Dünən YAP Masallı rayon təşkilatının VIII konfransı keçirilib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər.
Masallı rayon Gənclər Mərkəzində davam edən konfransı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edərək son illər əldə olunan uğurlardan danışıb: "Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev Sədr olduğu Yeni Azərbaycan Partiyasının, bilavasitə fəaliyyəti ilə bağlıdır. Hər birimizə yaxşı məlumdur ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə baglı əsas rolu öz üzərinə götürmüşdür. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş vermişdir. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən artıq vətəndaşımız birləşir. Bu, təkcə statistika deyil, həm də vətəndaşlarımızın Azərbaycanın bugünkü reallığına verdiyi qiymət və Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri İlham Əliyev Cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərinin ifadəsidir".
Rayon təşkilatının sədri onu da söylədi ki, YAP Masallı rayon təşkilatı üzvləri ötən dövr ərzində rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edib, aparılan abadlıq-quruculuq işlərində fəallıq göstərmişlər: "Bu dövr ərzində rayon təşkilatı mükəmməl şəkildə təşkilatlanmış, işini günün tələbləri səviyyəsində quraraq yüksək nəticələr əldə etmiş və partiya üzvlərinin sayının 7993 nəfərdən 8985 nəfərə çatmasına nail olmuşdur. Ötən dövr ərzində partiya sıralarına 992 nəfər daxil olmuş və onlardan 341 nəfərini qadınlar, 525 nəfərini gənclər təşkil etmişdir".
Konfransda iştirak edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileylərinin respublikamızda təntənə ilə qeyd edildiyini vurğulayaraq, Ulu Öndərlə bağlı xatirələrindən danışmışdır. K.Kərimov hazırda YAP üzvlərinin 600 mini ötüb keçdiyini, partiya fəallarının ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm rolu vurğulayaraq, regionların sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini, bölgələrimizin günü-gündən dəyişdiyini diqqətə çatdırmışdır.
Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs etdi: "YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilmişdir. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda, beynəlxalq aləmdə yeri və rolunu artırmışdır."
Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçildi. Tədbirdə millət vəkili Nəriman Əliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak etmişlər.
Ü.Əsgərov