Dünən Azərbaycan Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyalarının açılışı olub. SİA-nın xəbərinə görə, tədbirdə MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, ATƏT Bakı Ofisinin rəhbəri Koray Targay, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltz və Dairə Seçki Komissiyalarının sədrləri, bir sıra rayonların icra başçıları iştirak ediblər. Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil ediləcək.
Bu sessiyaların keçirilməsində məqsəd icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi haqqında fikir mübadiləsi aparmaqdır. Məlumat sessiyalarının davamı avqustun 27-də Mingəçevirdə və avqustun 30-da Şirvan şəhərində müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün keçiriləcək. MSK sədri bildirib ki, seçkilər ölkənin növbəti beş illik taleyini həll etdiyinə görə, Azərbaycan dövləti bu prosesə çox həssaslıqla yanaşır: "Seçkilərin ədalətli və şəffaf keçməsi üçün MSK üzvlərinin, eyni zamanda bu sahədə məsuliyyətli olan qurumların əlində əsas yoxdur ki, seçkiləri yüksək səviyyədə təşkil etməsin. Çünki bütün imkanlar dövlət tərəfindən yaradılıb. Ancaq təəssüflər olsun ki, seçkilərin keçirilməsi və onların nəticələrinin dəyərləndirilməsi ilə bağlı qərəzli tendensiyalar müşahidə olunur. Bəzi xırda nöqsanları şişirdib elə təqdim edirlər ki, guya seçkilər antidemokratik yöndə aparılır, bir-iki fakta görə bütün seçkiləri şübhə altına almaq cəhdi olur".
M.Pənahov qeyd edib ki, bu məsələlərdə müşahidəçilərin də üzərinə böyük məsuliyyət düşür: "Biz maksimum səviyyədə birlikdə çalışmalıyıq ki, hər hansı nöqsan baş verməsin. MSK beynəlxalq qurumlarla əməkdaşlıq etmək üçün daim hazırdır, heç bir əməkdaşlıqdan imtina etmirik. Hələ elə bir fakt olmayıb ki, bizə olunan təklifdən obyektiv və ya subyektiv səbəbdən imtina edək. Hətta bizə qarşı açıq şəkildə qərəzli olan tərəflərlə də əməkdaşlığa hazırıq. Kimsə bunun seçkilərə müdaxilə olduğunu fikirləşirsə, bu, tamamilə yalnış fikirdir. Seçkilərə müdaxilə başqa formada, əməkdaşlıq isə hər bir halda lazımdır. İndiyə qədərki seçkilərdə seçki məntəqələrinin 10 faizində veb-kameralar quraşdırılmışdısa, indi ölkə rəhbərliyinin şəxsi tapşırığı ilə artıq məntəqələrin 20 faizində veb-kameralar quraşdırılacaq. Azərbaycanda keçirilən seçkilər ilk növbədə Azərbaycan xalqını razı salmaq üçün keçirilən mühüm kampaniyadır. Bu, dünyanın hər yerində belədir. Dünyanın heç bir yerində ideal seçkilər keçirilmir, əgər kimsə bunu iddia edirsə, düşünürəm ki, düzgün demir. Çünki seçkilər milyonların iştirak etdiyi prosesdir. Lakin biz çalışırıq ki, istənilən müraciəti adekvat araşdıraq".
MSK sədri bildirib ki, Azərbaycanın beynəlxalq qurumlarla uğurlu əməkdaşlığı seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynayacaq: "Azərbaycan mühüm seçki kampaniyası ərəfəsindədir və bu, beynəlxalq qurumların da geniş maraq dairəsindədir: "Azərbaycanda demokratik, ədalətli, azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur. Ölkədə ictimai-siyasi sabitlik hökm sürür, ən əsası ölkə başçısının özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur. Ölkə başçısına da təşəkkür edirəm ki, seçkilərin keçirilməsi üçün bütün şəraiti təmin edib, çünki bu olmadığı təqdirdə demokratik seçkilərin keçirilməsi mümkün olmazdı. Məntəqələrdə seçkilərin müşahidəçilər tərəfindən izlənilməsi baxımından Azərbaycanda keçirilən seçkilər dünyada ən qabaqcıl yerlərdədir. Seçkilər prosesini indiyə qədərki keçən seçkilərdə 10 minlərlə müşahidəçilər izləyib, bu seçkilərdə də xeyli sayda müşahidəçilərin izləməsi gözlənilir və onlar seçkiləri izləmək üçün heç kimdən icazə almağa borclu deyillər". ATƏT-in Bakı ofisinın rəhbəri Koray Tarqay isə bildirib ki, ATƏT yardımçılıq fəaliyyətini Azərbaycanın dövlət qurumları ilə birgə həyata keçirir: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 peşəkar müşahidəçisi Azərbaycandakı prezident seçkisi prosesini izləyəcək. Hesab edirəm ki, uğurla inkişaf edən Azərbaycanın qarşısında daha çox vəzifələr durur. Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir və prezident seçkiləri bu prosesin uğurla aparılmasına bir sübut olacaq". Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə çıxışı zamanı deyib ki, Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanıb: "İstər Mərkəzi Seçki Komissiyası və onun qurumları, istərsə də dövlət orqanları, icra strukturları bu sahədə artıq kifayət qədər yerl və beynəlxalq təcrübəyə malikdirlər. Azərbaycan hazırda çox mühüm siyasi proseslər mərhələsinə qədəm qoyub. Prezident seçkiləri növbəti beş ildə Azərbaycandakı inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirmək üçün özünün mövqeyini və iradəsini ifadə etmək və qərar vermək şansı yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi həyatında da çox mühüm bir hadisədir. İndiyə qədər Azərbaycanda keçirilən seçkilər prosesində qazanılmış təcrübə bu prosesə cəlb olunmuş insanların peşəkarlığı imkan verəcək ki, qarşıdan gələn prezident seçkilərini də lazımi səviyyədə keçirək. Ölkədə bunun üçün yaradılan şərait, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətinin siyasi iradəsi və bu sahədə gördüyü zəruri tədbirlər də imkan verir ki, ölkəmizdə növbəti prezident seçkilərini azad, demokratik, şəffaf şəkildə, istər milli qanunvericiliyə, istərsə də beynəlxalq standartlara uyğun şəkildə, mütəşəkkil surətdə həyata keçirək. Azərbaycan bu sahədə beynəxalq təşkilatlar ilə də yaxından əməkdaşlıq edir. Xüsusuilə, ATƏT ilə həyata keçirilən seminarlar və tədbirlər seçkilərin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verir. Seçkilər bu qurumlardan məsuliyyət tələb edir və onların qarşısına vəzifələr qoyur. Biz müstəqillik illərində seçki sahəsində kifayət qədər təcrübələr qazanmışıq. İstər MSK, istərsə də yerli icra strukturları bu sahədə kifayət qədər yerli və beynəlxalq təcrübəyə bələddir. Digər tərəfdən ölkədə bunun üçün yaradılmış şərait, Azərbaycan hakimiyyətinin siyasi iradəsi əsas verir ki, tam şəffaf, demokratik və beynəlxalq normalara uyğun seçkilər keçirək. Bu məsələdə icra strukturlarının fəaliyyəti, dairə seçki komissiyaları ilə, o cümlədən digər dövlət orqanları ilə əlaqəsi bizə imkan verəcək ki, növbəti prezident seçkilərində də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək". Daha sonra Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltz çıxış edərək Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.