Əli Həsənov: "Prezident İlham Əliyevin on illik fəaliyyətinə verilən bu dəyər - "10 ilin dövlət adamı" mükafatı tam reallığı əks etdirir"
Azərbaycanın sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində son illər ərzində görülən genişmiqyaslı işlər və əldə olunan böyük nailiyyətlər ölkənin sosial-iqtisadi, mədəni həyatının bütün sahələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin mənafeyi, xalqımızın firavan yaşamasını təmin etmək üçün həyata keçirdiyi siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində uğurlar qazanılıb.
Son illər ölkəmizin sürətli tərəqqisinə, aparılan iqtisadi islahatların uğurla təmin olunmasına yönəlmiş tədbirlər planlarının və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində mühüm işlər görülmüş, nəhəng layihələr reallaşmışdır. Bütün bunların müqabilində bu gün Azərbaycan iqtisadi tərəqqisinə görə MDB-də, hətta dünyada lider dövlətlərdən birinə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ərzində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlər ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməllər yaratmışdır. Bu gün Azərbaycan böyük qələbələr qazanır, ölkəmiz nüfuzlu beynəlxalq turnirlərə ev sahibliyi edir. Bu mötəbər tədbirlərin ölkəmizdə təşkili Azərbaycanın dünyada nüfuzunun artmasında mühüm rolu vardır. Eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyətində bir sıra yaddaqalan hadisələr ölkəmizin uğuru tək tarixdə yer alıb. 155 dövlətin dəstəyi ilə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Şərqi Avropa bölgəsini təmsil etmək hüququ qazanmasının bu uğurların sırasında öz çəkisi, yeri vardır. Bu, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir.
Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə yüksəlib. Mövcud reallıqların nəticəsidir ki, Azərbaycan artıq investisiya yatıran ölkəyə çevrilib. Bu, Azərbaycanın iqtisadi cəhətdən cəlbedici ölkə olmasının nəticəsidir. Bütün görülən işlər, mövcud vəziyyət ölkəmizə olan marağı daha da artırıb. Azərbaycanın çoxsaylı uğurları dünya dövlətlərin diqqətindən kənarda deyildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər dövlətimizin nüfuzunu daha da artırıb. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin "İlin dövlət başçısı" seçilməsi, məhz görülən işlərin məntiqi nəticəsidir. Belə ki, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib. "İlin dövlət başçısı" nominasiyasında iştirak edən və İƏT-in 57 üzv ölkəsi sırasından seçilən dövlət başçılarının namizədlikləri islam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilmişdir.
İƏT Modeli Sammitinin hazırlıq komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru professor Abdulaziz Berqutun sözləri ilə desək, Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə, Azərbaycanın İƏT-in islam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin, Cənubi Qafqazın ilk məscidi və islam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.
Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə görə seçilən "10 ilin dövlət adamı" və "İlin ulduzları" mükafatlarının İstanbuldakı Haliç Konfrans Mərkəzində keçirilən təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov "Bu mükafat Azərbaycan Prezidenti İlham Əliyevin tam haqqıdır", - demişdir. O bildirmişdir ki, Prezident İlham Əliyevin on illik fəaliyyətinə verilən bu dəyər - "10 ilin dövlət adamı" mükafatı tam reallığı əks etdirir. Belə ki, reallıqları diqqətə çəkən Əli Həsənov Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasından sonra Azərbaycanın və Türkiyənin Avropanın enerji bazarında yeni aktorlar kimi çıxış etməyə başladıqlarını bildirərək ötən 10 il dünyaya çox şey verdiyini bildirib: "Amma ən dəyərli sərvətini - güc artımını Türkiyəyə və Azərbaycana vermişdir. Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxararaq iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün ehtiyaclarını aradan qaldırmış, eyni zamanda, bölgənin ciddi aktoruna çevrilmişdir. Türkiyə isə Xəzər neftini dünyaya çatdıran mühüm enerji mərkəzi olmuşdur. Bu gün Avropanın enerji təhlükəsizliyini nə Türkiyəsiz, nə Azərbaycansız, nə də Bakı-Tbilisi-Ceyhansız təsəvvür etmək mümkün deyildir".
Son on il ərzində Azərbaycandakı real vəziyyəti qeyd edən Əli Həsənov ölkəmizin uğurlarını iştiakçıların nəzərinə çatdırıb.
Prezident İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurları ölkəmizin mənzərəsində açıq-aydın görünür. Mövcud reallıqdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilir.
Nəzakət ƏLƏDDİNQIZI