PDF Oxu

Əsas

  • 27

XALQ BİR DAHA TARİXİ SEÇİMİNİ TƏKRAR EDƏCƏK

XALQ BİR DAHA TARİXİ SEÇİMİNİ TƏKRAR EDƏCƏK

Əli Əhmədov: "Növbəti beş ildə Cənab İlham Əliyevin prezidentliyini Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti ölkənin inkişafının həlledici əsası kimi qəbul edirlər"

Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun YAP Nərimanov rayon təşkilatı ərazi ilk təşkilatlarının sədrləri ilə görüşü keçirildi.

Əli Əhmədov bildirdi ki, artıq Yeni Azərbaycan Partiyası bir neçə aydır qarşıdan gələn prezident seçkilərinə hazırlıq proqramı çərçivəsində yerli təşkilatların sədrləri və fəalları ilə görüşlər keçirilir: "Növbəti görüşümüz sizinlə - YAP Nərimanov rayon təşkilatının ilk ərazi təşkilatı sədrləri ilə keçiririk. Məqsədimiz də 2013-cü il prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının bütövlükdə yerli strukturlarının, ayrılıqda hər birinin fəallığının yüksəldilməsi, ictimai proseslərdə yaxından iştirakının təmin edilməsidir. Məlum olduğu kimi, iyunun 7-də keçirilən Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin 2013-cü il prezident seçkilərində namizədliyi irəli sürülüb. Çox sevindirici haldır ki, qurultaydan ötən dövr ərzində apardığımız müşahidələr seçicilərimizin mütləq əksəriyyətinin Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəklədiyini göstərir. Bu dəstək bizdə bu inama əsas verir ki, növbəti prezident seçkilərində Cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən prezident seçiləcək. Cənab İlham Əliyevin namizədliyinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi ciddi əsaslara malikdir. Azərbaycan vətəndaşları İlham Əliyevin namizədliyini dəstəlməklə on il ərzində onun rəhbərliyi altında ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələrinə öz münasibətlərini bildirmiş və qiymətləndirmiş olurlar."

Əli Əhmədov YAP-ın ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli mövqe tutduğunu, 20 ilə yaxındır ki, hakim partiya kimi mövqeyini qoruyub saxladığını, ölkəmizin əldə olunan nailiyyətlərində, Prezidentimizin rəhbərliyi altında insanlarımızın yüksək fəallığı şəraitində qazanılan uğurlara özünün əhəmiyyətli töhfəsini verdiyini bildirdi: "YAP seçki ilində bütün üzvlərin, yerli təşkilatların, partiyanın şaxələnmiş strukturlarının yaxından və fəal iştirakının təmin edilməsi kimi çox məsuliyyətli bir vəzifəni qarşısına qoyub. Partiya 20 ildə böyük seçki təcrübəsi toplayıb. Hesab edirəm ki, bu təcrübə 2013-cü ildə də qarşımızda duran vəzifələrin yerinə yetirilməsindən, iddialarımızın ciddi əsaslara söykənməsindən xəbər verir. Buna görə də keçirdiyimiz görüşlərdə məqsəd bundan ibarətdir ki, YAP 2013-cü ilin ictimai-siyasi proseslərində özünün qabaqcıl, aparıcı rolunu saxlasın və qarşımızda duran çox mühüm, əhəmiyyətli vəzifələrin icrasına öz möhtəşəm töhfəsini versin."

