PDF Oxu

Əsas

  • 36

Muğam gözəlliyin və məhəbbətin rəmzidir

Muğam gözəlliyin və məhəbbətin rəmzidir

Mehriban xanım Əliyeva: "Muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı

bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir"

Xəbər verdiyimiz kimi, noyabrın 6-da Azərbaycan televiziya və radio günüdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən "Muğam televiziya müsabiqəsi-2013"ün final mərhələsi keçirilib.

Tədbirdə Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu olub.

Vurğulanıb ki, Azərbaycan muğamı professional musiqi mədəniyyətimizin mühüm qolunu təşkil edir. Təsadüfi deyildir ki, bu milli musiqinin bəşəri əhəmiyyətini nəzərə alan UNESCO 2003-cü ildə onu bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərlərindən biri elan edib. Qeyd edək ki, bu cür muğam müsabiqələrinin keçirilməsi bir daha isbatlayır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamlarımıza yeni həyat verib və onun inkişafına, təbliğinə hər zaman yardımçı olublar. Bu mənada bir daha muğam sənətinin inkişafı və fəlsəfəsi haqqında danışmağa ehtiyac yaranır.

Muğam Şərq xalqlarına mənsub milli musiqi

formasıdır

Ümumiyyətlə, muğam Şərq xalqlarına mənsub milli musiqi formasıdır və şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsidir. Eyni zamanda, muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan musiqisinin yeddi əsas muğamı var: "Rast", "Şur", "Segah", "Şüştər", "Çahargah", "Bayatı- Şiraz", "Hümayun".

Muğamlar orijinal mahiyyətinə və öz musiqi xarakterinə görə bir-birindən fərqlənir. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi-nəzəri kitabında muğamların dinləyiciyə aşıladığı əhval-ruhiyyəni belə səciyyələndirir: "Rast"- dinləyicidə mərdlik və gümrahlıq hissi, "Şur" - şən, lirik əhval-ruhiyyə, "Segah"- məhəbbət hissi, "Şüştər"- dərin kədər, "Çahargah"- həyəcan və ehtiras hissi, "Bayatı-Şiraz"- qəmginlik, "Hümayun"- dərin kədər hissi oyadır". Muğamı tarzən (tar), kamançaçı (kamança), xanəndədən (dəf) ibarət trio (üçlük) ifa edir. Azərbaycan xalq çalğı alətlərində solo səslənən muğamlara isə "instrumental muğamlar" deyilir. Əlbəttə ki, Azərbaycan bəstəkarlarının əsərləri öz kökü etibarilə muğamlara bağlıdır. Bu, onların milli özünəməxsusluğunu şərtləndirən cəhətdir. Elə Fikrət Əmirov 1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazmaqla dünya musiqi ədəbiyyatında simfonik muğam janrının əsasını qoydu. Görkəmli bəstəkar və dirijor Niyazinin "Rast" (1949) simfonik muğamı da bu janrda yaradılmış əsərdir.

Bununla yanaşı, qeyd edilməlidir ki, Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları - ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü - şöhrət qazanıb, muğam məktəbi yaradıblar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və başqalarının, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və başqalarının adların xüsusi qeyd olunmalıdır.

Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova XX əsrin əvvəllərində yaşamış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və digərlərinin adlarını qeyd etmək vacibdir. Muğam insan

ruhunu oxşayan unikal bir vasitədir

Muğam sadəcə hansısa bəstəkar tərəfindən bəstələnmiş sadə bir musiqi və ya avaz deyil. Muğam insan ruhunu oxşayan, onun psixologiyasına müxtəlif istiqamətli təsirlər göstərə bilən unikal bir vasitədir. Dərin fəlsəfi məna daşıyan poeziyaya əsaslanan hər hansı muğamı diqqətlə dinləyərkən, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Vahid və başqalarının qəzəllərinin mənası üzərində düşünərkən, insan sehrli bir aləmə dalır, keçirdiyi hisslər həmin muğamın musiqi obrazlarına uyğun gəlir. Bəli, söylənildiyi kimi, bu heyrətamiz musiqi bütün hallarda bizim daxili ovqatımıza təsir edir. O, həmişə yerinə düşür - kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət edib, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olub.

Əlbəttə, muğam ifaçılığının əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır. Lakin mütəxəssislər haqlı olaraq hesab edirlər ki, xanəndənin ustalığı, onun muğam ifa edərkən dinləyicini başqa bir aləmə aparmaq bacarığı da az rol oynamır. Muğam sənətinin ecazkarlığı, sehri məhz bundadır. Burada səsin gözəlliyi çox vacib amildir. Yaxşı deyiblər ki, muğamda dinləyicini ovsunlayan birinci amil ifaçının gözəl səsidir. Ruhu oxşayan ifa dinləyicinin qəlbində ülvi duyğular oyadır, onu xəyallar aləminə aparır, ruhlandırır.

