Azərbaycan işğal olunmuş ərazilərində narkotik vasitələrin əkilməsi faktı ilə bağlı BMT-yə müraciət edəcəkdir. AzərTAc xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 20-də jurnalistlərə müsahibəsində demişdir. Baş nazirin müavini Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirildiyini və satıldığını, bu ərazilərin Əfqanıstandan gətirilən narkotikin daşınması üçün beynəlxalq marşruta çevrildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, həmin ərazilərdə terrorçu dəstələr hazırlanır və onlar dünyanın müxtəlif münaqişə zonalarına göndərilirlər. Bu fəaliyyətdən müəyyən vəsait əldə olunur. Bildirilmişdir ki, bu yaxınlarda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələri daşıyan bir neçə şəxs saxlanılmışdır. Onlar daşıdıqları narkotik vasitələrin həmin ərazilərdə yetişdirildiyini etiraf etmişlər. Əli Həsənov vurğulamışdır ki, Azərbaycan Prezidenti və hökuməti artıq 1998-ci ildən etibarən bu məsələni beynəlxalq tədbirlərdə gündəmə gətirmişdir. Baş nazirin müavini demişdir: "Dünya dövlətləri nədənsə bu cür faktlara biganə münasibət bəsləyirlər. Belə yanaşma gələcəkdə həmin dövlətlər üçün də ciddi problemə çevrilə bilər. Məsələ ilə bağlı BMT-nin narkotiklər üzrə idarəsinə bu yaxınlarda daha bir müraciət göndərəcəyik". Baş nazirin müavini bu müraciətə baxılacağına ümid etdiyini bildirmişdir: "Müraciətdə həmin ərazilərdə monitorinq aparılmasını və məsələnin BMT-nin sənədlərində öz əksini tapmasını qeyd edəcəyik". Baş nazirin müavini Azərbaycan hökumətinin 1 milyon 200 min qaçqın və məcburi köçkünün doğma yurdlarına qayıdanadək həyat şəraitinin yaxşılaşdırılması, rahat mənzillərdə yaşaması üçün mühüm işlər gördüyünü diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Azərbaycan Prezidenti bu problemin həllinə nail olacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini qeyd etmişdir ki, artıq Ermənistan tərəfini müdafiə edən ölkələr və beynəlxalq təşkilatlar da problemin həllinə nail olmağın vacibliyini anlayırlar. Əgər bu günlərdə "Böyük səkkizlik" ölkələrinin rəhbərlərinin mühüm toplantısı çərçivəsində dünyanın qlobal problemləri müzakirə olunarkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də diqqət yetirilirsə, bu fakt problemin bütün dünya üçün təhlükə doğurduğunu göstərir. O demişdir: "Nəhayət, dünya ölkələri, xüsusilə həmsədr dövlətlərin rəhbərləri dərk edirlər ki, bu problem tez bir zamanda həll olunmasa münaqişə dünyəvi bir fəlakətə və böyük bir təhlükəyə çevrilə bilər".