PDF Oxu

Əsas

  • 29

Azərbaycan mətbuatının 138 illiyi qeyd olundu

Azərbaycan mətbuatının 138 illiyi qeyd olundu

Dünən "Min bir gecə" restoranında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Milli Mətbuatımızın 138-ci ildönümü ilə əlaqədar jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, millət vəkilləri, ölkənin aparıcı qəzetlərinin baş redaktorları və ictimaiyyətin digər nümayəndələri iştirak edib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra söz Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verilib. PA rəsmisi qeyd edib ki, bu gün Azərbaycan dünyaya örnək olacaq ciddi media nümunələri sərgiləyir. Azərbaycan mediasında bu gün ciddi inkişaf müşahidə olunur: "Bu gün dünyanın müxtəlif ölkələrinin mediası ilə rəqabət apara bilən Azərbaycan mediası artıq formalaşıb. Bölgənin ən qabaqcıl media nümunələri məhz Azərbaycanda formalaşır. Bu gün də dövlətin media siyasəti öz bəhrəsini verməkdədir və mediaya münasibət siyasi baxışlarından asılı olmayaraq davam etdirilir. Azərbaycanda azad sözə, siyasi plüralizmə xidmət edərək bütün mediaya eyni münasibət sərgilənir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan mediasının üzvləri ilə görüşündə mediamızın vəzifələri, Azərbaycan jurnalistikası, onu fərqləndirən xarakterik xüsusiyyətlər, dövlət və jurnalistika, jurnalistika və peşəkarlıq, jurnalistika və vətənpərvərlik, jurnalistika və cəmiyyətin informasiya təminatı kimi çox aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Düşünürəm ki, cənab Prezidentin geniş çıxışı, tövsiyələri 138 illiyini qeyd edən media bayramında Azərbaycan mətbuatının gələcək fəaliyyəti ilə bağlı müəyyən istiqamətlər verdi".

Əli Həsənov vurğulayıb ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləyici mexanizmləri və senzura götürüldü: "Ümummilli liderimiz Azərbaycanın müstəqil mediasında azad sözün, siyasi plüralizmin dairəsini genişləndirdi, media tarixinə öz adını qızıl hərflərlə yazdırdı. 2008-ci ildə Prezident İlham Əliyev Azərbaycan mediasına dövlət dəstəyi konsepsiyası təşəbbüsü ilə çıxış etdi, konsepsiyanı qəbul etdi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunu yaradaraq mediaya dəstəyini şəffaflaşdırdı, mediaya göstərilən yardımı aşkarladı və tam bərabər şəkildə bunun təməlini qoydu". Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri qeyd edib ki, bu gün, həmçinin Azərbaycan jurnalistikasının 156 nümayəndəsi Prezidentin fərmanı ilə tikilən binadan mənzil aldılar: "Onları təbrik edirəm, bu evlərdə onlara xöşbəxtlik, yaradıcılıq uğurları arzulayıram". Sonra Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan şəxslər Ali Media mükafatına layiq görülüblər. Mükafata layiq görülənlər arasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli və s. olub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 138-ci ildönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycan mətbuatının əsasını qoyduğu "Əkinçi" qəzeti Azərbaycan xalqının inkişafında, siyasi intibahının inkişafında mühüm rol oynayıb: "Həmin dövrdən sonra təşəkkül tapan qəzetlər Azərbaycanda milli şüurun oyanmasında mühüm rol oynadılar. Azərbaycan iqtisadi baxımdan gücləndikcə mediaya dövlət qayğısı artmağa başladı. Hazırda dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür". Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 138-ci ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 45 nəfər jurnalist müsabiqənin qalibi elan edilib. Sonra qaliblərin hər birinə 1000 manat məbləğində pul mükafatı verilib. Mükafata layiq görülənlər arasında "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Aqşin Hümmətov, "SƏS" İnformasiya agentliyinin icraçı direktoru Vəli Vəliyev və s. olublar. Mərasimə bədii hissə ilə yekun vurulub.

Digər xəbərlər