YAP Sədrinin müavini Əli Əhmədov son on ildə Azərbaycanın böyük inkişaf mərhələsi keçdiyini vurğuladı: "Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan fundamenti əsasında İlham Əliyev 10 ildə Azərbaycanın iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirib. Azərbaycan dünyanın ən dinamik iqtisadi cəhətdən inkişaf edən ölkəsi imicini qazanıb. Ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bir neçə ildir Azərbaycan davamlı olaraq bu imicini qoruyub saxlayır. Hazırda dünyanın aparıcı maliyyə qurumları birmənalı şəkildə Azərbaycanı iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi dəyərləndirirlər. Bu, Azərbaycanın gücünü, qüdrətini əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin qənaəti də bundan ibarətdir ki, bu siyasət nəticəsində Azərbaycan son on ildə böyük inkişaf mərhələsi keçib. Əgər biz Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə inkişafının insanların rifahının dəyişməsinə təsirini müqayisəli təhlil edib, on il bundan əvvələ qayıtsaq, həyatımızda nə qədər böyük dəyişiklərin baş veridyinin şahidi olarıq. Bu dəyişikliklər hər birimizin gözləri önündə baş verib. Söhbət yalnız kəmiyyət dəyişikliyindən, həyat səviyyəsinin yüksəlməsindən getmir. Həyatımızda eyni zamanda keyfiyyət dəyişikliyi baş verib. Həyatın yeni standartları formalaşıb. Bu illər ərzində Azərbaycanda əldə olunan ən böyük nailiyyətlərdən biri bu hesab olunmalıdır ki, bu gün Azərbaycan vətəndaşları yeni bir həyat standartları içərisində yaşayırlar. Vaxtilə ölkədə insanlar yalnız yaşamaq haqqında düşünürdülər. İndi isə insanlar yaxşı yaşamaq istəyirlər. 90-cı illərin əvvəllərində Azərbaycan vətəndaşlarını düşündürən əsas məsələ zəruri həyat ehtiyaclarını ödəmələri idi. İndi isə insanlar daha yaxşı yaşamaq istəklərini ortaya qoyurlar. Demək, bu illər ərzində insanların həyatında əhəmiyyətli dəyişikliklər baş verib." Ə.Əhmədov bildirdi ki, əlbəttə, bu inkişafın kökündə dayanan əsas amil Heydər Əliyev ideyaları ilə əlaqədardır: "Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır, Heydər Əliyev ideyaları əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. On ilə yaxındır ki, Heydər Əliyev siyasəti Cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Bu illər ərzində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf, tərəqqi, nailiyyətlər və irəliləyiş əldə olunub. Güman edirəm ki, bu inkişafın ayrı-ayrı sahələr üzrə statistikası hər kəsə məlumdur. Bu reallıqların içərisində olan hər kəs Azərbaycanın keçdiyi inkişaf yolu barədə aydın təsəvvürə malikdir. Həyat dəyişir, hər sahədə inkişaf və tərəqqi geniş vüsət alıb. Hər kəs bu gününü dünəni ilə müqayisə edir, bu qənaəti özündə yaradır ki, bu günümüz dünənimizdən daha uğurlu, möhtəşəmdir. Bu fonda gələcəkdə bizi daha da böyük uğurlar gözləyir. İqtisadi tərəqqi insanların rifahının yüksəlməsi ilə müşaiyət olunur. Əmək haqları, pensiyalar artırılır. Ünvanlı sosial yardım proqramı icra olunur. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında bəyan edir ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İnsan amili dövlətin siyasətində əsas yer tutur. Son on ildə görülən işlərə, həyata keçirilən islahatlara diqqət yetirsək, onların əsasında Azərbaycan vətəndaşı amilinin dayandığını görərik. Təbii ki, bu diqqət və qayğı insanlarda xoş əhval-ruhiyyə, gələcəyə daha böyük inam hissi yaradır. İnsanlar daha yaxşı yaşamaq istəyirsə, daha yaxşı yaşamaq barədə planlar qurursa, bu, o deməkdir ki, dövlət insanın yaxşı yaşaması üçün zəruri ilkin şərtləri formalaşdırıb. Bu şərtlər əsasında insanların arzu və istəkləri formalaşmış olur. İnsanların bugünkü tələbatlarının məzmunu zənginləşib. Əgər 15 il bundan öncə ilə müqayisə etsək, bunun şahidi olarıq. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur ki, insanlar bu müsbət dəyişiklikləri hiss edirlər".

Çıxışı zamanı Əli Əhmədov bildirdi ki, Azərbaycanın müasirləşməsi, modernləşməsi Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən xəttə uyğun olaraq uğurla həyata keçirilir: "Bu siyasət də insana xidmət etmək məqsədi daşıyır. Əsas hədəf də insanın həyatını yaxşılaşdırmaqdan ibarətdir. Paytaxt və bölgələrin simasının dəyişməsi, digər sahələrdə əldə olunan davamlı uğurlar, Azərbaycanın dünya birliyində yeri və rolunun möhkəmlənməsi, regional müstəvidə lider dövlətə çevrilməsi, regionun bütün iqtisadi, kommunikasiya layihələrinin həyata keçirilməsində təşəbbüskar rolunun birmənalı şəkildə dəstəklənməsi, beynəlxalq təşkilatlarla ölkəmizin səmərəli əməkdaşlığı, bütün bunların hamısı kompleks şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətlərdir. Beləliklə, uğurlu siyasət nəticəsində belə möhtəşəm uğurlara imza atan Azərbaycana beynəlxalq baxış da yüksək səviyyədədir. Bu gün ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi də bu uğurlarımıza əsaslanır. İnkişafın Azərbaycan modelinin mövcudluğu dəstəklənir, öyrənilməsinin və tətbiqinin vacibliyi vurğulanır. Bir fakt hər zaman önə çəkilir ki, Azərbaycan düşünülmüş və məqsədyönlü siyasət nəticəsində dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxdı. Ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Böhran hər bir ölkənin hansı iqtisadi imkanlara malik olduğunu bir daha nümayiş etdirdi." Ölkədə gedən inkişafın, tərəqqinin geniş vüsət aldığını deyən Əli Əhmədov bu abadılıq və quruculuq işlərinin Nərimanov rayonunda da özünü qabarıq şəkildə göstərdiyini bildirdi. Qeyd etdi ki, rahat yaşayış şəraitinin yaradılması istiqamətində mühüm işlər görülüb: "10 ildə rayon nə qədər gözəlləşib, simasını dəyişib. Hər tərəfdə abadlıq-quruculuq işləri həyata keçirilir. Ötən dövr ərzində YAP Nərimanov rayon təşkilatının yeni binası istifadəyə verilib. Hara baxsan, inkişaf, tərəqqi insanlarda xoş əhval-ruhiyyə yaradır. Bütün bunların hamısı həyatımızın mənasını təşkil edir."

Əli Əhmədov, onu da vurğuladı ki, bu inkişafı şərtləndirən əsas amillərdən biri də ölkədə sabitliyin yaradılmasıdır: "Sabitlik, dinclik, rahatlıq həyatımızın yeni mənasını müəyyənləşdirən məqamlardan biridir. Əgər sabitlik və əmin-amanlıq olmasaydı, həyatımızın digər sahələrində baş verən dəyişikliklər bu gün insanlar üçün daşıdığı yüksək mənasını kəsb etməzdi. Bu gün dünyanın ayrı-ayrı ölkələrində sabitliyin, əmin-amanlığın pozulduğunun şahidi oluruq. Əgər insanların təhlükəsizliyi təmin olunmursa, o zaman hansısa imkanların mövcudluğu o qədər də böyük əhəmiyyət daşımır. Azərbaycanda hər kəsin normal yaşaması üçün təmin edilmiş sabitlik, əmin-amanlıq da bizim həyat keyfiyyətimizin bugünkü xarakteristikasını müəyyənləşdirən vacib məqamlardan biridir. Sabitlik Azərbaycanın bugünkü reallıqlarının əsasıdır. İnsanlar sabaha böyük ümidlə baxır. Bütün bu sadalananlar bir məqsədi açıqlayır ki, Azərbaycan vətəndaşları uğurlarımızın fonunda Cənab İlham Əliyevin namizədliyini qətiyyətlə müdafiə edirlər. İnsanlarımız sadəcə Cənab İlham Əliyevin ötən illər ərzindəki fəaliyyətinə qiymət verməklə kifayətlənmir, eyni zamanda, insanlarda növbəti beş il üçün də qəti bir inam var ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edəcək. Növbəti beş ildə Cənab İlham Əliyevin prezidentliyini Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti ölkənin inkişafının həlledici əsası kimi qəbul edirlər. Bu dəstək Azərbaycanın dünyaya inteqrasiyasının, yeniləşməsinin, müasirləşməsinin, insanların rifahının daha da yüksəlməsinin həlledici şərtidir. Əgər on ildə bu istiqamətdə ciddi irəliləyişlərə imza atılıbsa, növbəti beş ildə bu fundament əsasında daha da böyük nailiyyətlər qazanılacaq."

Xalqın böyük əksəriyyəti tərəfindən Cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsindən qürur hissi duyduğunu deyən Əli Əhmədov onu da qeyd etdi ki, bu əhval-ruhiyyə 2013-cü ilin seçki öncəsi ictimai ovqatı müəyyənləşdirir: "Ölkəmiz qarşıdan gələn prezident seçkilərinə bu əhval-ruhiyyə, bu ictimai ovqatla gedir. YAP olaraq üzərimizə çox ciddi, məsuliyyətli vəzifələr düşür və partiyanın şəhər və rayon təşkilatlarının nəzdində fəaliyyət göstərən ilk ərazi təşkilatı sədrlərinin də üzərinə böyük vəzifələr düşür. Özündə 7 mindən çox ilk ərazi təşkilatını birləşdirən Yeni Azərbaycan Partiyası böyük ordudur. Güman edirəm ki, bu ordunun səfərbər edilməsi, seçki kampaniyasına hazırlıq zamanı onların hər birinin potensialından səmərəli istifadə edilməsi, bütövlükdə Yeni Azərbaycan Partiyasının hər bir üzvünün seçki prosesinə cəlb olunması üçün böyük imkanlar və resurslar yaradır."

Sonra YAP Nərimanov rayon təşkilatının fəalları ilə geniş fikir mübadiləsi aparıldı, tövsiyələr verildi. Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak etdi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər