PDF Oxu

Əsas

  • 28

NÖVBƏTİ QƏLƏBƏ, NÖVBƏTİ TRİUMF!

NÖVBƏTİ QƏLƏBƏ, NÖVBƏTİ TRİUMF!

Əli Əhmədov: "İlham Əliyev xalqın dəstəyi ilə növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək"

Dünən YAP-ın qərargahında prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, ölkəmizdə keçirilmiş prezident seçkiləri artıq baş tutub, seçicilər öz iradələrini ifadə ediblər: "Exit-poll" sorğularının nəticələrinə görə, Cənab İlham Əliyev səslərin 83 faizindən çoxunu qazanıb. Beləliklə, İlham Əliyevin növbəti 5 ildə də Prezident seçildiyini əminliklə söyləyə bilərik".

Yeni Azərbaycan Partiyasının Cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsi üçün geniş bir proqram əsasında ciddi fəaliyyət göstərdiyini qeyd edən Əli Əhmədov onu da bildirdi ki, YAP təbliğat-təşviqat kampaniyası dönəmində ölkənin bütün regionlarında güclü təşviqat aparıb: "Bu kampaniya ərzində seçicilərlə 2500-dən çox görüş keçirilib, görüşlərdə 2 milyondan çox seçici iştirak edib. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, seçki kampaniyası yüksək əhval-ruhiyyə əsasında baş tutub. Bu gün (dünən-red) keçirilən seçkilərdə seçicilərin fəallığı da bundan xəbər verir. Qeyd edim ki, seçkilərdə seçicilərin 70 faizindən çoxu iştirak edib. Bu göstərici, bütövlükdə, vətəndaşların prezident seçkilərinə böyük maraq göstərməsindən xəbər verir. Bunun əsasında isə, Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi yüksək qiymət dayanır. Prezident İlham Əliyevin rəhbərliyi dönəmində Azərbaycan möhtəşəm inkişaf mərhələsi keçib, bütün sahələrdə əhəmiyyətli müsbət dəyişikliklər baş verib. Bu illər ərzində ölkə iqtisadiyyatının 3,4 dəfə artması faktı məlumdur. Bu, bütövlükdə, dünya miqyasında ən yüksək inkişaf templərindən biri hesab olunur. İqtisadiyyatın yüksək inkişaf tempi insanların sosial rifah halının daha da yaxşılaşması üçün etibarlı zəmin yaradıb, hər bir Azərbaycan vətəndaşının həyatında pozitiv dəyişikliklər baş verib. İndi insanlar gələcəyə ümidlə baxırlar. Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirməsinin səbəblərindən biri də bu illər ərzində Azərbaycanın dövlətinin qüdrətinin artmasıdır. Azərbaycanın beynəlxalq aləmdə rolu və əhəmiyyəti daha da artıb, ölkəmiz sürətli iqtisadi inkişafa və daxili mobilliyə malik olan müasir dövlətdir. Digər tərəfdən, ölkəmizdə davamlı və dayanıqlı sabitliyin hökm sürməsi də vətəndaşlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit ölkələrdəndir. Beləliklə, ötən 10 ilin inkişaf təcrübəsinin nəticəsində vətəndaşlar öz seçimlərini əvvəlcədən müəyyənləşdirmişdilər. Bu inkişaf göstəriciləri insanlarda qəti bir əminlik formalaşdırmışdı ki, növbəti 5 ildə də Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında yeni inkişaf mərhələsi keçəcəkdir".

YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, həmçinin vurğuladı ki, seçki kampaniyası tam demokratik, Seçki Məcəlləsinin tələblərinə müvafiq keçirilib: "Hər bir namizədə öz seçki kampaniyalarını həyata keçirmələri üçün bərabər şərait yaradılıb, beləliklə də, namizədlər öz təbliğatlarını sərbəst şəkildə apara biliblər. Amma təbiidir ki, hər bir namizəd onlara yaradılmış imkanlardan istifadə edə bilmədi. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası kampaniya ərzində seçicilərlə 2500-dən çox görüş keçirdi, görüşlərdə 2 milyondan çox seçici iştirak etdi. Özünü Yeni Azərbaycan Partiyasına rəqib kimi təqdim etməyə çalışan "Milli Şura" isə toplam 10-a yaxın görüş keçirə bildi. Beləliklə, fərq ortadadır. Bu fərqin kökündə ən başlıca seçki resursu olan vətəndaşların namizədlərə inamı durur. Hesab edirəm ki, bu göstərici insanların Cənab İlham Əliyevə inam və etibarının ciddi ifadəsidir".

