Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının böyük strukturu, çoxlu sayda üzvləri seçki kampaniyasının keçirilməsi prosesinə səfərbər edilibdir"
Dünən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının qərargahında (YAP) partiyanın şəhər və rayon təşkilatları sədrlərinin növbəti ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, bu günə qədər Yeni Azərbaycan Partiyası Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə əlaqədar müəyyənləşdirdiyi bütün vəzifələri uğurla yerinə yetirib.
O, xüsusilə, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldükdən sonra partiyanın yerli strukturları tərəfindən çox qısa müddətdə imzalar toplanaraq Mərkəzi Seçki Komissiyasına təqdim olundu. Bununla da Cənab İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı: "Bizim müəyyənləşdirdiyimiz proqrama və təqvimə uyğun olaraq, həyata keçirilməli olan digər seçki hərəkətləri də uğurla yerinə yetirilibdir. Bütövlükdə hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri kampaniyasını yüksək fəallıq şəraitində keçirilməsi üçün hazırlığı qənaətbəxşdir. Yeni Azərbaycan Partiyasının böyük strukturu, çoxlu sayda üzvləri seçki kampaniyasının keçirilməsi prosesinə səfərbər edilibdir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bizim müşahidələrimiz onu göstərir ki, Yeni Azərbaycan Partiyasının çoxlu sayda üzvləri bu kampaniyanın həyata keçirilməsində yüksək fəallıq və fədakarlıq nümayiş etdirmək istəklərini aşkar şəkildə büruzə verirlər. Bu, Yeni Azərbaycan Partiyasının ən böyük, əhəmiyyətli seçki resursudur. Bizim təşkilati gücümüz bu resursu daha da artırır".
Əli Əhmədov eyni zamanda bildirib ki, seçkinin taleyini həll etməyə qadir olan ən vacib resurs məhz Azərbaycan vətəndaşlarının Cənab İlham Əliyevə olan böyük inamı, Onun həyata keçirdiyi uğurlu siyasəti qətiyyətlə və dərindən dəstəkləməsidir. Belə ki, ötən dövr ərzində aparılan bütün müşahidələr də bu qənaəti birmənalı olaraq təsdiq edir: "İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin rəğbətini qazanıb, seçicilərimizin mütləq əksəriyyəti Cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir. Bu fakt ölkəmizdə mütəmadi olaraq keçirilən sorğuların nəticəsində də öz təsdiqini tapır. Hesab edirəm ki, insanlarımızın, seçicilərimizin belə bir münasibətinin formalaşması çox ciddi faktlara və əsaslara söykənir. Təbiidir ki, insanlar bu dəyişikliklərə, irəliləyişlərə istinad edərək İlham Əliyevin rəhbərliyi altında növbəti beş ildə də Azərbaycanın inkişaf edəcəyinə qətiyyətlə, dərindən inanırlar".
Əli Əhmədov vurğulayıb ki, həm ötən illər ərzində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirilməsi, həm də növbəti beş ildə də Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında yenə də inkişaf edəcəyinə insanlarımızın dərindən inamı Cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsinin çox ciddi fundamental əsası olmuşdur. "Bu qənaət bu gün də mövcuddur, seçki gününə qədər də mövcud olacaq və seçki günü də insanlarımız elə bu qənaətdə səsvermə məntəqələrinə gələrək öz səslərini verəcəkdir. Bizim rolumuz, bizim fədakarlığımız ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının hər birinin seçki məntəqəsinə gəlməsinə öz təbliğatımızla kömək edək. Seçki kampaniyasının yüksək fəallıq şəraitində, eyni zamanda, qanunvericiliyin tələblərinə və demokratik normalara uyğun şəkildə keçirilməsinə öz dəstəyimizi verək. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının 600 min nəfərlik ordusunun üzərinə düşən şərəfli vəzifə bundan ibarətdir".
Rövşən NURƏDDİNOĞLU