Muğamın əhəmiyyəti söylədiklərimizdən qat-qat artıqdır. Muğamı daha dolğun şəkildə ifadə etmək üçün yeni fikirlər tapmaq getdikcə çətinləşir. Amma bir şey məlumdur ki, muğam bizim həyatımızın, varlığımızın bir hissəsidir. Mehriban xanım Əliyeva muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir".

Yazılı musiqi əsərindən fərqli olaraq, muğam kompozisiyası fərd tərəfindən bəstələnmir, müəyyən mövcud şifahi sxem üzrə yaradılır. Əslində, muğam mücərrəd fikir kimi mövcuddur, ifa edilməyənə qədər o yoxdur. İfaçı muğamı ifa edən zaman bir növ ona nəfəs verir. Muğam nə vaxtsa kimlərsə tərəfindən bəstələnən melodiyalardan ibarətdir. Amma ümumilikdə muğam sənəti anonimdir. Əvvəllər olduğu kimi, indi də yaradıcı istedada malik olan ifaçılar, eyni zamanda, ayrı-ayrı melodiyalar, əsasən təsniflər və rənglər yaradırlar, amma geniş kütlə üçün onları bəstələyən sənətçinin adı bir qayda olaraq qeyri-müəyyən qalır. Beləliklə, xalqın nəzərində bu havaların müəllifi muxtəlif fərdlər yox, xalq özüdür.

Muğam sənəti bizim milli sərvətimizdir

Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu gün də əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilən muğam bir sənət, elm olaraq, daha çox Azərbaycanda inkişaf edib. Bunu muğama yönələn dövlət qayğısı, bu sənətin qorunub saxlanılması və inkişaf etdirilməsi, dünya miqyasında Azərbaycanın milli irsinin incisi kimi tanıdılması yönündə irimiqyaslı layihələrin həyata keçirilməsi söyləməyə əsas verir. Mehriban xanım Əliyeva muğamla bağlı çıxışlarında bildirib ki, Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir: "Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm".

Gözəllik və məhəbbət rəmzi olan muğamın yüksəlişi Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Son 10 ildə aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq, muğam sənəti bir daha dünya musiqi incisi kimi təsdiqini tapdı.

Əlbəttə ki, hər kəs iddia edə bilər ki, muğam Azərbaycanda hər zaman olub. Məlumdur ki, muğam müasir dövrümüzə qədər konsert salonlarından, toy məclislərindən kənara çıxa bilmirdi. İnkar etmirik ki, hələ ötən əsrin 70-ci illərində muğamdan bir sıra dünya şöhrətli kinolarda istifadə olunurdu. Amma burada muğam sənətinin prestijinin qorunub saxlanılması və inkişaf etdirilməsi, eyni zamanda, dünya miqyasında Azərbaycan xalqının milli-mədəni irsinin bir parçası kimi tanıdılmasının səviyyəsindən, görülən işlərin miqyasından danışmaq lazımdır.

Azərbaycan xalqının muğamı Şərq xalqlarının muğamları içərisində özünəməxsus yer tutur. Azərbaycanda muğam sənətinə böyük əhəmiyyətin verilməsi bütövlükdə Azərbaycanın öz muğamına sahib çıxması deməkdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində muğamımız toyxana, kiçik konsert salonları səviyyəsindən çıxarılıb YUNESKO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq status verilib.

Bu gün Avropanın böyük dövlətlərinin, ABŞ-ın bir çox ştatlarının, Yaxın Şərq və Orta Asiya ölkələrinin səhnələrində Azərbaycan muğamı sevilərək dinlənilir və sürəkli alqışlarla qarşılanır. Niyazinin "Rast", Fikrət Əmirovun, sözün həqiqi mənasında, sensasiyaya çevrilmiş "Şur", "Kürd ovşarı", "Gülüstan-Bayatı Şiraz" əsərləri o vaxta qədər mövcud olmayan simfonik muğam janrının ilk nümunələri kimi bütün musiqi dünyasını heyran edib. Təsadüfi deyil ki, son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya və ABŞ-da muğama maraq xeyli artıb, bu ölkələrdə muğamı çox yüksək səviyyədə qəbul edirlər. Görünür, bu fakt onunla izah edilməlidir ki, qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf edib, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilib.

Bu gün Ümummilli Lider Heydər Əliyevin ortaya qoyduğu ideyaların reallaşdırılması, "Muğam Azərbaycanın milli sərvətidir", - deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı, "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq", - söyləyən Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində muğam sənəti yeni inkişaf mərhələsini yaşayır.

Dövlət başçısının Sərəncamı əsasında Beynəlxalq Muğam Mərkəzinin inşası, beynəlxalq musabiqələrin keçirilməsi, kompakt- disklərin hazırlanması, elmi simpoziumların təşkili və eyni zamanda, muğamın YUNESKO səviyyəsində təbliği muğama olan marağı artırır, insanların, xüsusilə də, gənc nəslin muğama münasibəti yaxşılığa doğru dəyişir.

Muğamı təbliğ etmək hər birimizin mənəvi

borcudur

Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın söylədiyi kimi, təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.

"Səs" Analitik Qrupu

Digər xəbərlər