"Milli Şura ideyası Azərbaycanın öz daxili ictimai-siyasi münasibətlərindən doğan bir ideya deyil, əksinə kənardan gəlmə bir ideyadır. Bu mənada hər kənardan gələn ideyadan "xilas çubuğu" kimi yararlanmağa çalışan müxalifət düşərgəsinin müəyyən qanadı, bu ideyadan da öz məqsədləri üçün istifadə etməyə çalışaraq "Milli Şura" adlı qurumun yaradılması işinə ciddi-cəhdlə qoşuldular". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova müxalifətin böyük səbirsizliklə yaradılmasını gözlədiyi "Milli Şura"nın "fəaliyyətinə" münasibət bilirərkən deyib.B.Muradovanın sözlərinə görə, "Milli Şura" adlı qurumun elan olunması vaxtından artıq xeyli müddət keçib, amma məqsədə çatmaq mümkün olmayıb: "Hesab edirəm ki, bütün bunlara qeyri-adi baxmaq lazım deyil. Çünki Azərbaycan müxalifətinin durumu, qarşısına qoyduğu məqsəd və hədəflərinə çatmaq istiqamətindəki fəaliyyəti çox acınacaqlıdır və bu, müxalifətin gündəlik rastlaşdığı adi hallardandır. "Milli Şura" ideyası bəyan ediləndən dərhal sonra da həm müxalifətin imkanlarına və iş prinsipinə bələd olan, həm də Azərbaycana kənardan gəlmə və dəstəklənən ideyaların ölkənin ictimai-siyasi mühitində özünə yer tapmadığını çox yaxşı bilən insanlar belə bir qrumun alınmayacağını, alınacaqsa da təsirsiz bir qruma çevriləcəyini demişdilər. Proqnozlar özünü doğrultmaqdadır. Baxmayaraq ki, çox böyük iddialarla bu qrum bəyan olundu. Amma konkret olaraq ortada heç nə yoxdur. Hələlik siyahılar üzərində gərgin mübahisələr gedir. Hətta belə bir qeyri-müəyyən vaxtda kimlərin daha çox şanslı olacağı və kimin qrumdan nə vaxt çıxıb, çıxmayacağı ilə bağlı fikirlər daha öndə gedir. Ona görə də qrumun bu günü, gələcəyi və Azərbaycanın ictimai-siyasi mühitinə hansısa ciddi təsir göstərəcəyi ilə bağlı iddiaların heç bir əsası yoxdur".
sia.az