10 il ərzində böyük bir inkişaf mərhələsi və inkişaf yolu keçibdi. Bu inkişaf yolunun görünən nailiyyətləri hər birimizdə böyük, dərin məmnunluq hissi yaradır. Azərbaycan, sözün həqiqi mənasında, böyük bir inkişaf mərhələsi keçib, yeniləşib, müasirləşib, güclənibdir. Bütün dünyada Azərbaycan dövlətinin əhəmiyyətli dərəcədə yüksəlibdi. Təbii ki, bütün bunların hamısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləridir. Dövlətimizin qüdrətinin artması ilə yanaşı insanlarımızın rifahında, yaşayışında da əhəmiyyətli irəliləyişlər baş veribdi. Eyni zamanda, İlham Əliyevin namizədliyinin irəli sürülməsi qənaətinin formalaşması həm də insanlarımızın, vətəndaşların, seçicilərin gələcəyə baxışları ilə və bu baxışların yenə də İlham Əliyevin prezidentliyi ilə əlaqəli olmasından irəli gəlir. Azərbaycan vətəndaşları İlham Əliyevin növbəti beş il ərzində prezidentlik missiyasını yerinə yetirməsini Onun rəhbərliyi altında 10 il ərzində ölkəmizin əldə etdiyi inkişafın növbəti 5 ildə də davam etməsi şansı kimi qiymətləndirirlər. Təbii ki, rasional şəkildə düşünən, həm milli, həm də şəxsi maraqlardan çıxış edən hər bir vətəndaş növbəti prezident seçkilərində də İlham Əliyevin namizədliyini alternativsiz şəkildə qəbul edir. Bizim qurultayımızın həll edəcəyi başlıca məsələ də elə məhz bundan ibarətdir".
YAP İcra Katibi Əli Əhmədov onu da bildirdi ki, Azərbaycanın bütün rayonlarında YAP-ın yerli strukturlarında konfranslar başa çatmaqdadır: "Mayın 31-də bütün yerlərdə konfranslar sona çatır. YAP-ın qurultayına namizədlər seçiləcək və bu məsələnin kifayət qədər ciddi, kifayət qədər məsuliyyətli olduğunu da sizin nəzərinizə çatdırmaq istəyirəm. YAP-ın 600 min üzvü var. Ancaq təbii ki, qurultaya bu üzvlərin say etirabı ilə az bir hissəsi nümayəndə seçiləcək. YAP-ın növbəti qurultayına təxminən 700 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulur. Güman edirəm ki, YAP-ın həm qurultayda iştirak edən, həm də ümumilikdə 600 min nəfərlik üzvlərinin hər biri istər qurultaya qədərki dövrdə, istərsə də qurultaydan sonrakı dövrdə qarşıdan gələn prezident seçkiləri kampaniyasının hazırlanmasında yaxından iştirak edəcək, Prezidentimiz İlham Əliyevin öz seçki kampaniyasını yüksək fəallıq şəraitində keçirməsinə böyük töhfələrini verəcəklər. Eyni zamanda, YAP-ın bundan əvvəlki seçki kampaniyalarında keçirdiyi yüksək fəallığı təkrar edəcək, partiyanın növbəti seçki qələbəsinin təmin olunmasına özlərinin böyük əhəmiyyətli və şərəfli töhfələrini verə biləcəklər".
Sonra YAP-ın V qurultayına nümayəndələr seçldi.
RƏFİQƏ KAMALQIZI