“Şuraçı namizəd” TSEK-dən “əlilliklə” bağlı saxta sənəd alıb
Öz fəaliyyətlərini Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd istiqamətlərlə kökləmiş müxalifətin radikal qanadının əsl siması Azərbaycan xalqına yaxşı tanışdır. 1992-ci ildə min bir fırıldaqla, zor gücü ilə hakimiyyətə gələn və sonradan ölkəni uçurumun bir addımına gətirib çıxararaq, vətəndaş müharibəsi durumu yaradan bu insanlar 1993-cü ildən sonrakı fəaliyyətlərini də xarici, anti-Azərbaycan dairələrinin sifarişi əsasında qurmağa başladılar.
Maraqlıdır ki, özlərini müxalifət adlandıran bu dağıdıcı ünsürlər hər addımda öz fırıldaqları, yalanları ilə qarşılaşmaq məcburiyyətindədirlər. Çünki öz ömürlərinin hətta ahıl çağında belə, min bir dona girən, min bir yalan danışan, özləri boğaza qədər çirkabın içində olduqları halda, hər kəsə qarşı şər, böhtan dili ilə danışmağa cəhd göstərən bu şəxslər güzgüdə öz əkslərini belə, görməkdən qorxurlar. Müxalifətin kimliyi, siması, fırıldaqçılığı "Milli şura" adlandırdıqları qondarma quruma topalaşmış insanların həyat və fəaliyyətində də özünü əks etdirir. Başdan-ayağa çirkab içində olan, iqtisadi ittihamlarla üz-üzə qalan və bu səbəbdən də qaçmağa üstünlük verən, yol verdiyi yeyintilərin cavabını verməmək üçün Azərbaycana ayaq basmaqdan qorxan sədr Rüstəm İbrahimbəyovun və ahıl çağında qondarma şuranın xarici sifarişlər əsasında irəli sürdüyü prezidentliyə namizədi Cəmil Həsənlinin qismində bu dağıdıcı ünsürlərin əsl mahiyyəti yavaş-yavaş üzə çıxır.
Qeyd etmək yerinə düşər ki, "Milli şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin yeni bir pəstəhası meydana çıxıb. Bəlli olub ki, o, pensiyaya pensiya yaşından tez çıxıb və bununla bağlı əldə etdiyi sənəd də özü kimi qondarmadır. C.Həsənli 1952-ci ildə anadan olub və 2011-ci ildə, 59 yaşında pensiyaya çıxıb. O, üçüncü çağırış Milli Məclisin sabiq deputatı statusu ilə 2011-ci ilin iyun ayından pensiyadadır və ayda 2002 manat pensiya alır. Amma onun, əlilliyi təsdiq edən TSEK-də müayinə aktından çıxarışa diqqət yetirdikdə maraqlı nüanslar diqqəti cəlb edir.
İlk olaraq vurğulamaq lazımdır ki, sənəddə qeyd olunur ki, C.Həsənli TSEK-in rəyinə görə, "Diabetik anqiopatiyadır". Lakin C.Həsənliyə belə bir diaqnoz qoyulsa da, əlillik səbəbi kimi ümumi xəstəlik-görmə problemi qeyd edilib. Burada bir sual meydana gəlir. Görəsən, nə üçün görmənin məhz diabetdən yarandığı ilə bağlı qeyd yazılmayıb. Söhbətləşdiyimiz mütəxəssislər də bildirdilər ki, burada, məhz diaqnoz kimi yuxarıda qeyd edilən xəstəlik yazılırsa, əlilliyin səbəbinin də həmin diaqnozun əsasında yaranması qeyd edilməlidir. Amma C.Həsənliyə aid sənəddə bu, "ümumi xəstəlik-görmə" şəklində qeyd edilir.