Əli Əhmədov səsvermənin gedişini çoxlu sayda yerli və beynəlxalq müşahidəçilərin izlədiyini də söylədi: "Seçkiləri 100 ölkədən gəlmiş 1400-ə yaxın beynəlxalq müşahidəçi izləyib. Səsvermənin gedişində elə bir ciddi pozuntular olmayıb. Hər seçki məntəqəsində YAP-ın müşahidəçiləri səsverməni izləyiblər. Müşahidəçilərin verdiyi məlumatlar bütövlükdə səsvermə prosesinin normal getdiyi haqda fikir söyləməyə əsaslar yaradır. Doğrudur, müxalifətin bəzi təmsilçiləri tərəfindən səsvermənin normal gedişinə təsir göstrmək cəhdləri olub. Bəzi yerdə bülletienləri götürüb qaçanlar olub, bəzi yerlərdə isə səsvermənin gedişinə maneçilik törətmək cəhdləri müşahidə edilib. Eləcə də, seçki məntəqəsinin ətrafında və daxilində də ayrı-ayrı namizədlərin təşviqatı aparılıb. Amma hesab edirəm ki, çoxsaylı belə hallar müşahidə olunmayıb və bu, bütövlükdə seçkinin ümumi ab-havasına təsir göstərə bilməyib. Seçki normal, sakit şəraitdə keçib ki, ölkəmizdə vətəndaşların iradəsinin ifadə olunması üçün normal şərait təmin olunmuşdur. Hər bir vətəndaşa səsvermək imkanı yaradılıb, hər bir iddiaçıya, namizədə seçki kampaniyasını aparmaq üçün bərabər imikanlar yaradılıb və beləliklə də, Azərbaycan xalqı sərbəst seçim etmək imkanına malik olub və bu imkandan isttifadə edərək siyasi iradəsini ifadə edib".

Əli Əhmədov seçki kampaniyasını işıqlandıran KİV-lərə də təşəkkürünü bildirdi.

Daha sonra YAP Sədrinin müavini KİV nümayəndələrinin suallarını cavablandırdı.

Müxalifətin aksiya keçirmək səylərinin ictimai rəyə təsiri ilə bağlı suala cavabında Əli Əhmədov bildirdi ki, xalqın rəyinə heç nə təsir edə bilməz, Azərbaycan xalqı seçkilərdə öz iradəsini ifadə etdi: "Hesab edirəm ki, hər bir siyasətçi xalqın iradəsinə hörmətlə yanaşmalıdır. Xalqın iradəsinə etiraz etmək qədər səriştəsiz siyasətçi təfəkkürü təsəvvür etmək mümkün deyil. Seçki kampaniyasının gedişində müxalifətin keçirdiyi hər növbəti mitinqdə iştirakçıların sayı daha da azaldı. Bu o deməkdir ki, Azərbaycan vətəndaşlarının az-çox onlara inanmaq istəyən hissəsinin də inamı azaldı. Beləliklə, Azərbaycan vətəndaşları bu cür müxalifəti dəstəkləmək istəmədiyini ortaya qoydu. Xalqın dəstəkləmədiyi müxalifətin nəyəsə nail olması mümkün deyil. Güman edirəm ki, Azərbaycanda sivil siyasi mədəniyyətin yaranmasının vaxtı çatıb. Bu da ondan ibarətdir ki, uduzan məğlub olduğunu etiraf etməyi bacarmalıdır".

Ə.Əhmədov, həmçinin "Azadlıq" radiosunun əməkdaşlarının seçki məntəqələrində çoxlu sayda nöqsanlar aşkarlamasına münasibətlə bağlı suala cavab olaraq qeyd etdi ki, əgər Azərbaycanda seçki məntəqələrində heç bir nöqsan olmasa belə, "Azadlıq" radiosu bir nöqsan uyduracaqdı: "Ona görə də, bu radionun obyektivliyinə inananlar yalnız onun ətrafında olanlardır. Siz dəfələrlə göstərmisiniz ki, ancaq radikal formada özünü göstərən müxalifətin təbliğatçısısınız, obyektiv kütləvi informasiya vasitəsi kimi özünüzü göstərə bilmirsiniz, axtardığınızı görməyəndə onu uydurursunuz. Nöqsanlarla bağlı araşdırma aparmalı olan orqan var. Ola bilsin ki, hansısa kiçik nöqsanlar olub və təbii ki, onlarla əlaqədar səlahiyyətli orqan kimi MSK düzgün qərarlar qəbul edəcəkdir. Amma hesab edirəm ki, ABŞ-dan maliyyələşən internet televiziyası kimi "Azadlıq" radiosu gərək obyektiv olmağı bacarsın, Azərbaycanda bir adamın kampnaiyasının təbliğinə özünü həsr etməsin. Bu fakt təkcə qərəzli olmaq demək deyil, bu, eyni zamanda, başqa bir dövlətin maliyyəsi ilə maliyyələşən bir KİV orqanının Azərbaycanda bir partiyanın, bir namizədin seçki kampaniyasının təşkil etməsi anlamına gəlir. Ona görə də, bu qədər qərəzli və qeyri-obyektiv mövqedə dayanan bir internet televiziyasının guya hansısa seçki məntəqəsində nöqsanların olması barədə dediklərinə inanmaq mümkün deyil".

Əli Əhmədov onu da bildirdi ki, ilkin məlumatlara əsasən, YAP Lideri İlham Əliyev növbəti dəfə qələbə qazanıb: "Xalqın dəstəyi sayəsində İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Keçirilən "Exit-poll"ların nəticələrinə əsasən də, İlham Əliyev seçicilərin 83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan edəcək".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər