Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin dəvəti ilə sentyabrın 16-da İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-leytenant Hüseyn Zülfüqarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ilə görüşmüşdür. DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və İran dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində və Xəzər dənizində mövcud vəziyyət və onun inkişaf meylləri, həmçinin əvvəlki görüşlərdə imzalanmış sənədlərin icra vəziyyəti barədə fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı dövlət sərhədindən qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizə üzrə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, dövlət sərhədinin buraxılış məntəqələrindən Azərbaycan və İran vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Tərəflər qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirmiş və sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mövcud əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd etmişlər. Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, "Sərhədçi" İdman Olimpiya Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olmuşdur.