İkincisi və ən maraq doğurucu məqam bu sənəddə qeyd olunan növbəti müayinə tarixinin "müddətsiz" şəklində qeyd edilməsidir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, III qrup əlilliklə bağlı qoyulan diaqnozlarda qeyd edilən xəstəliklər ildə bir dəfə müayinədən keçmək məcburiyyətindədirlər. Burada xəstəliyin şiddətlənməsi və ya azalması, başqa fəsadların ortaya çıxmasını müəyyənləşdirmək üçün bu diaqnozlu xəstə ildə bir dəfə TSEK-də müayinə edilməlidir. Ola bilər ki, xəstəlik şiddətlənər və xəstəliyi olan şəxsin əlillik qrupu dəyişə bilər. Bu mənada müayinə vacib xarakter daşıyır. Məsələ ilə bağlı rəyini öyrəndiyimiz mütəxəssis həkimlər də bildirdilər ki, belə xəstəliklə Cəmil Həsənlinin "müddətsiz", yəni ömürlük sənəd əldə etməsi normal hal sayıla bilməz. Yəni, bu gün televiziya ekranlarından, qəzet səhifələrindən şər-şəbədə püskürən, insanlara şər atan, qara yaxan Cəmil Həsənli bu sənədi birmənalı şəkildə fırıldaq yolu ilə əldə edib. Təbii ki, bu mənada həmin sənədin nə qədər həqiqətə uyğun olması müvafiq orqanlar tərəfindən mütləq şəkildə yoxlanılmalıdır.
Bu gün adını "alim" qoyub, cəmiyyətə "dərs keçmək" niyyətində olan Cəmil Həsənlinin Rüstəm İbrahimbəyov kimi "məşhur fırıldaqçıya" "dublyor" olmağa razılıq verməsi faktı özü də sübut edir ki, onlar ikisi də bir xislətdə olan insanlarmış. Yalan-palanla, fırıldaq yolu ilə özünə təqaüd təmin edən ("bunu hansı yolla edib" müəmmasını heç bir ekspert açıqlamaq gücündə olmadı. Görünür bu cür peşəkar fırıldaq etmək üçün gərək Cəmil Həsənli kimi də peşəkar fırıldaqçı olasan.) və pensiya yaşına hələ 3-4 ilə qalmış ayda 2002 manat pensiya əldə edən Cəmil Həsənli, öz əməlindən cüzi miqdarda da olsa utanırmı, öz əməlindən xəcalət çəkirmi? İnandırıcı deyil. Onun İctimai Televizya ilə yayımlanan verilişdəki sifətindən xəcalət təri əvəzinə rəzalət yağırdı. Təbii idi. C.Həsənli iki ildir ki, fırıldaq yolu ilə əldə etdiyi pensiyanı alır (nə az, nə çox, təxminən 50 min manat), "nuş edir".
Bir məqama da toxunmaq vacibdir ki, TSEK-in Cəmil Həsənliyə verdiyi sənəddə qeyd edilir ki, o, az həcmdə, yüngül bir işdə işləyə bilər. Məsələ ilə bağlı rəyini öyrəndiyimiz həkimlər də bildirdilər ki, "yüngül iş" dedikdə ən çoxu bir-iki saatlıq işlər nəzərdə tutulur. Bu xəstəliyə mübtəla olmuş insan gününün böyük bir hissəsini istirahət etməklə keçirməlidir. İndi Cəmil Həsənli çox ciddi dilemma qarşısındadır: o ya əmək qabiliyyətini, demək olar ki, bütünlüklə itirdiyini etiraf etməlidir. Belə olanda onun prezident seçilmək iddiası ən azından bütün millətə hörmətsizlik və görünməmiş qeyri-ciddilikdir. Əmək qabiliyyətini itirmiş şəxsi kimsə prezident görmək istəməz.
Ya da, saxta sənədlərlə vaxtından əvvəl pensiyaya çıxdığını etiraf etmək zorundadır. Bu isə fırıldaqçı olduğunun etirafı demək olacaq. Eyni zamanda, qeyri-qanuni yolla imtiyaz qazanmaq kimi cinayət əməli faş edilmiş olacaq.
Üçüncü yol yoxdur.
Beləliklə, sual yaranır: kimdir Cəmil Həsənli: əmək qabiliyyətini bütünlüklə itirmiş "prezidentliyə namizəd", yoxsa "Milli şura"nın fırıldaq yolu ilə vaxtından əvvəl pensiyaya çıxmış prezidentliyə namizədi?!
Nədənsə, C.Həsənli suala cavab verməkdən yayınır. Görünür cavabı əvvəla seçicilər, sonra isə müvafiq səlahiyyətli orqanlar verməli olacaq.
