"Görəcəklər nəyə qadir olduğumuzu"
"Bu cür təhlillər aparmaq, bu cür yazılar yazmaq mənasızdır və heç bir siyasi məntiqə sığmır. Ağıllarına nə gəlir onu da yazırlar". SİA-nın verdiyi məlumata görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı publika.az-a açıqlamasında YAP-ın qurultayının vaxtının dəyişdirilməsi və bunun Qərblə razılaşma əsasında olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
"Bizim əvəzimizə onlar düşünürlər?"
YAP rəsmisi bildirib ki, qanunda qurultayın keçirilməsi ilə bağlı xüsusi bir müddəa yoxdur. Onun sözlərinə görə, namizədlərini irəli sürən digər partiyalar da qurultaylarını istədikləri vaxt keçirir: "Bizim qurultayımızın vaxtının dəyişilməsi məsələsi hardan çıxıb, kim kəşf edib bunu? Hansı məntiqlə belə düşünür, hələ bir təhlillər də aparırlar. Olduqca mənasız yanaşmalardır. Qurultayın indi keçirilməsi nəzərdə tutulub, qərarlaşdırılıb. Bunu bir ay sonra da, bir ay əvvəl də keçirə bilərdik. Sadəcə olaraq partiyanın bu istiqamətdə gördüyü işlər, keçirilən konfranslar yekunlaşıb və qurutayın vaxtı çatıb. Bunu uyduranlara sual vermək lazımdır ki, nəyə görə YAP qurultayının vaxtını dəyişdirməlidir. Bizim əvəzimizə onlar düşünürlər, yoxsa bizim planlarımızı, fikirlərimizi bilirlər? Kimlərləsə razılaşdırılıb, vaxt dəyişdirilib, bunlar mənasız danışıqlardır".
Onun sözlərinə görə, bundan əvvəlki qurultay indiki vaxtdan bir ay gec keçirilib, ondan qabaqkı da ayrı bir vaxt baş tutub: "Qurultay iyunda keçirilir. Bizim qurultayımızın keçirilmə müddəti və digər məsələlər bir ay bundan qabaq müəyyənləşdirilib. Hər şey sistemli şəkildə, planlı formada qurulub. Qurultayın vaxt nə qabağa çəkilib, nə də geriyə. Bunu deyən adamlar bizim partiyanın nizamnaməsindən və seçki məcəlləsindən bixəbər adamlardır. Ümumiyyətlə, söz tapmırlar, buna görə də özləri fikirləşib, özləri də yazırlar".
"Milli Şuranın əzələsi var ki, onu da nümayiş etdirsinlər?"
Milli Şuranın təsis toplantısının iyunun 7-də, yəni YAP-ın qurultayı ilə eyni ərəfədə keçirməsinin hakim partiyaya qarşı "əzələ nümayişi" kimi qiymətləndirmələrə gəlincə, M.Qurbanlı bildirib ki, Milli Şuranın olmayan əzələsini necə nümayiş etdirir? Onun sözlərinə görə, "əzələ nümayişi" termini hərbi termindir və bunun politologiyaya heç bir aidiyyəti yoxdur: "Milli Şuranın özünü bir əzələsi var ki, onu da nümayiş etdirsinlər. Olmayan bir nəsnəni nümayiş etdirmək mümkündürmü? Mənasız-mənasız danışırlar. Bizim gücümüz və qüdrətimiz liderimiz cənab İlham Əliyevin bütövlükdə Azərbaycanda, bölgədə və dünyada olan nüfuzudur. Onun qarşısına çıxacaq hansısa bir siyasi rəqib olmayacaq. Bunu planlaşdırmışıq, buna doğru da gedirik. Siyasi meydan açıqdır. Gəlsinlər, namizədliklərini versinlər, siyasi müstəvidə yarışsınlar. Görəcəklər nəyə qadir olduğumuzu".
sia.az