YAP İmişli rayon təşkilatı IX konfransını keçirdi
Dünən Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının IX konfransı keçirilib. Konfransda YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev giriş sözü ilə konfrans nümayəndələrini və dəvət edilmiş qonaqları növbəti konfransın keçirilməsi münasibəti ilə təbrik edib və bildirib ki, Yeni Azərbaycan Partiyası və onun Lideri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə böyük nailiyyətlər əldə edilmiş, müstəqilliyimiz daha da möhkəmləndirilmişdir: "İnsanların hüquq və azadlıqlarının qorunduğu demokratik dövlət quruluşunun formalaşdırılması, azad rəqabətə əsaslanan liberal iqtisadiyyatın sürətlə inkişaf etdirilməsi sahəsində böyük uğurlar əldə edilmişdir.
YAP İmişli rayon təşkilatının ötən konfransından keçən müddət ərzində partiyanın sıralarının əhəmiyyətli dərəcədə artdığını deyən S.Ağayev qeyd edib ki, partiyanın İmişli rayon təşkilatı inkişaf edərək siyasi-ideoloji baxımdan daha da möhkəmlənmişdir: " 1993-cü ilin iyul ayında təsis olunan YAP İmişli rayon təşkilatı 7353 nəfər üzvü özündə birləşdirən 96 ərazi təşkilatından ibarətdir. Partiya üzvlərindən 2450 nəfərini və ya 34,12%-ni gənclər, 2486 nəfərini və ya 34,62%-ni qadınlar təşkil edir. Təşkilatın qeydiyyatında dayanan partiya üzvlərindən 3764 nəfəri və ya 51,2 %-i ali təhsilli, 2126 nəfəri və ya 32 %-i orta ixtisas təhsillidir. Üzvlərimizdən 6 nəfər əməkdar müəllim, 1 nəfər xalq artisti, 3 nəfər elmlər namizədi olmaqla respublikamızın sosial həyatında xüsusi rol oynayırlar".
Bu il ölkəmizdə keçiriləcək prezident seçkilərinə də toxunan rayon təşkilatının sədri vurğulayıb ki, YAP İmişli rayon təşkilatı və onun əhatə etdiyi bütün ərazi ilk partiya təşkilatları bu mühüm siyasi kampaniyaya yüksək səviyyədə hazırlaşmışdır: "Bu il Azərbaycan xalqı növbəti seçim ərəfəsindədirlər. Azərbaycan xalqı, bir daha ötən seçkilərdə olduğu kimi, öz uğurlu və inamlı seçimlərini edəcəklər. Çünki bu gün Azərbaycanda sarsılmaz xalq-dövlət vəhdəti formalaşıb. Biz imişlilər də daim öz Prezidentimizin ətrafında sıx birləşərək, onun siyasətini dəstəkləmiş, bundan sonra da daima dəstəkləyəcəyik".
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edərək, YAP İmişli rayon təşkilatının IX konfrans iştirakçılarını təbrik edərək bildirdi ki, son dövrlərdə rayonda aparılan quruculuq-abadlıq işləri böyük vüsət alıb: "Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı öz müstəqil dövlətini qurmağa, siyasi varislik prinsipinə birmənalı dəstək verməklə onu inkişaf etdirməyə, dünyanın nüfuzlu ölkələrindən birinə çevirməyə nail olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, iqtisadi islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. Bu il Prezident seşkisi ilidir. İnanırıq ki, İmişli sakinləri də daim dövlətçiliyin inkişafı və növbəti qələbləri uğrunda öz sözlərini deyəcəklər".
Daha sonra çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışaraq bugünkü nailiyyətlərimizin və uğurlarımızın əsas səbəbi kimi partiyamızın və onun rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsi olmasını nəzərə çatdırdı: "İlham Əliyev yeni əsrin və postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. O, siyasi lider kimi yeni dövrün tanınmış şəxsiyyətidir. Cənab Prezidentin qazandığı uğurlar xalqımıza böyük ümidlər verir, gələcəyə geniş yollar açır. Şübhəsiz, öz müstəqil siyasi kursunu həyata keçirən, dinamik inkişaf edən, regionun lider ölkəsi olan və dünya miqyasında söz sahibinə çevrilmiş Azərbaycan Respublikası xalqımızın tarixi nailiyyəti, ən böyük sərvəti, həqiqətən də fəxr mənbəyimizdir. Hesab edirəm ki, məhz buna görə də Azərbaycan xalqı, vətəndaşlarımız onun bütün təşəbbüslərini ürəkdən və yekdilliklə dəstəkləyirlər. İnanıram və qətiyyətlə deyirəm ki, əməksevər İmişli rayon sakinləri bu il Prezident seçkilərində yekdilliklə YAP -ın sədri ölkə Prezidenti Cənab İlham Əliyevə səs verəcəkdir".
Çıxışlardan sonra gündəlik məsələlər müzakirə edilərək Yeni Azərbaycan Partiyasının V qrultayına nümayəndələr seçildi. Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə müraciət qəbul edildi.
Rəfiqə KAMALQIZI