"Milli Şura" "Yeni Azərbaycan Partiyasına siyasi baxımdan rəqib deyil"
""Milli Şura" məsələsinə həddən artıq diqqət ayrılır. Hesab edirəm ki, bunun heç bir mənası və əhəmiyyəti yoxdur". Bunu SİA-ya millət vəkili Musa Quliyev "Milli Şura"nın yaranması və fəaliyyətinə dair məsələyə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, "Milli Şura"nın olmayan gücünün populyarlaşdırılmasının tərəfdarı deyil: "Hələlik "Milli Şura"nın özü qəti qərara gəlməyib ki, tərkibini, məramını elan etsin. "Milli Şura"dan yeni bir nəsə gözləmək mənasızdır. Çünki orda toplaşan insanların hər biri köhnəlmiş insanlardır. Eyni zamanda onların fikirləri, ideyaları, fəaliyyət sahələri, hara bağlı olduqları da cəmiyyətə bəllidir. Digər tərəfdən onların yeni bir ideyaları da yoxdur ki, irəli sürsünlər. Bundan başqa Azərbaycan xalqı iqtidarı tanıyır, ona inanır və onu dəstəkləyir. Belə bir sosial sifariş yoxdur ki, "Milli Şura" yaransın. Ona görə də "Milli Şura"dan yeni fəaliyyət gözləməyə dəyməz. Bu qurum indiyədək Azərbaycanda fəaliyyət göstərən radikal qüvvələrin başqa bir formatda bir yerə toplanmasıdır. Həmin radikal qüvvələr ayrı-ayrılıqda və ya başqa formatlarda fəaliyyətlərində nəyə nail olublarsa, "Milli Şura"nın uğurları ondan artıq olmayacaq. "Milli Şura" xalqın tələbi ilə, arzular və ideyalar əsasında yaransaydı və Azərbaycan xalqı onları dəstəkləsəydi nə isə gözləmək olardı. Nə "Milli Şura", nə də "İctimai Palata" adı altında yaranan təşkilatların heç biri Yeni Azərbaycan Partiyasına siyasi baxımdan rəqib deyillər".
sia.az