PDF Oxu

Əsas

  • 34

YAP-ın seçki kampaniyası növbəti qələbəyə doğru atılan uğurlu addımdır

YAP-ın seçki kampaniyası növbəti qələbəyə doğru atılan uğurlu addımdır

Yeni Azərbaycan Partiyasının Bakı, Abşeron və Sumqayıt şəhər təşkilatlarından prezident seçkiləri kampaniyası dövründə prezidentliyə namizədin qeydə alınması üçün imza toplayacaq şəxslərin iştirakı ilə müşavirə keçirildi

Dünən YAP Xətai rayon təşkilatının qərargahında YAP-ın Bakı, Abşeron və Sumqayıt şəhər təşkilatlarından prezident seçkiləri kampaniyası dövründə prezidentliyə namizədin qeydə alınması üçün imza toplayacaq şəxslərin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər partiya funksionerləri iştirak edib.

Siyavuş Novruzov: "Yeni Azərbaycan Partiyasının potensialı bu gün nəinki 50 min, qısa müddət ərzində yarım milyon, bir milyon seçici imzası toplamağa imkan verir"

Müşavirədə çıxış edən YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirdi ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində öz namizədini rəsmi elan etmək üçün iyunun 7-də V qurultayını keçirdi: "Qurultayda partiyanın, ümumilikdə xalqın istəyinə uyğun olaraq ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyi irəli sürüldü. Tədbirin keçirilməsində məqsəd isə Yeni Azərbaycan Partiyasının tərtib etdiyi plana uyğun olaraq namizədin qeydiyyatı üçün seçki dairələrində imza vərəqələrinin doldurulması prosesinə hazırlıqdır. Seçki Məcəlləsinə uyğun olaraq irəli sürülən hər bir namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və Mərkəzi Seçki Komissiyasına təqdim olunması əsasdır. Bununla əlaqədar olaraq təlimatlar hazırlanıb təqdim edilib. Həmin təlimatlara uyğun olaraq bugünkü tədbirdə Bakı, Abşeron və Sumqayıt ərazisində olan 37 dairənin nümayəndələri iştirak edir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər bir namizədin müdafiəsi üçün 40 min seçicinin imzasına ehtiyac var. Bundan əlavə 10 faiz də artıq seçici imzasının toplanması tələb edilir. Ümumilikdə 50 min seçici imzası toplanmalıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının potensialı bu gün nəinki 50 min, qısa müddət bir milyon seçici imzası toplamağa imkan verir. Lakin qarşıda duran vəzifələr məhz Seçki Məcəlləsinin tələbələrinə uyğun qurulmalıdır. Seçki Məcəlləsinin bir tələbi də imzaların 60 dairədən 50 imzadan az olmamaq şərti ilə toplanılmasıdır. Azərbaycan ərazisində 125 seçki dairəsi vardır. Bu seçki dairələrinin ən azı 60-nın ərazisindən 50 imzadan az olmamaq şərtilə imzaların toplanıb təqdim olunması gərəkdir. Digər tərəfdən əgər 55 seçki dairəsindən bu imzalar toplanıbsa, artıq real hesab olunmur."

Qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi, İdarə Heyəti belə bir qərar qəbul edib ki, partiya, nəinki 60 dairədən, ümumiyyətlə, 125 dairənin hər birindən imza vərəqələri toplayıb, Mərkəzi Seçki Komissiyasına təqdim edəcək: "Bakı, Abşeron və Sumqayıt üzrə partiya üzvlərinin sayı təxminən 200 minə yaxındır. 37 dairədən toplanacaq imzaların sayı 12100 olacaq. Yəni 14 şəhər və rayondan bu sayda imza toplanılacaq."

S.Novruzov rayonlar üzrə aparılan bölgüdən də bəhs etdi: "Məsələn, YAP Xətai rayon təşkilatı üzrə 1500 imza toplanılmalıdır. Təşkilatın 16700 üzvü var. Təxminən partiya üzvlərinin 9 faizindən imza toplanılmalıdır."

İmzaların toplanması qaydalarından danışan YAP-ın İcra katibinin müavini bildirdi ki, YAP Xətai rayon təşkilatı üzrə 1500 imza rayon təşkilatının əhatə etdiyi 4 dairə arasında bölünür: "Dairənin hər birinin ərazisində orta hesabla 300-350 imza toplanmalıdır. Eyni qayda ilə digər rayon təşkilatlarında imzaların toplanılması həyata keçiriləcək. Qeyd edim ki, qarışıq dairələr də mövcuddur. Məsələn, Qaradağ-Yasamal-Binəqədi dairəsini götürsək, burada imzatoplama Qaradağ rayonunda həyata keçirəcək".

S.Novruzov, həmçinin "imza toplamaq kimi məsuliyyətli işi kimlər edə bilər" sualına da aydınlıq gətirdi. Bildirdi ki, bu məsələyə çox ciddi şəkildə yanaşılmalıdır: "Qanunun aliliyi hər zaman qorunmalıdır. Ona görə də imzanı yaşı 18-ə çatmış, seçki hüququna malik olan, dövlət və bələdiyyə qulluğunda çalışmayan insanlar toplamalıdır. İmzanı toplayacaq şəxslərlə bağlı siyahılar tərtib edilib. Bildirim ki, hər hansı müəssisə, təşkilat da imza toplamanı həyata keçirə bilməz".

