Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında nəşr olunmuş "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, mədəniyyət sahəsində çalışan insanlar ölkə başçısının bu sahədə yeritdiyi siyasəti yüksək qiymətləndirir. O, qeyd edib ki, bu kitabın nəşr olunması artıq ənənə halını alıb: "Biz hər beş ildən bir ölkə başçısı tərəfindən mədəniyyət işi haqqında verilən sərəncamların, qərarların və başqa tədbirlərin cəmindən ibarət yekunları kitab şəklində nəşr edirik. 2008-ci ildə qərara gəldik ki, 2003-2008-ci illərdə mədəniyyət sahəsində görülən işləri özündə əks etdirən toplu nəşr edək. Məlum oldu ki, Cənab Prezidentin mədəniyyət sahəsində gördüyü işlər digər sahələrə bərabərdir. Bu, o deməkdir ki, ölkə başçısı Azərbaycan mədəniyyətinə daim diqqət və qayğı göstərir".
Millət vəkili Nizami Cəfərov "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabının əhəmiyyətindən, mədəniyyət işçilərinə verəcəyi faydalardan danışıb. "AzərTAc"ın baş redaktoru Yaşar Quluzadə, Teatr Xadimləri İttifaqının sədri, rejissor Azərpaşa Nemətov, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov və başqaları kitab haqqında fikirlərini bildiriblər.
Qeyd edək ki, iki cilddə tərtib olunmuş ümumilikdə 951 səhifədən ibarət olan kitabda Prezident İlham Əliyevin 5 illik fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, habelə, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanmışdır.
Yeni nəşrlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 2008-2013-cü illəri əhatə edən ikinci Prezidentliyi dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklərin baş verməsi, böyük yüksəlişə nail olunması tam dolğunluğu ilə öz əksini tapmışdır.