Əbülfəs Qarayev: "Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunan T.Nərimanbəyovun məzarı Fransaya səfər edəcək hər bir soydaşımız tərəfindən müqəddəs məkan kimi ziyarət olunacaqdır"
Dünən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq rəssamı, "İstiqlal" və "Şərəf" ordenli Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunmuş "Toğrulu xatırlayaraq" adlı sərginin açılışı oldu. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ictimaiyyətin nümayəndələri, görkəmli fırça ustasının həmkarları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq rəssamı Toğrul Nərimanbəyovun özünəməxsus yaradıcılıq axtarışlarından danışaraq, dünyanın onlarla məşhur muzey, qalereya və şəxsi kolleksiyalarını bəzəyən təkrarolunmaz rəngkarlıq, qrafika, teatr-dekorasiya və s. əsərlərinin Toğrul Nərimanbəyova böyük şöhrət qazandırdığını diqqətə çatdırdı. O bildirdi ki, doğma vətənə məhəbbət, onun gözəlliklərinin və milli ənənələrinin tərənnümü görkəmli fırça ustasının 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılığının əsas leytmotivini təşkil edir.
Ə.Qarayev Ulu Öndər Heydər Əliyevin görkəmli fırça ustasının yaradıcılığını həmişə yaxından izlədiyini və onun sənətinə böyük qiymət verdiyini bildirdi: "Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunan Toğrul Nərimanbəyovun məzarı Fransaya səfər edəcək hər bir soydaşımız tərəfindən müqəddəs bir məkan kimi ziyarət olunacaqdır".
Toğrul Nərimanbəyovun yaxınlarına, eləcə də Azərbaycan xalqına başsağlığı verən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə böyük sənətkarın keçdiyi çətin, eyni zamanda, şərəfli ömür yoluna bir daha nəzər saldı. Qeyd etdi ki, atası azərbaycanlı, anası isə fransız olan T.Nərimanbəyov hələ uşaqlıqdan sənətə böyük maraq göstərmiş və özünü təsdiqləyə bilmişdir: "Toğrul Nərimanbəyovun qüdrətli sənətkar kimi yüksəlməsində Azərbaycan incəsənətinin zəngin ənənələri, qədim miniatür və xalçaçılıq nümunələri böyük rol oynamışdır. Onun fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ sənətimizə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlıdır. Rəssamın yaradıcılıq yolu Azərbaycanın milli mədəniyyət salnaməsində müstəsna yer tutur və rəssamlıq tariximizin parlaq səhifələrindən birini təşkil edir".
"Rəssam çoxdur, lakin hər rəssam özünəməxsus sənət dünyası yaratmaq qüdrətinə malik deyildir" - deyən F.Abdullazadə Toğrul Nərimanbəyovun bu gün bizim aramızda olmasa da onun yaratdığı sənət dünyasının daim bizimlə olacağını iştirakçıların diqqətinə çatdırdı: "Zaman keçəcək, nəsillər dəyişəcək, amma Toğrul Nərimanbəyovun yaratdıqları bütün dövrlərdə öz orijinallığı ilə diqqəti cəlb edəcəkdir. Qədirbilən xalqımız heç zaman bu böyük sənətkarı unutmayacaq və onun adı əbədiləşdiriləcəkdir".
Fransanın ölkəmizdəki səfiri Paskal Mönye Toğrul Nərimanbəyovun bəşəri bir sənətkar olmasından, onun bənzərsiz sənət dünyasından söz açdı. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, xalq yazıçısı Çingiz Abdulayev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxış edərək XX əsrin 50-ci illərindən etibarən yaradıcılıq aləminə qədəm qoyan Toğrul Nərimanbəyovun fitri istedadı sayəsində böyük ad-san qazandığını, ölkəmizdə və onun hüdudlarından kənarda tanındığını dilə gətirdilər. Qeyd olundu ki, yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərmişdir. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir.
Toğrul Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələrlə Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olmuşdur.
Görkəmli fırça ustası ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır. Onun monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.
Görkəmli sənətkarın qızı, əməkdar rəssam Əsmər Nərimanbəyova atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Sonda mərasim iştirakçıları rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri ilə yaxından tanış oldular.
Nəzakət ƏLƏDDİNQIZI