İmzanın harda toplanması ilə bağlı məsələyə də aydınlıq gətirən S.Novruzov qeyd etdi ki, bu da çox ciddi bir məsələdir: "Qanunla qadağan olunmayan istənilən yerdə imza toplamaq mümkündür. Qanunla qadağan olunan yerlər qapalı müəssisələr, dövlət, şəxsi, bələdiyyə, özəl mülkiyyətlərdir. İmzaların toplanması üçün ən önəmli yer yaşayış yerləridir".

Hər imza toplayan şəxsin bir imza vərəqini doldurmasının gərəkliyini qeyd edən S.Novruzov bildirdi ki, bir imza vərəqində 50 seçici imzası olacaqdır: "Ola bilər ki, imzanı toplayan şəxsin özü də imza topladığı ərazidə yaşasın, bu halda öz adını da qeyd edə bilər".

Həmçinin, tədbir iştirakçılarına təqdim olunan imza vərəqinin nümunələri əsasında lazım olan məsələlərə də aydınlıq gətirən S.Novruzov vurğuladı ki, imzaların toplanması könüllülük prinsipi əsasında həyata keçirilir: "Burda heç bir məcburiyyətdən söhbət gedə bilməz. İmza vərəqəsində lazım olan məlumatlar öz əksini tapıb. Bir şəxs yalnız bir namizədə imza verə bilər. İmzatoplama kampaniyasında iştirak edən şəxslər qanunun tələblərinə riayət etməlidirlər".

Eyni zamanda, rayon və şəhər təşkilatlarının sədrlərinə bu məsələlərə nəzarətlə bağlı tövsiyələr də verildi.

Mübariz Qurbanlı: "YAP seçki kampaniyası ilə bağlı çox

böyük təcrübəyə malikdir"

Müşavirədə YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək vurğuladı ki, YAP seçki kampaniyası ilə bağlı çox böyük təcrübəyə malikdir: "Partiyanın rayon və şəhər təşkilatları seçki kampaniyasının mühüm mərhələsini-imzaların toplanmasını çox qısa zamanda həyata keçirəcəklər. Təqdim olunan cədvəllərdə bölgülər qeyd olunub. Hansı məntəqələrdə neçə nəfər imza toplaya bilər, bu da bəllidir".

M.Qurbanlı bildirdi ki, toplantıdan sonra hər bir rayon təşkilatında sədrin rəhbərliyi ilə ən əsas məsələ bölgünün aparılması öz müsbət həllini tapacaq: "Seçki kampaniyasının çox mühüm mərhələləri vardır. Əsas mərhələlərdən biri imzaların toplanması və bundan sonrakı təbliğat və təşviqat kampaniyasıdır. Təşviqat kampaniyası seçkinin elan olunmasından və seçkidə namizədlərin qeydə alınmasından sonra həyata keçiriləcək. Təşviqat sentyabrın 18-dən sonrakı dövrü əhatə edəcək. Amma buna qədər seçkiyə hazırlıqla bağlı bəzi işlər görülməlidir. YAP-ın İcra Katibliyi də bu işləri görməkdədir. Rayon və şəhər təşkilatarında görüşlər keçirilir, qarşıda duran vəzifələrlə bağlı fikirlər səsləndirilir. Bugünkü tədbir konkret olaraq imzaların toplanılması ilə əlaqədardır". O da bildirildi ki, partiyanın 600 mindən artıq üzvü ilə yanaşı, xalqın böyük əksəriyyəti Cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, Onun qələbəsini təmin etmək üçün ciddi səylər göstərir.

Müşavirədə son on ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən, əldə olunan uğurlardan geniş bəhs olundu. Bildirildi ki, bu dövr ərzində Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində daha yüksək zirvələri fəth edir. Hər dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkəmizin qarşısında yeni hədəflər müəyyənləşdirilir. Azərbaycanı qarşıdakı 10 ildə inkişaf etmiş dövlətlər sırasında görmək istəyən Cənab İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası beynəlxalq səviyyədə məqsədlərə nail olmaq üçün yol xəritəsi kimi dəyərləndirilir.

M.Qurbanlı bildirdi ki, YAP seçki kampaniyası ilə bağlı çox böyük təcrübəyə malikdir : "YAP prezident seçkilərinə böyük təcrübə ilə gedir. Bu gün YAP-ın 600 mindən çox üzvü var. İnanırıq ki, Azərbaycanda bu il seçici fəallığı kifayət qədər olacaq və Azərbaycan xalqı öz layiqli namizədinə səs verəcək".

M.Qurbanlı Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda hazırlanan və təsdiq olunan İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin yüksək səviyyədə həyata keçirildiyini və yaxın 10 ildə dünyanın yüksək gəlirli ölkəsinə çevriləcəyini vurğuladı: "Bu gün ölkəmizin yeni iqtisadi və sosial çağırışlar üçün əsas məkan seçilməsi, təbii ki, uğurlu inkişaf strategiyasına əsaslanır. Azərbaycan xalqı hər zaman özünə diqqətin şahidi olur. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bildirir ki, həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Onların sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələdir. Bu uğurların bələdçisi olan xalqımız Cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, Onun ətrafında sıx birləşir. Təbii ki, seçkilərin yüksək səviyyədə keçirilməsi seçici fəallığından çox asılıdır. Seçicilərə xoş əhval-ruhiyyə bəxş edən isə ölkəmizin bugünkü reallıqlarıdır".

Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

R.KAMALQIZI

Digər xəbərlər